Tanıdığı ilk kürən
Narniya tərəfindən "Hekayə" bolməsinə 19:58 06 mart 2016 tarixində əlavə olunmuşdur

Yaz günü. Şəhərin mərkəzində Gənc tamaşaçılar Teatrının önündə 2 gənc dayanıb ətrafa boylanırdılar. Dünənki Filarmoniyadakı hesabat konsertinin uğuru, xoş hisslər dalğası hələ də başlarını gicəlləndirirdi. Bu cür konsertlərdə tamaşaçılar, adətən, ya ifaçıların yaxın çevrəsi, ya da təsadüfən yaxud musiqiyə yönələn maraq səbindən binanın girişində yerləşdirilmiş afişadan konsert tarixlərini nəzərdə saxlayaraq təşrif buyuran tələbələr, yaşlılardır.

Fərhad və Malik bu gün təhkim tamaşaçıları- “Getsəm filankəs inciyər”- fikirləşən, bilet üçün ödədiyi bir neçə rəngli kağız əskinaz xatirinə, ya da kompozisiyanın ortasında zalı tərk etməyə üzü gəlmədiyindən konsertdə axıra kimi oturan yox, könüllü- səslənən musiqinin, sadəcə, bəyəndiyi hissəsini dinləyib uzaqlaşmaqdan çəkinməyən,yaxud heç ayaq saxlamadan bir neçə saniyə qulaq yoldaşı olacaq insanları xoşhal etmək niyyətində idilər. Adını səhv edə bilərəm deyə demirəm, amma dünyaşöhrətli musiqiçilərdən birinin konsertinin sabahısı bu cür küçədə ifa etdiyini dəqiq bilirəm və Fərhadgilin də bunu örnək aldıqlarından əminəm.

Fərhad futlyardan qəhvəyi lak libasa bürünmüş, bəzi qadınların həsəd apara biləcəyi bu, ecazkar siluetə sahib, hələ əcdadlarını Barokkoda qamarladığı şöhrətə indi də sahib olan gözəlini əlinə alıb köklədi. Tarım çəkilmiş 4 tel onun sol əlinin uzun, solğun, ağ barmaqlarının təzyiqi ilə bərkidildiyi qrifelə sıxıldı. Kamanı sağ əlində saxlayaaraq Malikə Mozart olsunmu?” dedi. Cavabında o, razılıq əlaməti olaraq başını tərpətdi. Sinxron olaraq iki növcavan musiqiçinin əlindəki kamanların havanı yararaq alətin simləri üzərində yuxarı-aşağı doğru sürüşməsi ilə skripkanın canlı, axıcı səsinin ətrafa yayılması bir oldu. İstirahət günü olduğundan küçə başdan-başa yeni ayaqaçan övladının hər cəhdlə bir neçə addım daha atacağına inanan gənc analar, əlləri bir-birinə daraqlanmış sevgililər, təqaüdə çıxandan sonra bütün günü evdə oturmağa səbri çatmamış, açıq havada gəzməklə nəinki vaxtın ötməsinə, o cümlədən sağlamlığına dinamika qatacağını düşünən təqaüdçülər və onlarla digər sakin ilə dolu idi.

Qısa hazırlıqdan sonra onlar ifa etməyə başladılar. Fərhad və Mahir hər kəsdən daha öncə özlərini musiqinin ağuşuna təslim etmişdilər. İlk əvvəl yoldan keçənlər ayaq saxlamır, sadəcə, maraqla süzərək yollarına davam edirdilər.  Bir müddət sonra təxminən 4 yaşlarında saçları qoşa hörüklərdə pərçimlənmiş, əlində çəhrayı hava şarı olan qızcığaz düz onların önündə dayanıb gülümsədi.Sonra isə ritmə uyğun olaraq başını və donunun ətəyini sağ əli ilə yırğalamağa başladı. Skamyada əyləşmiş qadın, ehtimal ki, anası, onu səslədi:

-Bircəgül, bura gəl! Tez!

 Bircəgül yerindən tərpənmədi. Fərhad " Nə maraqlı addır." deyə fikirləşdi, " Yəqin nənəsinin adıdır."

