Çağdaş dünyamızda texniki tərəqqi elə bir geniş vüsət alıb ki,bu,elm və təfəkkürü tamamən kölgədə qoyub. Bu qədər sosial şəbəkələşmə,bu qədər xəbər və informasiya portalları, hər bir məlumatın qısa zamanda əldə olunması,dünyaya sərbəstliklə açılım fonunda nədən indiki zamanın aydınları,ziyalıları,yazarları yüz il əvvəlkiləri kölgədə qoya bilmir? Yox,yox kölgədə qoymaq bir yana,hətta, bəzi kompanentlərdə öncəkilərə çatmaqda belə aciz qalır. Norveçli özünə yeni Knut Hamsun axtarır, İngilis dörd əsrdir yeni Şekspir gözləyir, Amerikalı müasir ölkəsində Mark Tven kimisinin olmamasından gileylənir...
Bəli,sürətli texniki inkişaf var.Fəqət bu səs-küylü, rəngarəng kainatda bir sükut hökm sürür.Bu sükunət müdriklərin hikmət dolu fikirlərinin xiffətini çəkir. Əli bəy Hüseynzadədən, Əhnəd bəy Ağaoğlundan,Əlimərdan bəy Topçubaşidən oxuduqdan sonra bu qənaətə vardım ki,demə,dahilər fırtınalara bənzər zamanda daha mükəmməl yetişirmiş. Ağır zamanlarda,çox nəsnələrın qıt olduğu dönəmlər daha çox müdriklər meydana çıxırmış. Zalımların zülmü ərşə dirənən zaman üsyankar şairlər geniş zəkaları ilə qaranlıqlara şölə saçarmış.Bu yerdə Nəsimini anmamaq günah olar. Qəzəllərində dövrün nə qədər acımasız olduğunu,bu səbəbdən doğruların haqqda təcəlla etməsini və ondan qeyri hər şeyin keçici və etibarsız olmasını aydın görmək olur.Bizdə altı əsrdir ki, yeni Nəsimi sorağındayıq,eynən ingilis Corcun Şekspiri axtardığı kimi...
İnsanlar üç cür olur deyərlər- birincilər bir baxışla hər şeyi anlar, ikincilər deyərsən, sözlə anlar,üçüncülər isə nə sözə,nə gözə baxar, gözü yalnız közdə qaynayan qazanda qalar. Bəli, kainatda bir müdriklik,bir zəka,bir idrak qıtlığının sükunəti hökm sürür.İndi bu, zalım dünyada gur çıxan məzlumların başına yağan mərmilərin səsidir,indi əxlaq və dəyər aləmini sükunətə boğan ləyaqətsizlərin xırıltılı səsidir.Bu səs,bu pis qoxulu nəfəs fəlakətlərin təməl daşıdır...
Sükutdur,həm də üzücü bir sükut.Kitab evləri oxucusuz sükut edir,barmaq sayı olan alim dinləyicisiz sükut edir,müdriklər səhralarda dərviş kimi sükut edir,kamil olan biri isə,zamanın bu köndələn gedişinə baxıb uzun bir sükunətə qərq olur.Avazı kəm,düşüncəsi dayaz isə bayağı fikirlərlə can sıxmağındadır...
Allah bizim sükunətimizi irfan sahiblərinin qəlbə yatım,könüllərə yaxın səsi ilə pozsun...