Sürü (Bir Qoyunun Etirafı)
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 19:09 07 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Xəbəriniz var ya yox, bilmirəm, amma mən əvvəllər qoyun idim. Bəli, sürüdə otlayan adi qoyun. Onlardan heç bir fərqim yox idi. Mən həmişə sürüdə pis qoyun olmuşam. Həmişə nədənsə narazı idim. Fərqli yaşama, fərqli yola meylim vardı. Mən başqa qoyunlar kimi eyni yolla getmək istəmirdim, eyni otlaqda otlamaq istəmirdim. Buna görə, sürünün məndən zəhləsi gedirdi. Elə çobanın da. Mən sürüdən ayrılıb başqa yerdə otlayanda hirslənirdi. Əlindəki çomaqla dalıma vura-vura məni sürüyə qatırdı.

Mən o vaxt balaca idim. Heç nəyə gücüm çatmırdı, qorxurdum. Mən necə sürüyə, itə, keçiyə, Çobana qarşı çıxa bilmirdim! Bu təklükəli idi. Mənim axırım heç yaxşı olmazdı. Mən tək heç nə edə bilməzdim. Ancaq təklik –zəiflər üçün deyil. Məni tənhalıqdan başqa heç nə gözləmirdi.

Çoban bizim sayəmizdə yaşamını təmin edirdi. Sürü varsa, çoban vardı. Çoban bizi kötəkləməyi sevirdi. O bizi sevmir, bizdən istifadə edirdi – məlum məsələ. Ehtiyacı olanda ya bizi satırdı, ya da özü kəsirdi. Bəli, insafsızca kəsirdi. Deyirlər, insanların belə bir bayramı var –Qurbanlıq. Analar-atalar heç vaxt insanların bu dini bayramını sevməzdilər. Balaca vaxtı olanda görürdüm ki, sürüdən bəzi qoyunları aparırdılar. Onlar böyük idi. Və heç vaxt geri qayıtmırdılar. Mən bir dəfə anamdan soruşdum ki, niyə onları aparırlar? Anam susurdu, cavab vermək istəmirdi. “Niyə onlar geri gəlmirlər?” Axırda anam dedi ki, onlar başqa sürüyə qoşulublar. Sonradan bildim ki, balaca və qorxa biləcəyimi nəzərə alaraq məndən həqiqəti neçə illər gizlədiblər. Gedənlər artıq ölüydülər.

Yavaş-yavaş böyüyürdüm, həyatı az-maz dərk edirdim. Bir dəfə çoban bizi otaranda –yolun kənarıyla gedirdik – birdən atam anama dedi ki, uşağın üzünü o tərəfə çevir ki, görməsin. Anam tez mənə dedi ki, o tərəfə bax, o tərəfdən get. Mən anlamadım və gözucu ilk dəfə ölümü gördüm. Bığlı, cüssəli bir kişi əlində bıçaq, bizdən birini ayağından asıb dərisini soyurdu. Elə mənim bitməz-tükənməz suallarım bununla başladı..

Zaman tez keçdi, mən də tez böyüdüm. Qoyun da olsam başa düşürdüm ki, bu yaşananlar, gördüklərim doğru deyil, ədalətli deyil. Biz niyə belə olmalıyıq? Niyə hər şeyə boyun əyməliyik? Niyə birlik gücümüz yoxdur? Özümüz –özümüzü idarə edə bilmərik?

Adətən, atama deyirdim:

-Ata, qoyun yaranmışıq deyə, qoyun olmalı deyilik! Belə gəldik, belə getməmə-liyik. Niyə Çoban bizi otarmalıdır? Biz öz yolumuzu, öz otumuzu tapa bilmərikmi?

Atam da deyərdi:

-Oğlum, belə danışma. Bunlar təhlükəli sözlərdi. Bizim yanımızda danışırsan, başqa yerdə danışma. Biz sadəcə, qoyunuq. Əlimizdən başqa heç nə gəlməz.

-Amma onların əlindən hər şey gəlir! Ata, güc əzələdə, ya da dişdə deyil. Güc ağıldadır. Gücün girmədiyi yerə ağıl girir. Ağılımızı işlədək. Necə yaşadığımıza qıraqdan baxsaq, özümüzün necə göründüyünü biləcəyik. Biz qorxuruq başqa cür yaşamaqdan, ən əsası başqa cür olmaqdan.

Atam dedi: -Sən nələr danışırsan, oğlum! Bunları hardan öyrənmisən, kim sənə deyir? Belə danışma. Biz bu cür yaranmışıq. Başqa seçimimiz yoxdur.

-Seçim var, ata. Biz dəyişməliyik. Gözümüzü açmalıyıq, yuxudan oyanmalıyıq. Biz qoyun qaldıqca Çoban bizi otaracaq da, satacaq da, kəsəcək də, yeyəcək də. Özün fikirləş, məni böyütmək üçün nələr çəkmisiz!Həyatımız riskdir. Gör nə qədər ətrafımızda atasız-anasız uşaqlar var. Onlar üçün biz adi qoyunuq. Qorxuram ki, ata, anamla sən də bir gün “gedər-gəlməzə” gedərsiz.

Atam daha heç nə demədi və məni qucaqladı.

Başqa qoyunlar kimi atamın həyatı da çobandan, sürüdən və qəssabdan ibarət idi. Bunlardan kənarda bir dünya, bir həyat təsəvvür edə bilmirdi. Elə çoxluq kimi, özündən əvvəlkilərin köhnə düşüncəsinin qurbanı oldu...

Bir gün çoban bizim bədənimizə qırmızı boya sürtdü. Hamıya yox, əlbəttə ki. Qırmızı boyalı qoyunların arasında mənim valideynlərim də vardı. Bu nə oyundu anlamırdım. Bu qırmızı rəng nə üçün idi, nəyə işarə idi? Bilmirdim. 15 gün sonra başqa çoxbilmiş qoyunlardan öyrəndim ki, işarələnmiş qoyunlar QURBANlıq idi. Gec öyrənmişdim. Və onları apardılar. Atamın da, anamın da arxalarıyca mələyərək səslədim ki,” məni tək qoyub hara gedirsiz? Getmiyin!”. Məndə uzaqlaşaraq dedilər ki, “Cavansan, mənim balam, sən yaşamalısan, bizim kimi olmalı deyilsən. Oğlum, mənə dediklərini həyata keçir, qurtul bu sürüdən. Bizim üçün artıq gecdi. Sən bunu bacarmalısan”. Bu, onların son sözləri oldu. Mən onların arxalarınca mələyə-mələyə ağladım. Atamla anamı bir də heç vaxt görmədim.

***

Artıq mənim də vaxtım çatmışdı. Ölmək yox, cütləşmək vaxtı. Mən biriylə cütləşməli idim -sürü belə düşünürdü. Bu, həmçinin Çoban üçün də vacib idi. Nəsil artırmalı idim. Amma mən bunu kiməsə görə etmək istəmirdim. Mən sürünü daha da çoxaltmaq, ömrünü uzatmaq istəmirdim. Mən sürüdən qurtulmaq və azad olmaq istəyirdim.

Çoban mənə dişi qoyun tapdı. Biz cütləşməli idik. İnsanlar sevişir eşitdiyimə görə, biz heyvanlar isə cütləşirik. Və onu qırağa çəkib dedim:

-Əzizim, mən heyvan kimi cütləşmək istəmirəm.

Dişi qoyun təəccübləndi:

-Necə yəni? Biz heyvanıq, cütləşməliyik, artmalıyıq.

-Kimə görə? Niyə görə? Nəyə görə bu vacibdir?

-Bu nədi qəribə suallar verirsən!?

-Başa düş, biz burdan qaçmalıyıq. Xilas olmalıyıq!

-Axı niyə? Biz xoşbəxtik.

-O sənə elə gəlir! Sən elə hiss edirsən. Həqiqəti, acını hiss edəndə belə deməyəcəksən. Elə bilirsən, çobanın tütəyindən çıxan şirin laylalar və ləzzətli otlar səni xilas edəcək?! Əvvəl-axır yerimiz qəssabxanadır.Qoyun kimi yaşayıb, qoyun kimi öləcəyik.

Bu qoyun qız heç nə başa düşmürdü cütləşməkdən başqa. Hamı cütləşir, nəsil artırır, o da cütləşib nəsil artırmaq istəyir. Hamı eyni yerdən otlayır, o da eyni yolla gedib eyni yerdən otlayır. Amma o, bu müqəddəs sualı özünə verib düşünməmişdir: “NİYƏ?”. Niyə bunu etməliyik? Niyə bu cür yaşamalıyıq? Niyə beləyik? Niyə belə düşünürük?