-Eee, yox, mənim xoşuma gəlir.Qulaq asıram! – deyərək anasına narazılığını bildirdi və heç nə olmamış kimi rəqsinə davam elədi. İndi artıq o, öz ətrafında fırlanır, çevrələr cızaraq rəqs edirdi. Dənizin o başından gəmiləri səsləyən işıq təki o da insanların diqqətini Fərhadgilin üzərinə cəmləmişdi. Sanki bayaqdan heç kəs musiqinin məhz onlar üçün , ayaq saxlayıb dinləmələri üçün səsləndirildiyini anlamırdılar. İnsanlar kütlə içərisində önə çıxmaqdan, əvvəllər səsləndirilməmiş fikri söyləməkdən çəkinərlər. Mütləq gərək kimsə başqası özünü irəli atsın və yalnız o, tənqid, təhqir olunmayacağı halda yerdə qalanlardan bəziləri də “Mən də belə fikirləşirdim“  desin.

Nəinki ifaçılar, o cümlədən artıq ayaq saxlamış 10-15 nəfər, bir-birindən təqribən 1,5m məsafədə yan-yana yerləşdirilmiş skamyalarda oturanlar da sulu xörəyə batırılmış boyat çörək tikəsi kimi səslənən musiqini ruhlarına hopdururdular.

Eləbil hansısa fövqəltəbii qüvvə “Başını sola çevir” deyirdi. Fərhad bu şüuraltı səsə tabe oldu. Yaxınlıqdakı skamyada orta yaşlı bir xanımın yanında od rəngli, kosmosdan görünən Çin səddisayağı qıvrılan saçları olan qız kiçik süd rəngli çantasını dizləri üstünə qoymuşdu. Nəzərləri qarşı-qarşıya saxladığı əllərindəki kitabın səhifələri üzərində qarışqa cəldliyi ilə soldan-sağa qaçırdı. Başını aşağı əymiş, saçları üzünü qapamışdı. O,  bir nəfəri xatırladırdı. Fərhad öz-özlüyündə məyusluqla qeyd etdi ki, onların ifası qızı mütaliəyə bu cür aludəliyindən ayıra bilməmişdi. Bu səbəbdən əlləri bir azca süstləşdi. Beynindən keçən çox qəribə bir fikir gülümsəməsinə səbəb oldu: Deyirlərmiş ki, bəs Hitler hakimiyyət üçün həyatı bahasına şeytanla saziş imzalayıbmış. Fərhad isə ani olaraq Bakının nədənsə bu gün gözə dəyməyən, sadiq növbətçisi dəli xəzri ilə müqavilə hazırdı ki, ani bir cəhdlə qızın onsuz pərişan saçlarını üzündən kənara toplasın. Bəs müqabilində nəyi qurban verərdi? Skripkasınımı? Deyirlər, incəsənət xadimləri, yaradıcı qəlblər tənhalığa məhkumdurlar, çünki, bir insanın iki sevgilisi ola bilməz. İncəsənət xəyanəti bağışlamır. Çox qəliz sual oldu deyəsən ?

” Axı bu cür axmaq fikirlər hardan ağlıma gəlir?” düşünərək fikri beynindən uzaqlaşdırdı, indi artıq onu başqa sual narahat edirdi. Görəsən, bu, zümrüdü yaşıl don geyinmiş qız o idimi? İlahə. Fərhadın parta yoldaşı. Ondan xoşu gələrdi. Məhz hər kəsdən fərqlənən kürən saçlarına, çənə, burun, ələlxüsus yanaqlarına düzülmüş narıncı çillərinə vurulmuşdu. Uşaqlar hətta bağça yaşlarında da sevirlər. Ölçüb-biçmədən. Həyatın istənilən ilində ürəyin ölçüsü yumruq boyda olur. Yaş artdıqca vücudun böyüyür, amma ürəyin bədənə nisbəti kiçilir. Yəqin ona görə insanlar zamanla ağılla sevməyə üstünlük verirlər.

O, hər kəs deyildi və heç kim o ola bilməzdi. Fərq etməz neçə yaşındasan, sevginin, eşqin ilk müjdəsi fərdiləşdirmək, xüsüsiləşdirmək meylinin yaranmasıdır.

