Taleyin ironiyası
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 14:02 22 aprel 2015 tarixində əlavə olunmuşdur

Professor mühazirəni oxuyur, tələbələr isə tələsik, əyri-üyrü xətlə yazırdılar. Bir tək ondan savayı. Əlindəki qələmlə dəftər arasındakı məsafə həddindən artıq az idi.

Düşüncələrə qərq olmuşdu. Keçmişini düşünürdü. Geridə buraxdığı uşaqlıq illərini. Atası ilə anasının boşanmasını, məktəbdə qısa boyuna görə hər zaman gülüş obyektinə çevrilməsini, sevdiyi qıza uzaqdan-uzağa baxmasını, anası ilə hər bazar gəzintiyə çıxmasını. Və uşaqlıq dostunu. Ona özünə inam aşılayan dostunu.

Barmaqlarının arasında saxladığı qələmi astaca dəftərin arasına buraxıb üzünü pəncərəyə tutdu. Gözəl hava var idi.

-Ülvi!-professorun sərt səsi eşidildi.

-Bəli,-deyib ayağa qalxdı.

-Niyə yazmırsan?-professor eynəyini çıxardıb silməyə başladı.

Suala cavabı yox idi, bəlkə də var idi. Ülvi dərindən nəfəsini dərin çiyinlərini uşaqtək çəkərək qollarını açdı. Yəni “bilmirəm”.

Professor başını buladıqdan sonra eynəyini taxdı...

Dünən ona qutu göndərilmişdi. Şirniyyatlarla dolu idi. Dostundan idi. Əlində tutub saxladığı qutuya xəfifcə gülümsəmə ilə baxaraq şirniyyatlardan birini götürərək yeməyə başlamışdısa, birdən ildırım vurmuş kimi olmuşdu. Ağzındakı zorla çeynəyə-çeynəyə əlindəki şirniyyata nəzər saldıqdan sonra onu qutuya “qaytardı”. Qutunu masaya qoyub divanda əyləşdi. Dizlərinə dirsəklənib barmaqlarını saçlarına keçirtdi.

“Amin...Dostum mənim...Mən az qala unutmuşdum səni, amma sən...Sən...”

Ayağa qalxıb gəzməyə başladı. Amin də onun kimi cərrah olmaq istəyirdi. Eyni məhəllədə böyümüşdülər. Amin Ülvidən 2 yaş böyük olduğundan hər zaman onu qorumuşdu. Atası qəza nəticəsində ayağının birini itirəndə 9-cu sinifdə oxuyurdu. Atası Bəhram kişi şirniyyatçı idi. Balaca, amma şirin dükanı vardı. Hər səhər bazara gedib dopdolu sellofanla geri qayıdırdı. Sifarişləri təkbaşına yerinə yetirirdi, köməkçiyə ehtiyac duymurdu. O, öz işində zövq alırdı. Tez-tez onun dükanının pəncərəsindən içəriyə baxan uşaqlardan biri də Ülvi idi. Bəhram kişi yeganə övladının cərrah olmaq istəyinə hörmət edirdi. Amma çovğunlu qış günlərinin birində sifarişi ünvana çatdırmaq üçün mindiyi avtobusun sürücüsünün kobud idarəetmə nəticəsində törədilmiş qəzadan digərləri kimi yaxasını sağ-salamat qurtara bilmədi. Bəhram kişi həftələrlə xəstəxanada yatdı. Amin sürətlə yanaqlarından çənəsinə doğrulanan göz yaşları ilə atasının halını izləyərək yumruğunu bərk-bərk sıxırdı. Anasını doğum ərəfəsində itirdikdən sonra bir də atasını itirməyə dözməzdi.

Son seçimi atasının sənətini davam etdirmək oldu. Uşaqlıq arzusunu, cərrah olmaq istəyini qəlbində basdırdı...

Axşam düşmüşdü artıq. Ülvi eyvana çıxdı. Dirsəklənərək işıqlı küçələri izləməyə başladı.