Onunla cütləşmədim, qaydanı pozdum. Düzdür, gözəldi, qəşəng piyli dalı vardı, amma mənlik deyildi. Mən şüursuzca nəsil artırmaq istəmirdim. Cinsi orqanımdan çox, ağlımı daha çox işlətmək istəyirdim. Qız da məndən uzaqlaşdı. Bir xeyli getmişdi ki, erkəklərdən biri ona yaxınlaşdı və ağacın dibindəcə cütləşməyə başladılar. Mənsə qıraqdan onlara baxıb öz-özümə: -“Allahın qoyunları!- dedim.

Yeri gəlmişkən deyim ki, biz qoyunların tanrısı Çoban idi. Gözümüzü açandan o bizi otarır və yemləyirdi. Biz ona şükr etməli, ona minnətdar olmalıydıq. Lakin əvvəl-axır öz qarnı üçün bizi satmalı olurdu Çoban. Polisimiz it idi, dindarımız keçi. İt həmişə bizi qoruyur, hürür və qapırdı. Keçimiz isə inadcıldır. Bizdən güclüdür və üstün görünməyə can atır. Onlar sürünü otarmaqda Çobana kömək edirdilər, vəssalam.

Vaxt keçdikcə anlayırdım ki, belə davam etməz. Bu qoyunların hamısı sürüyə qoşulub gedir və heç nədən xəbərləri yoxdu. Çoban, it və keçi onları əməlli-başlı otarır qoyun kimi, qoyunlar isə susurlar və hətta onları sevirlər. Düşünürlər ki, belə də olmalıdır, onlarsız yaşamaq olmaz.

Məndən başqa. Mən belə deyildim. Bilirdim ki, məndən əvvəlkilər kimi mənim də başım cəllad qəssabın bıçağının altında kəsiləcək. Belə yaşamaq və ölmək istəmirdim. Buna “dayan” demək lazım idi. Ancaq bu gerçəyi də unutmaq lazım deyildi: mən sürünü xilas edə bilmərəm. Oyanan oyanacaq, yatan yatacaq. Mən özümü xilas edə bilərəm – yəqinliklə özümə dedim.

Gördülər ki, mən üsyankaram, onların dediyini eləmirəm və məni vaxtından tez kəsməyi qərara aldılar. Dedilər ki, bu qoyunun onsuz da bizə xeyiri yoxdu. Ancaq otlayır, nəsil artırmaq istəmir. Onda anladım ki, özümü xilas etməyin vaxtı çatıb. Ya öləcəkdim, ya azad olacaqdım. İkisindən birini seçməliydim. Əlbəttə ki, azad olmağı seçdim. Məni varlı bir adama ziyafət üçün hədiyyə kimi bəzədib aparanda da azadlığa can atırdım boynuma bağlanmış ipə baxaraq. Mən qaçmalıydım.

***

Dəqiq bilmirdim hardayam. Axşam idi. Maşının baqajına basıb məni bura gətirmişdilər. Ətrafda yaşıllıq, çoxlu ağaclar, bahalı otellər və fəvvarələr vardı. Ağaca iplə bağlanmışdım. Gözləyirdim ki, məni nə vaxt kəsəcəklər. Varlı məmurların, vəzifəli şəxslərin qəhqəhələrini, ucadan danışıqlarını eşidirəm. Arada qadınların da kef məclisində həyasız gülüşləri eşidilirdi. Bir azdan bu acgöz adamlar məni fahişələri ilə birlikdə yeyəcəklər. Mən kədərləndim və qorxdum.

Tez ipi dişimlə gəmirməyə başladım. Tezcə canımı qurtarmalıydım ondan. Köpək dişimlə tutub, kəsici dişimlə ipi kəsirdim. Amma ip bərk idi. Mənim dişlərim ota öyrəşmişdi, kəndirə oxşayan ipi kəsmək çox vaxtımı alacaqdı. Uzaqdan isə mənim cəlladlarımın səsləri eşidilirdi. Məni kəsməyə gəlirdilər, mən də ipi kəsirdim.

Onlar gəlirlər, mən ipi kəsirəm. Onlar yaxınlaşırlar, mən tez-tez gəmirirəm. Mən dişimlə kəsirəm, dartıram ipi, onlar əllərində bıçaqla lap yaxındalar. Və nəhayət, ip qırıldı və mən qaçdım.

Arxadan səs-küy, danışıqlar eşdilirdi, amma mən adamların dediklərini anlamırdım. Beləcə meşəliyin qaranlığında qaça-qaça yoxa çıxdım. Təhlükədən uzaq olsam da, elə bil harasa gecikəcəkmiş kimi tələsirdim.

Qaçışımdan aylar keçdi, mən dəyişirdim. Yaşamaq üçün ot tapıb yeyə bilirdim. Amma çox çətin, ağır həyat yaşadım uzun müddət. Arıqlamışdım xeyli. Sürüylə yaşamaq daha asandır, nə var elə yaşamağa! Bəs tək-tənha yaşamaq, həyatda yalnız özünə güvənmək – bax, bu başqa məsələ. Lakin yenə qəlbində bir sızıltı hiss edirsən. Sürüdən ayrılmışdım, yenə də darıxırdım yaxınlarım üçün. Bunu bilirdim ki, bu psixoloji bağlılıq mənə kömək etməyəcəkdi. İndi mənim nə onlara, nə də onların mənə ehtiyacı vardı. Tək başımaydım. Bu, qorxudurdu məni. Öləndə tək ölmək hamını qorxudur, lakin ən sonda hamı tək ölür.

Bayaq dediyim kimi, aylar keçmişdi, çox dəyişmişdim, tək-tənhaydım. Elə günlərim oldu ki, su, ot tapmadım. Çox məhrumiyyətlərə dözdüm. Kömək edənim, təsəllim yox idi. Yolları avara-avara gəzirdim məqsədsiz. Həyatın sərt üzüylə üz-üzə müdafiəsiz qalmışdım. Güvənə biləcəyim heç kimim və heç nəyim yox idi. Elə bu an, ümidimin son damlasında zibilxananın yanından keçəndə bir kitab gördüm. Bu, Nietzsche’nin “Zərdüşt”ü idi. Kitabın adını eşitmişdim, amma oxumamışdım. Bu nə kitab idi? Qoyun da olsam, kitabın səhifələrini dilimlə vərəqləməyə, mal-mal bax-mağa başladım. Çox maraqlı və anlaşılmaz sözlər yazılmışdı. Bir az oxudum “sürü” sözünə rast gəldim. Oxuduqca xoşuma gəlirdi və birdən məni yuxu apardı...

Səhər açıldı. Günəş parlaq və ümidverici idi. Ətrafda heç kim yox idi. Zibilxananın yanında yatıb qalmışdım. Küçə pişiyi əlimi yalayırdı. Birdən ayıldım. Əlimlə pişiyi qovdum. Gördüm ki, əlim öz əlim deyil. İki əlim də insan əlinə oxşayır. Uzun qolum, böyük əlim və barmaqlarım var. Şoka düşmüşdüm. Bədənim, ayaqlarım qoyun idi. Əlimlə başımı yoxladım, heç bir dəyişiklik yox idi. Bu nə möcüzə idi?

Kitabı daha diqqətlə oxumağa başladım. Günlərlə oxudum, oxudum. Nəsə yavaş-yavaş dərk etməyə başlayırdım. Sözlərin mahiyyətini başa düşdükcə məndə hiss olunan dəyişikliklər baş verdi. Ayaqlarım, bədənim deformasiyaya uğradı, insaniləşdi. Vaxt ötdükcə insana bənzəməyə başladım. Onlarla mənim aramdakı fərq azalırdı. Axşama yaxın dünənki yağışdan qalan gölməçədən su içərkən özümü gördüm: başım insan başı olmuşdu.

Qısacası, az yeyib çox oxumağa başladım. Zibilxanadan tapdığım kitablar məni daha çox insana çevirirdi. Təkcə fiziki yox, mənəvi cəhətdən də insan olmağa çalışırdım. Artıq insanların dillərini başa düşə bilirdim. Onlar kimi yeyirdim, düşündüklərimi sözə çevirə, insan kimi dik gəzə bilirdim. Və insan kimi düşünürdüm en vacibi. Mən İNSAN olmuşdum.

