Sus, kamança, sus!
(milli-fəlsəfi şeir)
Vətən üçün hər sahədə çalışan, can qoyan, ömrünü bu eşq uğruna fəda edən hər kəsə...
Daha bezdim dinləməkdən,
Görmək istəmirəm səni!
Kor olmuşam gözləməkdən,
Vətən yolun qəmli-qəmli...
Sus, kamança, sus da nolar,
Sus ki, rahat nəfəs alım.
Sus da, yoxsa qəlbim solar,
Qərar ver sən, ölüm, qalım?!
Axı ürək dözmür sənə,
Göz yaşlarım gilə-gilə
Axır, batıram mən qəmə,
Sus, gözlərim gəldi dilə!
Ağlamaqdan bezdi millət
Neçə ildir qəm səsinə,
Bəsdir daha dözdü millət
Zalım fələk hiyləsinə!
O fələk ki torpağımı
Alıb məndən qarış-qarış,
Sən sus ki gəl bu ahımı
Nolar, bitirməyə çalış...
Sus, səslənmə sən yanvarda,
Fevral səni dinləməsin!
Martda qalmayaq azarda,
Çalma yurdun Şikəstəsin!
Salma yada ötənləri,
Boğma məni qəm içində!
Gedənləri, bitənləri
Qoy unudum öz içimdə...
Yaddaşımda Qarabağım,
İrəvanım, Borçalım var,
Daha enibdi bayrağım,
Can Təbrizim qan ağlayır...
Kərkükümü unutmadım,
Can qardaşım Türkmənimi
Yada salıb addım-addım,
Lənətlədim düşmənimi...
Tehranımdan varmı xəbər?!
Yaddan çıxmaz Xorasanım,
Türküstana salın xəbər,
Bu dərd ilə ağrar canım...
*** *** ***
Mən demirəm tariximi,
Kimliyimi unudum qoy,
Deyirəm ki, kədərimi
Sevincimlə yox edim qoy...
Tara, saza, nağaraya,
Zurna, balaban, qopuza
Bir xəbər sal, gələn aya
Hazırlaşaq biz Novruza...
Qoy səslənsin Cəngi səsi,
Hazırlaşaq biz savaşa,
Gəlsin düşmən zingiltisi,
Qataq torpağı biz daşa...
Duyaq Türkün haqq səsini,
Geyək döyüş paltarını,
Azərbaycan ölkəsini
Birləşdirək, torpaqları...
Farsı, rusu, hayı yenib
Yürüyək biz Savalana,
Türk ellərin birləşdirib
Salam deyək biz Turana!
Elşən İsmayıl
22.06.2018