“Mən uşaqlığımla bağlı hər şeyi keçmişdə buraxıb gəldim bu şəhərə. Atamın xəyanəti, valideynlərimin boşanması, atamın məni görməyə gəlməməsi, ondan bir məktub belə almamağım. Sinifdə ən balaca boylu oğlan olduğundan hamı məni ələ salıb gülürdü, dəfələrlə məktəbə gedən yolu dəyişib heç kimin olmadığı bir künc-bucaq tapırdım, əyləşib dizlərimi qucaqlayaraq ağlayırdım. Sevdiyim qız başqasının sevgilisi idi. Amindən başqa heç bir uşaq məni sevmirdi. Məni qoruyurdu. Hətta məktəbi buraxdıqdan sonra belə. Tez-tez dükana gedirdim. İzləyirdim onu. Atası ona sənəti ilə bağlı hər şeyi öyrədirdi. Protezli ayağı ilə əyləşib qalxarkən, gəzərkən həmişə içimdə bir az qorxu peyda olurdu. Amin dərslərimdə köməyini əsirgəməzdi...Amma ali məktəbə daxil olar-olmaz o şəhəri tərk etdim. Təkcə uşaqlığımı deyil, anamı, Amini, onun dükanını geridə buraxdım. Lənət!”

Gecəni yata bilmədi. Gözlərini tavana zilləmişdi. Aminin göndərdiyi qutunu düşünürdü. Görəsən bu, nəyə işarədir? Qalxıb əyləşdi. Aminin gözəl ürəyi vardı. Atasına görə etdiyi fədakarlığı bilməyən yox idi. Amma necə deyərlər, o-bir arzu, istək idi, basdırıldı, məhv edildi. Baxmayaraq ki, hazırladığı şirniyyatlarda özəl bir dad, ləziz, qoxu vardı və bu, onu atasından qat-qat fərqləndirirdi. Baxmayaraq ki, o qərardan peşmançılıq duymurdu, heç vaxt lənət oxumurdu. Baxmayaraq ki, gələcəyin ağxalatlılarını görəndə zorla deyil, səmimi gülümsəyirdi. Baxmayaraq ki...

Artıq qərarını qəti şəkildə vermişdi Ülvi. Sabah şəhərinə qayıdacaq. Amini görmək istəyirdi...

Şəhərə avtobusla qayıdırdı. Yeniləşən, dəyişən, əvvəlkidən fərqli “maska” taxan şəhərə gəlib çıxanda artıq günortadan xeyli keçmişdi.

Qapının zəngini basdı. Anası qapını açmadı. Bir daha zəngi basdı. Yenə qapı açılmadı. Yumruqla qapını döyməyə başladı, səsini qaldırıb “Ana, mənəm” qışqırdı. Vəziyyət dəyişmədi. Axı dünən danışmışdı anası ilə. Elə bu zaman çiyninə toxunan əldən diksinib cəld çevrildi. Qonşusu idi. İlahi! Necə də qocalıb. Ağarmış saçlar, qırışmış üz. Lamiyə xalanın dediklərini beyni qəbul edə bilmirdi. Necə yəni anası bu sübh tezdən ölüb? Kürəyini divara söykətdi. Lamiyə xala ona bir zərf uzatdı. Anasından idi. Açıb oxudu.

“Ülvim, əgər bu məktubu oxuyursansa, deməli artıq yoxam. Sənə illər boyu yalan söylədim. Bilirəm, əsəbiləşəcəksən mənə, səbəbini soruşacaqsan, amma mən həyatda olmayacam o vaxt. Bağışla məni, oğlum, amma, mən bunu etməli idim. Mənim çarpayımın altında karton qutu tapacaqsan. Hər şey oradadır...”

Lamiyə xala evin açarını ona uzadan kimi cəld onu qapıb kilidi açmağa başladı. Anası nəyə işarə vururdu? Ürəyinin döyüntüsü sürətlənirdi, alnını bürüyən tər pulcuqlarını əlinin tərsi ilə silib anasının otağına daxil oldu. Tələsik çarpayısının altından kartonlu qutunu çıxartdı.Gözlərinə inana bilmirdi. Atasından məktublar idi hamısı. Gözləri doldu.

“Ana, axı niyə? Niyə bunu etdin? Məni atama nifrət etməyə qoymadın, onu sevdiyini bilirdim...”

Anasının dəfnetmə mərasimində Amin də iştirak edirdi.

Hər ikisi yolun yarısına qədər susqunluğunu qoruyub saxlayırdılar.

-Amin,-deyə zorla səsini çıxartmağa müvəffəq oldu.

-Bəli, Ülvi.

-Necəsən?

Amin ayaq saxlayıb Ülvini qucaqladı...

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+18=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0214 saniye