***

Bu,metamorfoza idi. Mənim qoyundan insana çevrilməyimin hekayəsi buydu. Mən insan kimi yaşamağa başladım. Anladım ki, təkəm, xilas olsam da, təkəm. Mənim başqa xilas olmuşlara ehtiyacım var. Onları xilas etməliyəm. Mənim azad olmağımla başqaları azad olmayacaq. Mənim xoşbəxt olmağımla başqaları xoşbəxt olmayacaq. Mənim öz azadlığımı və xoşbəxtliyimi bölüşmək istəyim var. Mən fikirlərimi bölüşməliyəm. Yuxu adamın yorğunluğunu götürsə də, yuxunun artığı ölümə bərabərdir. Qoyunlar çox yatdılar. Onlar ölə bilərlər. Ölməmiş onları oyatmalıyam. Bunu təcili etməliyəm, yoxsa gec olacaq. İndi bunu etməyə gücüm var. Mən azad insanam. İnsan olmaq istəyənləri sürüdən xilas etməliyəm.

Mən dərin yuxudan oyanmış bir peyğəmbər kimi qayıtdım sürüyə. İnsan olmuşdum və onlar məni tanımadılar əlbəttə ki. Mən onları anlayırdım, onlar məni yox. Çox danışdım, qoyun kimi baxdılar üzümə. Axırda sürüyə ucadan səsləndim:

-Sizin getdiyiniz yolun sonu uçurumdur. Sizi otarırlar. Həyatınız sudan, otdan və cütləşib nəsil artırmaqdan ibarətdir. Sizdə ali bir məqsəd, ilahi bir şey yoxdu. Bir gün, bir gün uçurumla qarşılaşanda onu keçmək üçün qanadınız olmayacaq. Çünki qoyunların yox, insanların qanadları olur.

Sizin öz düşüncəniz yoxdu. Sizə yeridilmiş saxta, uydurma və ölü fikirlər var. Siz ümumi qəbul olunmuş fikirlərin itaətkar kölələrisiz. Niyə hamı kimi fikirləşdiyinizi düşünün. Görəcəksiz ki, fərqli deyilsiz, çoxluğun içində batıb gedirsiz.

Sizə öyrədilən hər şey yalandı və heç bir əsası yoxdu. Çoxluq eyni yolla gedir deyə, dostum, sən düşünürsən ki, bu düz yoldur. Sənin öz yolun yoxdu, sən yalnız başqalarının tapdayalıb keçdiyi yolu gedirsən. Sənin ayaq izin çoxluğun içində seçilməz. Gedilməmiş yolu get!

Sizlərin dindar keçiniz, polis itiniz var. Onlar sizə nəzarət edir ki, sürüdən bir qoyun ayrılmasın. “Hamı necə, sən də elə!” –bu sürünün yazılmamış qanunudur. Beyninizi dini-xürafatla, qanunlarla doldurublar. Hamısını Çoban özü yaradıb ki, sizi yaxşı otarsın, öz yaşayışını təmin etsin. Sürü yoxdusa, onlar da yoxdu –anlayın bunu artıq!

Bu sözlərdən sonra keçi və it üstümə hücum çəkdilər. Tez ağaca çıxdım ki, məni öldürməsinlər. Sürü mənə kinli-kinli baxırdı və heç nə anlamırdılar. Yəni bu qədərmi kar və kordular!? Ağacdan möhkəm yapışıb ağaca kəllə vuran Keçiyə, ağaca dırmaşmağa çalışaraq hürən itə və sürüyə baxırdım. Onlar imkan vermirdilər mən sürünü oyadım, gözlərini açım. Mən canavar kimi sürüyə girib onu dağıtmaq istəyirdim. Amma onlar məndən güclü idilər. Mənim gücüm yalnız sözdəydi. Mənim başqa silahım yoxdu. Mən onlara onların silahı ilə müqavimət göstərə bilmərəm. Hətta sürüdəki qoyunların da hamısını xilas edə bilməyəcəm. Onların çoxu mənim cəld ağaca dırmaşmağımı qorxaqlıq bilib gülüşürdülər. Öz-özümə dedim: “Yəni mən bu qoyunlara görəmi həyatımı təhlükəyə atıram?”.

Keçi donquldandı:

-Sən kafirsən, dinsiz! Dinə qarşısan? Deməli, axmaqsan. Bizim qaydalarımızı, dinimizi məhv etmək isəyirsən?! Sən əxlaqsızsan, bizim əxlaqımızı pozursan.

-Keyfiyyətsiz şeylər tez pozulur, xarab olur.

-Kəs səsini! Küfr danışma. Sən şeytansan, Allahın yolundan çıxmısan. Sən kimsən ki, bizim əxlaqımızı tənqid edirsən, pis yola çəkirsən!

-Mənim adım Anonimdi.

-Nə?! Anonim? Bu nə gic, mənasız addı!

-Özümün gic və mənasız olmağımdansa, adımın bu cür olmağı yaxşıdır.

-Sənə bir kəllə ataram hamilə qalarsan, - keçi hirsləndi.

İt də burdan hürməyə başladı:

-Sən qanunun əleyhinə gedirsən. Ehtiyatlı ol! Yoxsa sən özünü böyük zibil hesab edirsən?

-Bu cür böyüklükdə sizə çatammaram.

-Danış, danış, axmaq uşaq. Sən hələ dövləti tanımırsan. Səni arvad eləyər, anan belə tanımaz! Başa düşdün?

Anonim bu cür davam edən təhqir və hədələrə susaraq cavab verdi. Onun işi it və keçiylə deyildi. Onlara qarşı vuruşmaq mənasızdı. Onun hədəfi sürü idi ki, heç olmasa ona inanan, sözlərini başa düşənlər olsun. Anonimin sözü hamı üçün deyil, hər kəs üçündür.

Sürünün başında duran Çoban kinayə ilə gülərək Anonimə dedi:

-Hə, Anonim, sən səhv düşünürsən, uşaqsan. Hələ özünü tapmamısan, təsir altındasan. Bir ətrafına fikir ver, sənin kimi düşünən yoxdur. Sən təksən. Əgər dediklərin yaxşı və doğru olsaydı, sənin kimi düşünənlər çox olardı.

-Bəziləri dediklərimin çoxunu qəbul edəcək, bəziləri də azını. Heç kim mənim sözlərimi tam qəbul edə və bütövlükdə inkar edə bilməz.

-Niyə? Bəlkə sən peyğəmbər-zadsan?

-Yox, peyğəmbər deyiləm. Amma sizin kimi çoban da deyiləm. Mənə otarmağa qoyun yox, inanıb, dost ola biləcəyim insan lazımdı.

Çoban mırıldayan itini və mələyən keçisini yanına çağırdı və mən ağacdan düşdüm. Çoban mənə dedi:

-Biz humanist adamlarıq. Görürəm sənin dostun yoxdur. Bizə dost haqqında danış.

Anonim danışmağa başladı:

-Mənə deyirsiz ki, sənin heç dostun yoxdu? Siz bu sualı verəndə gözlərinizə diqqətlə baxıram: mənə yazıq kimi baxırsız. Elə yazıq kimi baxırsız ki, az qala mənim sizə yazığım gəlsin.

İnsana ən yaxın dost elə insanın özüdür. Səni səndən başqa kim anlaya bilər? Kim sənin qəlbində gizlətdiklərini bilə bilər? Kim səni səndən çox sevə bilər? Kim bezmədən səni susaraq musiqi kimi dinləyə bilər? Kim? Kim edə bilər bunları?

Cavab: Özündən başqa heç kim. Əsl dost sən özünsən.

Mənə tənhalığıma görə yazığınız gəlir. Məndən soruşursuz ki, sənin dostun yoxdur? Cavab verirəm ki, var.

Mənim dostum, yıxılana gülən deyil, ona kömək əlini uzadandı.

Mənim dostumun leksikonunda qız üçün “quş”, “qəhbə”, “fırlatmaq”, “bişirmək”, “tutmaq”, “sataşmaq” sözləri yoxdu. Dostum ancaq sevməyi və tanış olmağı sevir.

Dostum qadını əxlaqlı və əxlaqsıza ayırmır. Qadını qadın olduğu üçün sevir.

Mənim dostum tənhalığı ən yaxın dost bilir. Çünki tənhalıq adamı düşündürür və sən özün olursan.

Dostumun tanrısı Sevgi, dini tənhalıqdı.

Mənim dostumun təbəssümü saf və məsum, şeytan kimi müdrik və cəzbedicidir.

Dostum insanla yox, təbiətlə harmoniyadadır. O, təbiəti insandan çox sevir.

