Tabaşirlə çəkilən rəsm
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 10:58 01 noyabr 2018 tarixində əlavə olunmuşdur

Tabaşirlə çəkilən rəsm…

(hekayə)

       … Saat 9-30 radələri. Şəhərin mərkəzi küçəsi. Yaxınlıqdakı metro stansiyası, bir qədər aralıda yerləşən ticarət mərkəzi, küçənin o biri tərəfində isə, sahəsinə görə bütün parklardan böyük olan sahil parkı... Hələ, ətrafdakı irili-xırdalı ofis və yeməkxanaların olduğunu da nəzərə alsaq, bura şəhərin ən qaynar və gur yeri idi.

            Dördyol ayrıcından keçən döngədəki səkidə tabaşirlə çəkilmiş bir rəsm gözə dəyirdi. Bu rəsm qara asfalt üzərində, insanların ayaqları altında çəkildiyinə görə diqqəti daha çox cəlb edirdi.

         İnsan rəsmi idi, üzüqoylu, yatmış vəziyyətdə çəkilmişdi. Qolları yana açılı, əlləri qoşalı vəziyyətdə başından bir qədər yuxarı, sanki allaha dua edirmiş kimi təsvir olunmuşdu.

         Çəkilən rəsm əsəri hansısa bir rəssamın təxəyyülünün məhsulu, bəlkə də fantaziyası idi. Rəsmin fonu qaranlıq olduğu üçün çəkilən insan rəsminin yaşını təyin etmək mümkün deyildi. Amma onun kişi rəsmi olduğu tam aydın idi.

         Rəsmin yanında bir papiros qutusu, alışqan, bir də pulqabı şəkli də cızılmışdı. Maraqlı olsun deyə, rəssam pulqabının ətrafına səpələnmiş bir neçə qəpik də qaralamışdı. Həmin əşyalardan, təxminən yarım metr aralıda birtay əlcək rəsmi də vardı. Ola bilsin ki, rəssam rəsmini çəkdiyi adamın zəhmətkeş, amma kasıb və bədbəxt birisi olduğunu tamaşaçıya anlatmaq istəmişdir.

         Maraqlı orasındaydı ki, kişi rəsminin yanındakı bütün əşyalar rəsm əsəri yox, elə reallıqda gördüyümüz əşyaların özüydü.

           Asfalt üzərinə tabaşirlə çəkilmiş insan rəsminin baş hissəsinin yanına bir dəstə tər gül də qoyulmuşdu. Qızılgül dəstəsi idi, ləçəkləri alqırmızı, qan şəklində… Elə bil, güllər qana boyanmışdı…

            Yoldan ötənlər ayaq saxlayıb diqqətlə rəsmə tamaşa edirdilər. Tamaşa edənlərin sayı o qədər çox idi ki. hətta dörd-beş cərgəlik dairəvi növbə də yaranmışdı. Belə dairəvi növbəni başqa yerlərdə görmək mümkün deyildi, axı növbələr dairəvi yox, uzunsov olurlar.

            Günəş qalxdıqca rəsm əsərinin parlaqlığı bir az da artırdı. Elə bil, rəsmin üstünə gur işıq seli salınmışdı, bir az da mənzərəli görünürdü.

           Tamaşaçı çox idi. İş-güc dalısınca gedənlər bircə anlıq da olsa ayaq saxlayıb rəsmə baxır və ecazkar bu rəsm əsərinin onların qəlbində buraxdığı acı təssüratdan çiyinlərini çəkərək, başlarını bulaya-bulaya yollarına davam edirdilər.

            Hər kəsi bir sual düşündürürdü, asfalt üzərinə çəkilmiş rəsm əsəri kimindir və bu rəsmi bura hansı rəssam çəkmişdir?! Hamı susaraq maraqla bir-birlərinin üzünə baxırdılar.

            … Qarşı yolda dayanmış, üstündə göy-qırmızı işiqları yanıb-sönən maşından bir polis nəfəri düşüb adamlara yaxınlaşdı. Onun qoltuğunda bir yığın sənəd, əlində isə ağ tabaşir var idi…

         O, dairəvi cərgəni yararaq asfalt üzərində çəkilmiş rəsmə yaxınlaşdı və bir anlıq başını qaldırıb yaxınlıqda tikilməkdə olan onaltı mərtəbəli binaya baxdı sonra adamlara: - Dağılın, icazə verin, işimizi tamamlayaq…

           

 


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0251 saniye