İlahə... Fərhadın gördüyü, tanıdığı ilk kürən.   Sinif yoldaşları tosqun Çərkəzi İlahəyə “Çilli qırmızıbaş” dediyinə görə kötəkləməyə çalışsa da, əksinə yumruq yemiş, yaxşıca əzişdirilmişdi. Balaca qızcığaz olanlardan duyuq düşməmişdi. Fərhadsa bir neçə gün parta yoldaşının üzünə baxmağa cəsarət etməmişdi. Sonra mövcud sonsuz ehtimallarda olduğu kimi İlahəgil başqa mənzilə köçmüşdülər. Neçə il idi ki, heç rastlaşmamışdılar. Qəribədir.  Ağlagəlməz təsadüflərin mövcudluğu o qədər də böyük olmayan Bakıda onları rastlaşdırmamışdı. Dəyişmişdi. Tünd-qırmızı dodaq boyası sanki saçları ilə rəqabətə girmişdi. “ O ola bilərdimi?” deyə düşünərkən alnını qırışdıraraq nəzərlərini aşağı dikmiş, çalmağa fasilə vermişdi. “Əlbəttə ki, yox. “ Başını buladı və ona diqqət etməməyi qərara alıb davam etdi. Qəfil inadlı nəzərlər hiss etdi.  İndi kitab İlahənin dizləri, nəzərləri isə gah Fərhadın əllərində, gah da musiqinin ahənginə uyğun ifadəsini dəyişən simasında dolanırdı. Gənc ifaçının qəlbi izaholunmaz fərəhlə doldu. İndi o, daha şəstlə, həvəslə  Ştrausun müəllifi olduğu valsı ifa etməyə başladı. Fərhad çalışırdi ki, mümkün qədər biruzə vermədən gözucu onun simasını nəzərdən keçirib İlahə olub-olmadığını yəqin etsin, amma bu cür sıxlıqda bu, bir az müşkül məsələ idi. Bayaqdan tək istəyi daha çox dinləyicinin olması idisə, bu dəqiqə şüuruna hakim olan tək fikir “ Tez dağılışsaydılar, ya da seyrəlsəydilər, bilərdim ki, odur, ya yox.” idi. İntizar çox uzun çəkmədi. Bir neçə dəqiqədən sonra qız iti addımlarla Fərhada sarı gələrək, “Zəhmət deyilsə, Beethovenin” Kreysler sonatası”nı ifa edərsinizmi ?- deyərək gülümsədi, sonra başını bir azca sağa çevirdi. Gülümsəyən simasında xırda çuxurdakı gözləri qıyılaraq tamamilə itirdi.

“Lap onun kimi gülür” fikrini ağlından keçirən Fərhad qızı diqqətlə süzür, üzünün hər hissəsini diqqətlə nəzərdən keçirir, tanıdığı 7 yaşlı qızcığazla müqayisə edirdi. “Özüdür ki, var! Odur! İlahə! Niyə Malikdən yox, məhz məndən xahiş etdi. Yoxsa tanıdımı məni? Bəlkə də yox. Yanılıram”

Qarşısındakı qızın o ola bilmə ehtimalı üşəndirdi gənci. Udqundu. Boğazı düyünlənmişdi. Hətta ik sözü deyərkən ona elə gəldi ki, danışan özü deyil :

-Əlbəttə. Təsadüfən bayaq kitab oxuduğunuzun şahidi oldum . Fikirləşdim ki, qulaq asmırsınız, kitaba aludə olmusunuz ya da ifa zövqünüzcə olmayıb. Amma kitabın çox maraqlı olma ehtimalını qəbul etmək daha asan idi.

-Yox. Niyə ki... Sadəcə indi “Kresler sonatası” povestini oxuyurdum. Kitabdakı adıçəkilən sonetin mənə necə təsir edəcəyini bilmək istəyərdim. Kitabda çox maraqlı fikirlər yazılıb. Mənim nə fikirləşəcəyim mənə maraqlıdır. Amma bayaq da qulaq asırdım.-deyib skamyadakı yerinə geri qayıtdı.

" Bəlkə ədəbiyyat müəlliməsidir." - dodaqaltı gülümsəyərək nədənsə düşündü. Bir neçə dəqiqə ona nə deyə biləcəyini, özünü necə tanıdacağını, onun İlahə olduğunu necə yəqin edəcəyini, onu görən kimi od saçlarından tanıdığını necə deyəcəyini götür-qoy etdi. Qətiyyətsizlik, çəkingənliyi unutmaq gərəkdi. Sssenari hazırdı. Təfərrüatları ilə.

Başını qaldırdı. Ssenari hazırdı amma. O getmişdi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.027 saniye