Dostum insana allahdan daha çox dəyər verir. Qısacası, allah insanı yaratmadı, insan allahı və allahları yaratdı.

Mənim Dostum inanmır, düşünür.

Anonimin dost haqqındakı nitqini bütün sürü eşitdi. Çoban iti və keçini üstümə buraxdı. Yenə qaçıb ağaca çıxdım. Çoban sürüyə üzünü tutub dedi:

-Baxın, ey mənim xalqım, bu adam dəli olub, nə danışdığını bilmir. Deyir ki, qadını əxlaqlı və əxlaqsıza ayırmaq olmaz. Deyir, Allaha məxsus olan tənhalıq insana məxsusdur. Bu adam şeytana müdrik deyir, onu tərifləyir. İnsanı Allahdan üstün tutur bu kafir. Bu şeytanın əlamətidir. Deyir, heç nəyə inanmayın. Bu adam Dəccaldı. Bu dinsiz bizim inancımıza, qaydalarımıza, mentalitetimizə qarşı çıxır, onu dağıtmaq istəyir.

Sürü yenə Anonimə acıqlı-acıqlı baxmağa başladı. “Bu ölülər mənim sözlərimə min cür don geydirib, öz səfeh düşüncələrinə görə yozacaqlar. Təhrif edəcəklər”. Anonim bunu da bilirdi ki, dedikləri sürüdə şübhə, susqunluq yaratmışdı. Bunun özü belə nəsə deyirdi, az da olsa ümid vardı.

Anonim ağacda ayaqüstə yenidən nitqinə başladı:

-Sizə adını çəkdiyiniz mentalitetdən danışım.Mentalitet xalqın düşüncə tərzidir. Xalqın düşüncəsi isə dini, köhnəlmiş ibtidai fikirlər toplusudur.

Bizi mentalitetimə görə idarə edirlər. Mentalitet yoxdusa, idarəedilməz olacağıq. Bu, çobanı, iti və keçini qorxudur. Onlar artıq bundan sonra sürünü idarə edə bilməyəcəklər. Çünki mentalitet zəncirləri qırılıb.

Azərbaycanlı kimi düşünmək ən aşağı düşüncə tərzidir. Çünki ibtidai və köhnədir.

Mentalitet düşüncəli insan ölüdür. Onda yeni, dəyərli, mənəvi heç nə yoxdu. O, dəyişikliyə qarşı diktatordur.

Mentalitet düşüncəsinin bizə xeyrindən çox ziyanı var. Xəstə cəmiyyət xəstə düşüncənin məhsuludur.

Axmağı da, ağıllısı da bilir ki, bizim cəmiyyət xəstə və ruhsuz cəmiyyətdir. Onda sual verirəm: “Əgər adət-ənənəmiz, milli-mənəvi dəyərlərimiz, mentalitetimiz sağlamdırsa, niyə cəmiyyətimiz xəstədir?”.

Azərbaycan mədəniyyəti, mentaliteti iki dinin – zərdüştlik və islamın əsasında yaranıb. Fikir verin bayramlarımıza: Novruz, Ramazan, Məhərrəmlik, Qurbanlıq – hamısı onun əlamətidir. Milli bayramlar da öz yerində.

Siz dindar deyilsiz, amma dinsiz də deyilsiz. Dini düşünürsüz. Hərəkətləriniz, geyiminiz dinidir, qapalıdır.

Siz nə ürəkdən nifrət edə bilirsiz, nə də ürəkdən sevə bilirsiz. Nə Allahın tərəfindəsiz, nə də Şeytanın. Siz ortada qalmısız.

Azərbaycanlı olmağınızı dəyişdirə bilməsəz də, istəsəz azərbyacanlı kimi düşünməyə bilərsiz.

Antimental bir şey deyəcəm sənə, pıçıltıyla oxu: Dilemma qarşısındasan: Fahişə-xanaya, yoxsa Məscidə gedim? Sənə deyirəm, fahişəxananı seç. Elə sənin əsas instiktin, arzun budur. İnsan təbiəti etibariylə dindar ola bilməz. Əxlaqsız olun, gənclər!

Bu nitq rezonans, qalmaqal yaratdı. Çoxları Anonimə qarşı çıxdılar. Təkcə gənclərdən başqa. Anonim anlayırdı ki, insanların illərlə öyrəşib mənimsədiyi həyat və düşüncələrini dəyişmək uzun müddətli və çətin məsələdi. Bu inqilabi sözlərdən sonra yalnız çürük kəllələrdən səs çıxar. Səs olan yerdə isə düşüncə yoxdur.

Anonimə birinci daşı Xalq atdı:

-Nankor! Bu torpağın çörəyini yemisən, haramın olsun. Xain! Satqın! Nakişi! Kişi elinə, obasına, vətəninə bağlı olar, onu sevər. Sən bizi, xalqını təhqir edirsən. Anan bilsəydi belə oğlu olacaq, heç səni doğmazdı! Gəncləri pis yola çəkən əxlaqsız!

İkinci daşı Çoban atdı:

-Xalqım, mən sizə demişdim. Bu adam cəmiyyət və dövlətimiz üçün təhlükəlidir. İnsanlarımız sakit və gözəl həyatını pozur. Öz qədim adət-ənənəsi, öz dini inancı, milli mənsubiyyəti var. Bizim ağıllı və əxlaqlı gənclərimiz çoxdu, intellektual gənclik bizim gələcəyimizdir. Onlar vətənpərvər, intellektual və Azərbaycanı dünyada təmsil etməlidirlər. Belə ziyankar və təhlükəli insanları cəmiyyətin və rahatlığı üçün zərərsizləşdirmək lazımdır və onlara qarşı ciddi tədbirlər görülməlidir.

İt və Keçi isə hələ də ağacdakı Anonimə hədə-qorxu gəlirdilər. Birdən yenə Anonim ucadan danışmağa başladı:

-Hanı? Hanı bəs sizdəki sevgi hissi? Hanı bəs sözlərinizdəki humanizm, sevgi balı? Hara yox oldu? Niyə bu qədər nifrətlə dolusuz? Niyə sevə bilmirsiz? Bayaqdan sizə qulaq asıram, Şəhvət qurdu qəlbinizi gəmirib, din gözünüzü korlaşdırıb, yalançı əxlaqınız mənəviyyatınızı çürüdüb. Bumudur sizin sevginiz? Yəni bayaq dediklərimi anlamayacaq qədər ölmüsüz?

-Biz ölməmişik, amma səni öldürəcəyik belə danışmağa davam etsən! –İt və Keçi sürünün yerinə qorxutdu. Sonra Çoban dilləndi: – Sən uşaqsan, sevgi boş şeydi. Belə şeylərə beynini yorma, çox düşünmə. Hələ həyatın qabaqdadı, istəsən sənə bir gözəl qız taparıq.

Anonim onlara yazıq və bir az nifrətlə baxdı. Və qərara gəldi ki, bunlar ölüblər. Amma hamısı yox. Hələ sağ olanlar var və xilası gözləyirlər. Elə bil qəlbinin dərinliklərində Pandoranın qutunsundakı son ümid – kəpənək uçmağa başladı və onu cəsarətləndirdi.

-Siz sevgini boş şey bilirsiz. Siz sevgi nədir bilmirsiz deyə bu cür danışırsız.

Həmişə sevgiyə layiq olmayanları sevmisiz. Ona görə SEVgiyə inanmırsız. Çünki sevgiyə layiq olanı sevmək üçün gərək sən özün sevgiyə layiq olasan.

Qarşılıq gözləmədən sevin. Qarşılıq gözləyirsizsə, bu, sevgi deyil. Sevgi təmənnasız olur. Sevgi borc deyil, hədiyyədir.

SEVgi elə zərif çiçəkdir ki, evlilik adlı dustaqxanada dözməz, solar. Elə zərif və həssasdır!

Sevgi qarşındakını anlamaqdan yaranır. Qorxunun Sevgini zorladığı yerdə doğulacaq uşağın adı Nifrətdir.

Sizə insanı sevin deyirəm. Ən başlıcası özünüzü ki, özünü sevməyən, sevməyi bacarmayan başqasını necə sevə bilər? Sevgini daxilinə, ruhuna yönəlt ki, hal-hazırda o acdır. Sənin başqasının sevgisinə yox, öz sevginə ehtiyacın var.

