Statusumuzu müdirimiz görəndə
Vüsal Hacıyev tərəfindən "Esse" bolməsinə 12:54 13 may 2014 tarixində əlavə olunmuşdur

Səni düşünməyimə peşmanam ona görə yox ki, pəncərəsini skoç əvəzləyən avtobusla gedirəm, ayağımı tapdalayan insanların üzrlərini sayıram. Gediş haqqımı ödəyəcəyini əvvəlcədən bildiyim halda, dostumun yanında iki on qəpiyi bir-birinə vuraraq ritm tuturam. Pulu ödəyəndə üzümün yalançı etiraz mimikalarını şelfie edib facebookda paylaşmaq, belə, ürəyimdən keçir.

İçəri nə qədər basabas olsa da, sürücülər nədənsə avtobusun mərkəzində  həmişə boş yer olduğuna inanırlar. Mən isə səni düşünə-düşünə avtobus qapıları arasında güclə özümə yer tapdığıma sevinir, həm də  bir iki dayanacaqda konduktorluq da edirəm.

Səni düşünməyimə peşmanam ona görə yox ki, Kapital bankdan  Mərkəzi  banka olan yeraltı keçiddən istifadə etməmişəm. Buna görə 20 manat cərimə olunmağım bir yana, həm də bir müxbirin reportajı üçün göydən düşmə “şans” olmuşam. Üstəlik müxbir mənə “Niyə keçiddən istifadə etmirsiniz?”- sualını verdikdə bir anlıq elə bildim bütün keçiddən istifadə etməyən insanların adından cavab verməli olacam. Cünki, bilirdim, bu nagahan qarşıma çıxan  müxbir səbr edib məndən sonra başqa insanları çəkməyə cəhd etməyəcək.

Səni düşünməyimə peşmanam ona görə yox ki, yeni müdirimiz  tez-tez  iclas keçirməyi sevir. Mən isə ona müraciət edəndə əvvəlki müdirin adını çəkirəm. Hər dəfə də buna görə acıqlanır və köməkçisinə tapşırır ki, kabinetin üstündəki yazını çıxartsınlar.

Səni düşünməyimə peşmanam ona görə yox ki, masa arxasında ayaqlarını yellədən insanların sayına mən də daxil olmuşam.

Səni düşünməyimə peşmanam ona görə yox ki, bu gün mühasib məni maaşımı almağa çağırdı və çox sevincli idi, çünki bir sürü cərimələrim olduğundan xəbəri vardı. Üstəlik yeni müdirin məni televiziyada  qaydalar pozan sakin kimi təqdim edilməyimi görmüşdü. Düzdü, mən orada kameranı və müxbiri görəndə qeyri-iradi olaraq keçidlərin və körpülərin çoxalmasının müsbət tərəfləri haqqında xeyli ağıllı-ağıllı danışmışdım deyəsən müxbir mənim dediklərimi kadr arxası mətn etmişdi. Nə isə bu ay bir neçə səbəbdən maaşımdan tutdular.  Həm də müdirimiz facebookdakı statusumu da bəyənməmişdi bunun da  təsiri var idi deyəsən. Bilirəm siz də həmin statusla maraqlandınız. Sizə deyəcəm amma paylaşmayın düşəri-düşməzi olar .

“Demokratiya –yalnız hər kəsin günahkar olduğu vaxt mümkündü”

Səni düşünməyimə peşmanam ona görə yox ki, evdə səni xatırladacaq heç nə olmadığı halda həmişə saçlarından ətri gələn şampunu, Televiziya reklamlarında aktirisalar arxalarında gizlədirlər..

Səni düşünməyimə peşmanam ona görə yox ki, yuxusuz gecələrimin sırasına bu günü də əlavə edirəm, baxmayaraq ki tv-də aparacıların ağız dolusu təriflədiyi yuxugətirici dərmanlardan qəbul etmişəm.

Səni düşünməyimə peşmanam ona görə yox ki, Dekart Rene deyir ki “düşünürəmsə demək yaşayıram” ona görə ki səni düşündükcə yaşadığımı hiss etmirəm...


... dəfə oxunub
Qiymət: 8/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
1+30=
Hesaba giriş
Müəllif

Vüsal Hacıyev
Haqqında
Jurnalist
Əlaqə
E-mail:
vusal_hacili@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0216 saniye