4-ci sinifdə oxuyan Arzu hər dəfə velosiped sürən uşaqlara baxarkən gözləri dolurdu. O da istəyirdi bu uşaqlar kimi velosipedi olsun. Amma mühafizəkar anası qız uşağı üçün bunu çox böyük ayıb sayaraq hər dəfə Arzunu danlamaqda, başına ağıl qoymaqda idi. Anasını anlamaq istəsə də, alınmırdı. Yuxuya getməmişdən öncə gözlərini tavana zilləyərək özünü velosiped sürərkən xəyal edirdi. Qəlbinin dərinliklərində çırpındıqca çırpınan istək! Arzu eyvandan velosiped sürən qız-oğlanlara baxaraq göz yaşları içində gülümsəyirdi.
Arzunu tanıyan-bilən uşaqlar onun istəyini bildikləri üçün öz velosipedlərindən qısa müddətlik istifadə üçün ona verərkən qızın sevincinin həddi-hüdudu olmurdu. Digərlərinə nisbətən zəif sürürdü, amma olsun. Yavaş-yavaş öyrənəcək. Anası 2-3 dəfə qızın bu halını eyvandan izləyərək əsəbi səsini qaldırıb Arzunun evə gəlməsini əmr edirdi. Divanda əyləşən ana qızına heç bir söz demədən ona baxırdı. Qızcığaz bu baxışlar altında əzilirdi az qala. Azad olduqda üzünə soyuq su çırpırdı. Daha sonra yatağında uzanırdı.
Atası ilə anasının yolları 2 il əvvəl ayrılmışdı. Hər gün zəng vurub Arzusu ilə doyunca danışardı. Qızının gizli istəyini keçmiş arvadından güclə öyrənərək sürpizini etməyə qərar verdi. Baxmayaraq ki, qızının anası buna qarşı çıxırdı.
Arzu məktəbdən gələrkən atasını maşınının qarşısında söykənən vəziyyətdə görcək sevincini gizlətmədən qaçaraq qucağına dırmaşdı. Ata-bala bir-birlərini doymaq bilmədən öpürdülər.Və sürpriz!!!
Artıq Arzunun da velosipedi vardı. Hər gün anasının ona qoyduğu vaxt məhdudiyyəti çərçivəsində uşaqlarla birgə sürürdü...