Bizə daim başqalarını sevin deyiblər, müqəddəsləri, imamları, peyğəmbərləri özündən üstün tut deyiblər. Hamısı yalandı, hamısı dəlilikdir! Hamını sevdin – özündən başqa. Sənin sevgini paramparça elədilər. İçindəki sevgini, insanlıq sevgisini sev, dostum, yalvarıram sənə!

Din sənin sevgini aldatdı, beynini bulandırdı. Dedi, Allahı sev, o ucadır, müqəddəsdir, onun yolunda vuruş, öl. Məgər onlar bilmirlərmi ki, onu mən yaratmışam?

Sevgi 3 mərtəbəli binadır. Bu həm də sənin insanlığının mərtəbələridir. Sən nə qədər yüksələ biləcəyinin fərqinə varacaqsan.

Birinci mərtəbəni hamı çıxa bilər. Bu tək bir qarşı cinsə olan sevgidir. Bir oğ-lanın bir qıza, bir qızın da bir oğlana məhəbbəti. Bu ilk pillələrdir və aşağı mərtə-bədir. Bu keçilməlidir yuxarı qalxmaq üçün.

İkinci mərtəbə ümumiyyətlə qarşı cinsə olan sevgidir. Burda bir kişi bütün qadınları sevəcək. Bir qadın bütün kişiləri sevəcək. Tək bir nəfəri sevmək “sürü” düşüncəsidir. Siz ikinci mərtəbədəsizsə, bir qadını, yaxud bir kişini sevməməlisiz, bütün qadınları, yaxud bütün kişiləri sevməlisiz. Kəpənəklər və çiçəklər kimi. Kə-pənəklər çiçəkdən çiçəyə qonaraq ondan zövq alırsa, kişilər də bu cür olmalıdır. Həmçinin çiçəklər də kəpənəklərin onlara qonmasına icazə verməlidir, çünki qadınlar kişilər üçün olduğu kimi, çiçəklər də kəpənəklər üçündür. Təbiətin harmoni-yası bunu tələb edir və siz azadlıqdan və həyatdan zövq almış olursuz bu qısa həyatınızda.

Yadda saxlayın: mərtəbələri qalxdıqca sevginiz daha yüksəlir, böyüyür, genişlənir, xüsusidən ümumiyə doğru gedir. Bu sizin inkişafınız üçün vacibdir.

Üçüncü mərtəbə isə ən yüksək dağ kimidir. İnsana SEVgidir. Burda cinsi ayrı-seçkilik olmayacaq. Burda tək qalacaqsan. “Mən başqasını incitməyəcək və aldatmayacaq qədər tənhayam” –deyəcəksən. – “Mən insanı uzaqdan sevəcək qədər yüksəkdəyəm. Mən humanist-mizantropam” –deyəcəksən. “Mən uşaqları yox, onların məsumiyyətini, yalansızlığını, təmizliyini, həyat eşqini sevirəm” –deyəcəksən. Sən artıq o səviyyədəsən ki, səni cəmiyyət, qoyun sürüsü anlamaz. Bu mərtəbə soyuq olacaq səninçün. Amma Günəşi görəcəksən. Səni sevgi günəşin isidəcək. Bu, sənin öz dünyan olacaq.

Anonim susdu burada. Onun dedikləri anlaşılmaz və həzmi çətin sözlər idi. Sürü heç vaxt sevgi haqqında bu cür gözəl sözlər eşitməyib. İnkar etmək istəyirlər –alınmır.Eyni zamanda qəbul da edə bilmirlər.

O, hiss edirdi ki, sözlər sürüyə az da olsa təsir edib. Xüsusilə qadınlara. Sevgi haqqında fikirlərini Anonim alt-üst etmişdi onlarda. Bu mental inqilab idi. Onun sözləri anti-mental idi. Heç Allahın özü belə sevgi haqqında belə gözəl danışa bilməzdi. Anonim bunu bir insan kimi bacarmışdı. Onlara əsl mesajı buydu ki, Tanrı sizsiz. Göydə sizə əmrlər verən, sizə nəzarət edən, sizi mükafatlandıran və cəzalandıran Tanrıya ehtiyac yoxdu. Belə bir Tanrı olmamalıdır. Tanrı sevgi olmalıdır. İçimizdəki həqiqi sevgi hissi Tanrımız olmalıdır. Tanrı istəyirsən? Sevgidən yaxşı Tanrı tapmazsan, dostum.

Anonim nəhayət Çobana səsləndi:

-Mən ağacdan düşmək istəyirəm.

Çoban pis gülüb dedi:

-Düş də..

-İtini və keçini çək qırağa, düşə bilim.

-Yaxşı, -razılaşdı və onları yanına çağırdı.

Anonim ağacdan düşdü və dedi:

-Mən gedirəm. Tənhalığa çəkilməyə ehtiyacım var. Daha sizi bezdirməyəcəm anormal fikirlərimlə.

Hamı bir səslə: Yehuuuuuuuuuuuu..

Anonim oradan sakitcə uzaqlaşdı. Bir xeyli yol getmişdi ki, arxasıyca addım səsləri eşitdi. Ehtiyatlandı. Fikirləşdi ki, onu elə -belə buraxmayıblar, sadəcə camaatın yanında öldürmək istəməyiblər statuslarına görə. Onun qətlinə gizlincə fərman verilib. Addımlarını sürətləndirdi,amma qaçmadı. Birdən arxasından qız və oğlan səsləri eşitdi. Onlar sürüdən ayrılmışdılar. Anonimin arxasınca düşmüşdülər.

Qız və oğlan ona yaxınlaşıb onu dinləmək istədiklərini, sevgili olduqlarını dedilər. Anonim sakitcə gülümsədi və sevindi. Onlar söhbət etmək üçün daşın üzərində əyləşdilər. Birinci sevgililər sözə başladı:

-Müəllim, sizin dediyiniz sözlər həqiqətdir, amma sürü sizi anlamadı. Biz sizi başa düşürük. Elə ona görə sizin yanınıza gəlmişik. Onlarla yaşamaq istəmədik. Onlar sadəcə nəfəs alırlar, yaşamırlar.

Anonim başını razılıqla tərpətdi və dedi:

-İnsanlar öz yaratdıqları adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin köləsidirlər. Sürü də bunlardan ibarətdir. Bunlara qarşı çıxan azad insanı cəmiyyət özündən uzaqlaşdırır, pisləyir. Cəmiyyətin qanunları insanları əhliləşdirir, nəzarət edir, yenilikçi azad düşüncəsini öldürür. Həmişə cəmiyyət nifrət edib Azad ruhlu insanlara, - bir anlıq susub soruşdu: -Məndən nə istəyirsiz?

-Sizlə danışmaq, -qız dedi.

-Nə haqda danışmaq istəyirsiz? Nə bilmək istəyirsiz?

Qızla oğlan bir-birlərinə baxıb dedilər:

-Bizə qadın və kişidən danış, Anonim. Sənin qadın və kişi haqqında düşüncələrini bilmək istəyirik. Xahiş edirik bizə danış.

Anonim ayağa qalxıb ətrafda gəzişərək danışmağa başladı:

-Qadını tam mahiyyəti ilə sevmək üçün ondan uzaq olasan gərək. Çox qadınla gəzən və yatan kişinin qadınlar haqqında düşüncəsi neqativdir.

Kişi qadını bədəninə və gözəlliyinə görə sevir. Başqa heç nə.

Qadınlar! Kişilərdən sadiqlik gözləməyin. Bir xoruz bir toyuqla kifayətlənmir, kişimi bir qadınla kifayətlənəcək? Özünüzü aldatmayın!

Qadın qəribə məxluqdur, nə istədiyini çox vaxt özü də bilmir. Xoşbəxt olacağı adamı sevə bilmir, sevdiyi adamla da xoşbəxt ola bilmir.

Mən qadınları onlardan uzaq olduğum üçün hələ sevirəm. Yaxın olsaydım, sevə bilməzdim. Gözəl qadın həyat enerjisidir, yaşama instinktidir.

Kişi üçün birinci seks, sonra sevgi. Qadın üçün birinci sevgidir. Qadın kişidən çox-çox fədakardır. Qadın daha dərindən, daha ürəkdən sevə bilir. Çünki o yaradandı, doğandı, həyat verəndi. Kişidə natamamlıq kompleksi var. Çünki doğa bilmir, nəsə yarada bilmir, qadından aşağı olur. Elə bu natamamlıq kompleksi onu dünyanın ən gözəl rəssamına, şairinə, filosofuna, bəstəkarına, aliminə, heykəltəraşına, ixtiraçısına –qısacası, yaradıcı insanına çevirib və çevirir. Qadının rəssam olmağına ehtiyac yoxdur, çünki rəsmin özüdür. Şair olmağına ehtiyac yoxdur, çünki şeirin özüdür. Bəstəkar olmağına ehtiyac yoxdur, çünki musiqinin özüdür.

