Çağdaş dünyamızda ən ucuz,ən dəyərsiz nəsnə insan həyatıdır. Sahibsiz itlərin hüquqları uğrunda mücadilə edən bəzi ”heyvan-sevərlər”bir az da, küçələrdə yaşamağa məhkum edilən minlərlə insanın hüquqlarının müdafiəsinə qalxsalar yaxşı olmazmı? Pişiyi üçün alman üsulu ilə hazırlanan yeməklərə ürəklə pul xərcləyənlər,köpəklərini yanlarına salıb Kanar adalarına istirahətə aparanlar yan-yörələrində ehtiyac çəkənləri görmürlərmi!? Harınlığın,qudurğanlığın həddini aşdığı ləçər bir zamanda,o qədər saysız-hesabsız suallar var ki,bilmirsən haradan başlayıb, harada nöqtə qoyasan...
Elə bir mürəkkəb dövrana tuş gəlmişik ki,bunu sözlə ifadə etmək belə çox zor gəlir. Hamı gileyli, hər kəs qayğılı, toplum dərdlidir. Nurunu itirmiş çöhrələrdə iztirab yerini qüssəyə,qüssə yerini kədərə verib.Bir sürü boynu yoğun, bədəni əxlaqsız, gödəni tərbiyəsiz manqurd sürüsü istisna olmaqla,yerdə qalan çoxluq çox acınacaqlı həyat sürməyə məhkum edilib. Beytül-malı qamarlayan pozağanların əhatəsində hansı haqqdan,hansı ədalətdən danışmaq olar ki!? Bir zamanların məşhur olan “ədalətin kəsdiyi barmaq acımaz” kəlamı artıq öz gücünü itirib.İndi ədalətsizliyin kəsdiyi başlar acımır,ağlamır,sızlamır.Məzlumlar elə bir pisliyin içərisndədirlər ki,ölümü özləri üçün yolun sonu deyil,qurtuluş olaraq qəbullanırlar.Zülmün də, bir həddi, bir hüdudu olar-deyərlər, ancaq müasir zaman üçün,bu da,daha keçərli deyil. Hədd-hüdud zalımın baxışlarına görə dəyişir.Bunları hər addımda hiss etmək mümkündür.Toplumun zülmə düçar edildiyini,haqqının tapdalandığını, iztirablar çəkdiyini görə-görə görməzdən gələnlərin insanlıqdan danışmağa haqqları çatarmı!? Əsla!!!
Bir qarın yemək xatirinə,azacıq mükafat uğruna millətə arxa çevirənlərin özlərini ziyali adlandırması faciə deyilmi!?Mənəviyyatı maddiyyat naminə qurban verənlərin köynəkləri tez ləkə götürər.Bu,elə bir ləkədir ki,hər iki dünyada izi silinməz.Ləkələnmişlər və ya,bu ləkəni könüllü olaraq üstlərinə yaxanlar danışmağa deyil,susmağa məhkum edilənlərdir. Danışmağa cəsarətləri çatmaz.Onlar yaxşı bilirlər ki,danışsalar xəcil olub yerə batacaqlar.Onlar üçün önəmli olanı kimin əzildiyi deyil,ağalarının onlara nə verdiyidir.Məzlumların haqqı üçün mücadilə etmək,doğru olanlarla eyni sırada addımlamaq,dərdli könüllərə məlhəm olmaq böyük cəsarət istər.Cəsarət sevgiyə gedən yolun cığırıdır. Sevgi olan yerdə əbədiyyət mövcuddur. Əbədiyyət isə,susqular üçün deyil,cəsurlara görə var olan yerdir...