Hər gecə köklənər səsinə qəlbim,
Doğan hər sabahım açılar susqun
Sənə yetmədikcə çılğınlığımın
İçimdə üsyanı ucalar susqun
Qıyılar gözləri düşəndə qürub,
Gəncliyi, şuxluğu hərdən unudub
Qəlbində sükutdan qalalar qurub
Bir şair gənc ikən qocalar susqun
İçdə çağladıqca arzum, niyyətim,
Hissləri ram edib tutmaq nə çətin...
Surətin qeyb olur, artır həsrətim
Sözlər boynubükük, hecalar susqun
Vərəqdə örtünər sözlərim səndən,
Baxmadım, yan ötdü gözlərim səndən,
Addım səslərimi gizlədim səndən
Sənə yol aldığım küçələr susqun
Gəzdinsə ruhumu sətirbəsətir,
Bəlkə sən deyəsən ki, sirri nədir;
Sevinclər həmişə şaqqanaq çəkir,
Həsrətlər, kədərlər, acılar susqun...