Kişilərdəki bu natamamlıq kompleksi zəif olanların özlərini alçaldır. Kişi bilir ki, qadın ondan yüksəkdi, fədakardı, dözümlüdü, hissiyyatlıdı, ağıllıdı. Ona görə qadını döyür, alçaldır, təhqir edir, üzərində hegemonluq etmək istəyir, daim ondan üstün olan varlıqdan üstün olmaq, özünə tabe etmək, özünə kölə etmək.

Və sizə deyirəm: Bəzi qadınlar inək kimi doğmaqdan başqa nə bacarır ki?! Qadın var evlənmək üçün, qadın var sevmək üçün.

Kişi üçün yalnız bir qadın dəyərli ola bilər –yatmadığı qadın. Qadın nə qədər əlçatmazdısa, o qədər dəyərlidir.

Kişi pulu çox sevir qadına görə. Bilir ki, pul gücdür. Qadınsa güclünü sevir. Mən hələ güclünü sevməyən qadın görmədim.

Tərbiyəli, mədəni, intellektual, anlayışlı kişiyə qadın hörmət edər, amma sevməz. İnan dostum! Bir evli qadınların ərlərinə baxın: neçəsi tərbiyəli, mədəni, intellektual, anlayışlıdı? Görürsüz qadın naturasını?

Kişinin gözəl və incə planı var qadın üçün –UŞAQ! Kişi yaxşı bilir ki, qadını özündən asılı etmək və itaətdə saxlamaq üçün uşaq lazımdır. Uşaq qadının zəif yeridir və hər kişi bunu bilir.

Kişi də, qadın da bizdə riyakardır. Kişi özünü sevən sadiqli sevgili kimi göstərir, qadın isə özünü əxlaqlı, abırlı aparmağa çalışır. İkisi də bir-birini aldadır. Maskalar həmişə evlilikdə cırılır, gerçəklər üzə çıxır.

Kişinin nəzərində arvadı yüksək status kimi uşaqlarının anası, sonra arvadı və ən aşağı təbəqə kimi xidmətçi, aşpaz, kölə ola bilər.

Ey qadınlar, eşidin məni! Əgər xəyanətsiz və xoşbəxt ailə istəyirsizsə, ərinizin fahişəsi və anası olun! Yataqda ərinizlə fahişə kimi davranın, nəinki utancaq bakirə kimi. Ərinizin fahişə yanına getməyini istəmirsizsə, özünüz fahişə olun. Tabusuz seks!

Bəs mənəviyyat? –deyəcək sürü. Offf, mənə kişidəki mənəviyyatdan danışmayın. Kişidə mənəviyyat yaratmaq çətin məsələdir. Kişidə seksual atəşi söndürəndən sonra onda mənəviyyatına təsir edə bilməzsən. Və qadın bu boşluqdan istifadə edir. Şir pişiyə çevrilib. Bu “pişiyin” anası olun, onu bir uşaq kimi, balanız kimi əzizləyin, qucaqlayın, öpün, mənəviyyatına toxunun. Qadın bax, belə olmalıdır!

Ailədə kişi aslan, qadın tülküdür. Aslan güclüdür, amma ağlı yoxdur. Tülkü gücsüzdür, amma ağıllıdı, hiyləgərdi. Kişi əmr verməyi sevir, qadın idarə etməyi.

Qadından çox kişinin tərbiyələnməyə ehtiyacı var. Çünki o, ailə başçısıdır, təsir edə bilir ailəyə. Tərbiyə isə pis şeylərdən uzaq durmaq deyil, həyatda yaxşı şeylər öyrənməkdir. Bizim gördüyümüz bildiyimizdən çoxdur. Oxumaqdan çox, eşitməyi sevirik.

Qadın yalnız onunla evlənə biləcək adamı sevir bilir nədənsə. Bu da qadınların sevgi məsələlərində ciddi olduqlarını göstərir.

Qadın kişidən kinlidir, kişinin kini ötəridir, anidir. Qadının kini daha dərindədir, qalıcıdır, unudulmur.

Qızlar və oğlanlar! İlk məhəbbət demək olar ki, həmişə uğursuz olur. Yaxşı ki elə olur! Yoxsa təcrübəsiz və mənasız həyat yaşayardıq.

Anonim sözünü yekunlaşdırıb susdu. Sevgililər çaşıb qalmışdılar. Təəccüb, sevinc, anlaşılmazlıq –bu kimi şeylər. Oturduları yerdə donub qalmışdılar.

Və bu zaman sürüdəki köpəklərin uzaqdan səslərini eşitdilər. Sürü də mələyə-mələyə gəlirdi. Artıq Anonim anladı ki, qaçmalıdır. Və sevgililərə son sözünü dedi:

“Çox düşünün,

Az oxuyun,

Və heç inanmayın”.

Və qaçdı. Sürü və it də arxasındaydı. O qaçdıqca nəfəsinin kəsildiyini və sürüdən uzaqlaşdığını hiss edirdi. Amma yenə də qaçmaqdan başqa çarəsi olmadığından qaçırdı. Qaçdı, qaçdı və birdən huşunu itirib yerə yıxıldı.

***

Gözümü açanda tövlə kimi bir yerdəydim. Buranı nəcis və sidik qoxusu basmışdı. Qurbanlıq qoyunların arasındaydım. Yerimdən qalxmaq istədim, alınmadı. Əllərim və ayaqlarım bağlı idi. İylənmiş tövlə ala qaranlıq idi, qoyunlar ora-bura vurnuxurdu. Sadəcə yavaş-yavaş özümə gələndən sonra tövlənin bir küncündə qaranlıqda böyük bir cism gördüm, tərpənirdi. Adama oxşayırdı. Mən “salam” verdim. Qalın kişi səsi gəldi:

-Şalom.

-Siz kimsiz?

Cavab verdi ki:

-Heç kim.

-Bəs mən sizə salam verdim, siz əvəzində şalon dediz, ya şalom dediz bilmədim.

Sanki qaranlıqda qeybdən gəlirmiş kimi gələn səs dedi:

-İvrit dilində “salam” şalom deməkdir. “Salam” sözü ivrit dilindən keçib ərəblərə. İki dil də semit dil qrupuna aiddir, çox oxşar dillərdir. Ərəblər “salam aleykum”(Allahın sülh və əmin-amanlığı sizin üzərinizə olsun!) sözünü yəhudilərdən götürüblər. İvrit dilində bilirsən bu söz necə səslənir? – üzünü azca işıq gələn tərəfə tutub sirli bir şey kimi dedi: Şalom aleyxem!

Mən bir az bu sözdən, bir az da qaranlıq yerdə bu adamla tək qalmaqdan qorxdum. Bu adamın qorxulu və kobud sifəti vardı elə bil. Bir də Nitçesayağı bığı və saçı.Yüz faiz qatildi bu –elə fikirləşdim.

Bir az əvvəlki yerimdən geri çəkilib qurcalandım və tərəddüdlə inamsız dedim:

-Demeli, salam ərəb sözü deyilmiş? Belə çıxır ki, biz boş yerə “salam” Allahın adıdır deyirik?

-Hə, elədir. Cənnət, cəhənnəm ivrit sözləridir. “Namaz” sözünün kökü Zərdüşt dilində namah –“təmənna, ibadət” sözünə gedib çıxır. Sonra qədim pəhləvi dilində də rast gəlinir. Huri, oruc, kitab sözləri heç ərəb sözləri deyil. İvrit dili sayəsində iudaizm islama güclü təsir edib, hətta ivritlə ərəb dilinin hərfləri də oxşardır.

Mən bir az çaşıb qaldım:

-Məsələn, bir misal çəkin.

Dərhal dedi:

-Əlif, Lam, Mim. Xatırladın?

-Hə, hə xatırladım. Quranda bunlar var. Ərəb hərfləridirlər.

-Düzdür. Təsadüfdənmi deyim, bu hərflər ivrit əlifbasında da varmış. Əlbəttə oxşaları.Diqqət yetir: Alef, Lamed, Mem. –ala-qaranlıqda onun gülümsədiyini gördüm.

Fasilə yarandı bir müddət. Mən düşünürdüm bu haqda. Elə bu an o əlavə etdi ki, bizim işlətdiyim sözlər ərəb sözləridir, ərəblərə də yəhudilərdən keçib. Ona görə, islam elə bil iudazimin kopyasıdır. Və bütün dinlər və mədəniyyət bir –birlərinə təsir edib, biri o birini hamilə edib və bununla da oxşarlıqlar çoxdur.

Mən çaşıb qaldım. Bilirdim ki, dinlər lazımsızdır, bizə ən çox Zərdüşt və İslam təsir edib, amma mən bu adam kimi dəqiq faktlarla danışa bilməzdim. Bu adam lap dərinə, kökə gedib. Lap başdanxarabdır bu! Ondan soruşmaq istəyirdim ki, niyə bura düşüb, məni qabaqladı və özü məndən bunu soruşdu. Və mən də başıma gələnləri bir-bir ona nağıl edib danışdım. O, diqqətlə dinlədi və dedi:

-Məncə bu qədər cəsarətli olmaq üçün gic olmalısan. Sən hamını qarşısında danışırdın. Hələ bəxtin gətirib ki, ölməmisən. Heç vaxt xalqın qarşısında danışma. Xalq şirin yalanı sevər, acı həqiqəti yox. Amma acı həqiqət dərman kimidir, səni sağaldar, şirin şey həmişə zərərdir. Xalq zərərlə –şirin yalanla yaşayar. Acı həqiqət individualların seçimi və taleyidir. Onlar xalq adlanan tayfadan, qoyun sürüsündən deyillər. Yenə hər halda böyük iş görmüsən özünə görə. Ümid edək ki, atdığın fikir toxumları bəzilərinin beyin torpağında cücərəcək.

Getdikcə bu adam xoşuma gəlməyə başlayır. Elə bu vaxt mən ondan bura niyə düşdüyünü soruşdum. Qəribə cavab verdi:

-Səninkimiləri burdan xilas etmək üçün.

-Məncə siz düşündüyüm kimi başdanxarab deyil, zır dəlisiz. Çıxa bilsəydiniz birinci özünüz çıxardınız da...

-Elə özümü də xilas edəcəm, sizi də.

-Gizli Planınız var?

-Var.

Mən düşündüm, amma nəsə ona inanmadım. Ancaq inanmamaq üçün də əsaslı səbəbimdə yox idi. İndi burda ondan başqa heç kim yoxdur -əlbəttə qoyunları saymasaq. Bu müəmmalı adamın nəsə planı vardı, bu da özü nəsə deməkdir xilas üçün.

Birdən ağlıma gəldi ki, biz heç tanış olmadıq. Ona adımı dedim:

-Adım Anonimdir.

O susdu bir anlıq. Heç nə demədi. Onun da əllərini və ayaqlarını bağlamışdılar. Görünür çoxdan burdaydı, tənhalığa öyrəşmişdi və bu dəfə adəti olmadan çox danışdığını düşündü. Amma mənə çox yaxşı tanış olan adını dedi:

-Niçe.

Mən soruşdum: -Fridrih?

-Fridrihsiz. Sadəcə Niçe. Dostlarım mənə belə deyirlər. Onlar bizi xilas edəcəklər.

Bu vaxt qapının arxasından səslər eşidildi, insan kölgələri goründü. Qapı açıldı. Kimsə yüksək rütbəli, cüsəllli orta boylu adam içəri girib bizə baxdı. Gün arxadan başının arxasına düşdüyündən üzünü tam aydın görə bilmirdim. Bizə burdakı qurbanlıq qoyunlar kimi baxırdı yəqin. Dedi:

-Vaxtınız çatıb. Güllələnəcəksiz bir azdan. Gizlicə. İziniz də qalmayacaq. Xalq sizi satqın kimi xatırlayacaq. Hazırlaşın. Son dəqiqələrdə həyat daha dəyərli olur. –gü-lüb getdi.

Mən Niçeyə, ya da özünü belə təqdim edən adama baxıb dedim:

-Yəqin ki, dostların bir az tələssələr pis olmaz.

-Narahat olma, güllələnməyəcəyik.

-Heç inanmağım gəlmir. Hər şey buraya qədərmiş. Mübarizə etdik və ölürük. Çıxış yoxdur.

-Səbr elə. Hələ ki, yaşayırsan, deməli son deyil.

Bu adama inanmaqdan başqa yol yox idi. Görünür, bura mənimkimi adamlar çox düşüb, bu adam da onları xilas edir. Bəlkə elə özü mənim yoxlamaq və nəzarətdə saxlamaq üçün dövlətə işləyən işpiondu? Nə bilim! Hər şey ola bilər. Bəlkə də belə danışıqlarla başımı qatır...Şübhələnməmək mümkün deyil..

Ondan qoyunların kim olduğunu soruşdum. Dedi ki, Müxalifətçidirlər. Siyasi məhbuslar. “Hmm... qoyunların bura nə üçün düşdüklərini bilirsən?”. Cavab verdi ki,

siyasi səbəblər, belə axmaq-axmaq şeylər...Daha heç nə soruşmayacam dedim özümə, lakin özümü saxlaya bilmedim.

-Müxalifətçisiz?

-Yox.

-İqtidar?

-Heç aidiyyatı yoxdur.

-Millətçi?

-İnanmıram.

-Solçu – sağçı?

-Sol və sağ əlim.

-Ateist?

-Deyiləm.

-Deist, Agnostik, Panteist,Satanist?

-Heç biri.

-Bəs kim?

-Bayaq dedim axı –heç kim. Bizə öyrədilən kimi kimsə olmağa çalışmıram. Mənə adını çəkdiyin etiketlər lazım deyil – mən ərzaq malı deyiləm. İnsanam. Müxalifəm, amma müxalifətçi deyiləm. İqtidarım özüm-öz gücümdür. Millətləri, xalqları sevmirəm, sürünü xatırladır mənə. Siyasətçi heç deyiləm ki, sağçı-solçu olum. Ateist deyiləm, ilahi qüvvəyə, yaradıcı enerjiyə inanıram, insandan başqa tanrı tanımıram. Mən beləyəm. Kimsə olmağa yox, heç kim olmağa çalışıram. Biz hər şey olduq, heç kim olanmadıq. –həqiqətən də bu adam Niçeyə, Fridrihli Niçeyə daha çox bənzəməyə başlayırdı mənim gözümdə. Və bununla sözünə davam edib bunları dedi: -Görürsən də, tövləni. Nəcis və sidik iyi qarışıb bir-birinə. Zibil! İlk dəfədən adam düşünür ki, belə yerdə yaşamaq olmaz, mümkün deyil, amma məcburən öyrəşib yaşayırsan. Dinçilər və siyasətçilər də bunu etdilər dünyamız üçün. Zibillədilər onları buranı. İnsanlar isə o qədər öyrəşib bu dinlər və siyasətlər qoxusuna artıq onlar üçün bu iy dəhşətli deyil. Heç dəhşətli deyil! Ateizm, satanizm məşhur dinlər var deyə mövcuddur. Əgər ateizmi,satanizmi, agnostizmi, deistizmi –bütün anti-dinləri, dinə qarşı inam və fəlsəfələri məhv etmək istəyirsənsə, üç monoteist dinləri məhv etməlisən. Onlar təktanrılı dinlərin diktaturası var deyə yaşayırlar. Əgər 3 dinin tanrıları olmasa nəyi inkar edəcəklər?! Dinlər və tanrılar olmasa idi, heç ateizm və anti-dinlər də olmazdı...

Sən soruşursan ki, heç bir inancım yoxdur? Var. Amma düşünmürəm ki, mövcud nələrəsə inanmalıyam. Yaxud mövcud olmayan nələrəsə, kimlərinsə şizofren uydurmalarına.

-Başa düşürəm, -mən dedim. –Amma heyif ki, bu bizim son söhbətimiz oldu. Bir azdan demişdilər gələcəklər... –elə bu an çöldə səs-küy eşidildi və bizim tövlənin qırmızı dəmir qapısı açıldı. Niçe və mən bir-birimizə baxdıq.

-Tez olun, burdan çıxırıq. Az vaxtımız var. –dedi içəri girən adam. İki nəfər də Niçe və məni qandallardan xilas etdilər. Tez tövlədən çıxdılar. Tövlənin qırağında polislər yerə sərilmişdi. Sonradan bildim ki, ölməyiblər, rezin güllələrdən bir az huşlarını

itiriblər. Niçe onların başçısına gözləri ilə təşəkkür etdi. Bilmirdim bu adamlar kimdir, təkcə onu bilirəm ki, bizi xilas eledilər. Və bizi xilas edən başçı Niçedən soruşdu ki, indi nə edək. Maşınımız da var idi. Niçe ona dedi ki, biz maşınla gedəcəyik, sizinlə mərkəzdə görüşərik. Saçı arxaya daranmış, saqqalı oğlan razılaşdı və adamları ilə bizdən uzaqlaşdı.

Niçe və mən tez maşına mindik. Amma mənim yadıma tövlədəki qoyunlar düşdü. Maşından düşüb tövləyə tərəf getdim. Niçe arxamca qışqırdı:

-Neynirsən?

-Onları azad etmək lazımdır.

-Onlara azadlıq lazım deyil –bir az əsəbləşdi. Yəqin mənim hərəkətimi ağılsızlıq hesab etmişdi. – Onlar azadlığın nə olduğunu bilmirlər. Başa düşürsən?

-Yox, başa düşmürəm, -mən də bir az əsəbləşdim. –Yaxşı bilirsən ki, onları güllələyəcəklər ya da ömürlük həbs. Onları xilas etməliyik. Ən azı onlar buna layiqdirlər.

Qoyunlar da bu tərəfdən mələyirlər ki, bizi xilas edin.

-Yox, layiq deyillər. Onların beyinləri ideologiya ilə zəhərlənib. Siyasət və din beyinlərini yuyub. Onlar azad deyillər ki, onlara azadlıq verirsən. Etmə bunu. Onların azadlığı ziyan gətirəcək. İnan, dostum. Lazım deyil.

Niçe bu sözləri nə qədər səmimi desə də, öz bildiyimi etdim. Onları qandallardan xilas etdim və onlar azad oldular. Mən də tez maşına əyləşib oradan uzaqlaşdım. Niçe sükanda idi və mənə dediyi bu sözləri həmişə xatırladım və gələcəkdə mən yox, Nitçe haqlı çıxdı.

-Sən düşünürsən ki, bu qoyunlara azadlıq verməklə onları azad etdin? Amma yanılırsan. Azadlığın nə olduğunu bilməyən adama azadlıq lazım deyil. Sən ədalətli hərəkət etmədin. Harda çoxluq, kütlə gördün ora qaçdın, halbuki ordan qaçmalıydın. Tanrı – Həqiqət onların arasında deyil. Sənsə orda azadlıq axtardın. Yadda saxla ki, həyatı boyu heç nə axtarmayan adamda heç nə axtarmağa çalışma. Xüsusilə azadlıq.

Səhv etmişdim, amma etiraf etmək istəmirdim özüm-özümə. Niçe haqlı çıxdı: sonradan mən o qoyunların insanları hakimiyyət üstündə azadlıq adıyla aldatdığını, bir qisasçılar ordusu olduğunu gördüm. Və böyük səhv etdiyimi anladım.

***

Maşın kiçik bir minimal hausun yanında saxladı. Yolda yorğunluqdan yatdığımdan bilmədim bura necə gəlmişdik. Maşını qaraja qoyduq ve evə keçdik. Özümdə bir az halsızlıq və soyuqdəymə hiss edirdim. Evi əsl villanı xatırladırdı daxildən –kitab rəfləri, içkilər və qara rənfli klassik və modern divanlar vardı. Dizaynerin gözəl zövqü vardı. Heç bilməzdim Tövlədəki bu səfil adamın belə bir evi olar.

Və ondan soruşdum:

-Əgər sirr deyilsə, bu ev, bunlar hardandır?

Niçe mini-barda ikimiz üçün viski süzüb, sakitcə cavab verdi:

-Yox, sirr deyil. Kiçik biznes deyək buna.

-Çətin deyil burda tək yaşamaq?-maraqlandım viskimizi rahat divanda əyləşərək içə-içə soruşdum. Viskinin içindəki buzların “oynaması” xoşuma gəlirdi.

-Kim dedi ki, təkəm? Mənə özüm bəs edir. Başqası lazım deyil, problemdir sadəcə.

-Qızlarla da aran yaxşı deyil deyesən? –ikimiz də gülümsədik kişilərə xas şəkildə.

-Bilirsən, qızlar başağrısıdır. Əgər onları bura dəvət etsəm, həmişə belə bir yeri xatırlayacaqlar. Özün görürsən. Desəm ki, bura gəldiyini unut, amma o hardasa danışa bilər yenə də. Qarantiyası yoxdur, bilirsən.

-Bəs sənin bu siyasi məsələlərlə nə əlaqən? Sən necə düşmüşdün ora?

Bu sualdan xoşu gəlmədi. Nədənsə onda belə bir xüsusiyyət var ki, çox suallar verəndə narahat olur. Görünür gizlədəcək çox şeyi var, yəqin ona görədir.

Viski məni rahatlatmışdı. Daha çox sual vermədim ona. Elə o da cavab verməkdə həvəsli deyildi. Axşama yaxın yağış yağmağa başladı. Mən evin aynabəndindən tər-təmiz yaşıl bağçaya baxırdım. Halım bir o qədər yaxşı deyildi. Gecəyə yaxın özümü pis hiss elədim, yatağa düşdüm. Niçe mənə gecə qulluq etdi, baş ucumda dayandı, kamini odunla doldurdu və isitdi. Canımda üşütmə vardı, bir az qızdırma və qrip olmuşdum. Niçe sitramon və aspirin verdi. Və bir də adını bilmədiyim dərman. Beləcə başladıq söhbət etməyə. Mövzumuz qadınlar idi.

Niçe dedi ki, tənha olmaq həmişə çətin olsa da, amma həmişə yaxşıdır. Qadın yoxdur –deməli stress yoxdur. Ona dedim ki, bəs hər neçədə olsa da, yenə çətin olur. Cavanam və mənim üçün indi də çətindir. Sənə baxanda düşünürəm ki, sən duyğusuz adamsan, heç sevməmisən...

Niçe etiraz etdi:

-Əslində elə deyil. Sadəcə çox yorulmuşam. Bu məhəbbət oyunları məni çox bezdirdi, yordu, vaxtımı aldı. Xəbərin var ya yox, bilmirəm, mən də əvvəllər qoyun idim. Sonradan sevgi məsələlərində fərqinə vardım ki, sevdiyim qızlar da mənim kimi qoyun idi. Məncə ağıllı kişi qadınla vaxt keçirər, onu sevməz. Qadınlara çox bağlanmaq lazım deyil.

-Niyə deyə soruşmayacam, çünki səninlə eyni fikirdəyəm. Bircə bunu deyim ki, bizim kişilərin acgözlüyündən və qanmazlığından iyrənirəm, qadınlarımıza isə yazığım gəlir, bədbəxtdilər. Elə onlar bir-birlərinin tayıdılar. Hərdən düşünürəm ki, biz istəyimizə bugün nail ola bilməyəcəyik. Bəlkə sabah ola bilsin. Bir ağacın yetişməsi üçün uzun illər lazım olduğu kimi, bizim übermenşimiz üçün də çox uzun zamana ehtiyac var, -bu sözlərdən sonra yuxum gəldi, gözlərim bağlandı yavaş-yavaş. Niçenin bu sözlərini eşitdim yuxuya gedə -gedə: Mən sənin özünəm, sən mənim cavanlığımsan, keçmişimsən..

Yuxuda gördüm ki, həmin evdə, Niçenin mikrohausundayam. DVD playerə bir film diski qoymuşam. Sonra divanda əyləşmişəm. Ekranda böyük hərflərlə SÜRÜ yazılmışdı. Bu filmin adı idi. Filmdə quzunun qoyuna çevrilməsini, Çobanların onların otarmasını, itləri, keçiləri görürdüm. Quzunun valideynlərinin qəssabın əlində ölməyini, balaca qoyunun mələyə-mələyə ağlamağını təsirlənmiş kimi baxırdım. Sonra həmin qoyunun edama aparılması və qaçması. Aclıq və sussuzluq. Zibilxanadan tapılan Niçenin kitabı. İnsana çevrilmə. Peyğəmbər olmaq. Sürünün qarşısında nitqlər. Qaçmaq  və huşunu itirmək. Tövlədə Niçe adlı qəribə admala söhbət etmək və oradan da naməlum adamlar tərəfindən xilas olması...

...Və beləcə film bitirdi ki, çiynimdə kiminsə əlini hiss etdim. Elə bil yuxudan oyandım. Bu , Niçe idi. Və dedi:

-Hər şey yenidən təkrarlanır. Təzədən başlamağa hazırsan?

 

2 noyabr 2014- 3 fevral 2015


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0337 saniye