...Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü.
Bu sözlər "Tövrat"ın ilk kitabı olan "Yaradılış" kitabındandır. Yəni, insanların Tanrı ilə birbaşa ünsüyyətdə olduğu dövrlərdən bəhs edir. Səmavi dinlərə görə insanlıq tarixində işlənmiş ilk cinayətdir. Əslində, bu yazını yazmağa məni ilhamlandıran uşaqlıq dostumla etdiyimiz söhbət oldu. Daha doğrusu, onun dediyi bu cümlə: "Din xofu olmasa bu ağzıqara gədələri yığıb-yığışdırmaq olmaz." Mən də dərhal R. Daukinzin kitabında oxuduğum bir əhvalatı misal çəkdim. Kanadanın hansısa bir ərazisində polislər etiraz əlaməti olaraq bir günlük tətil elan etmişlər və həmin o bir gündə cinayətin səviyyəsi pik həddə çatmışdır. Polislər tətil etməmişdən qabaq da həmin yerdə din var idi, polislər tətil edəndə də. Deməli, insanları cinayətdən çəkindirən Tanrı xofu yox, polis təşkilatlarıdır. Yəqin ki, həmin gün cinayət törədənlərin hamısının dinsiz olduğunu düşünmürsünüz. Əgər, onların içlərində bircə nəfər də olsa dinə inanan varsa bu Tanrı xofunun heç bir işə yaramadığını göstərir. Söhbətimizi düşünə-düşünə evə gəldim və bayaq yarımçıq qoyduğum filmə baxıb qurtardım. Sonra, google-da "ilk cinayət" yazaraq axtarış etdim və qarşıma Habil və Qabil hekayəsi çıxdı.
Bu hekayə özü heç bir misal göstərilmədən Tanrı xofunun nə qədər boş və mənasız bir şey olduğunu açıq-aşkar göstərməkdədir. Bilirisinizmi, Qabil qardaşı Habili Tanrı onun təqdim etdiyi hədiyyəni bəyənmədiyi üçün qısqanclıqdan öldürüb? Tanrı Qabilin hədiyyəsini qəbul etmir və Qabil qardaşını öldürür. Dolayısı ilə, bu cinayətə Tanrı səbəb olur.
Çox təəssüf ki, biz dünyada ilk cinayətin həqiqətən necə baş verdiyini bilmirik. Bəlkə də, babalarımız daha yaxşı mağarada yaşamaq üçün ilk dəfə başqa bir insanı öldürüblər. Bəlkə də, ilk dəfə bir kişi daha sağlam qadına sahib olmaq üçün başqa kişini öldürmüşdür. Daha çox yemək üçün insanlar rəqabət ediblər, rəqabətlər davalara çevirilib və bəlkə də, bu davaların birində təsadüfən insanlar ilk dəfə cinayət törədiblər. Bütün bunlar bir canlı üçün məntiqli səbəblərdir. Canlılar genə sahibdir və gen yaşamalı, inkişaf etməli və çoxalmalıdır. Hətta bu gün belə bu səbəblərdən törədilmiş cinayətləri məntiqli saymaq olar. Məntiqsiz olan isə birdən-birə Tanrıların peyda olması və insanların onların uğrunda bir-birilərini öldürməyə başlaması idi. Hər kəs öz Tanrısı uğrunda öldürməyə hazır idi. Sadəcə bir insan ölüm təhlükəsi ilə qarşılaşmırdı. Onlar özlərini peyğəmbər adlandıran və Tanrı ilə söhbətləşən, ondan əmrlər aldığını iddia edən yalançılar idi. Peyğəmbərlər Tanrıları uğrunda heç vaxt döyüşə getməzdilər. Hər kəsə Tanrının öldürməyi günah hesab etdiyini ilk cümlələrində deyirdilər. Daha sonra, öldürmək üçün olarlar peyda olurdu. Məsələn, başqa Tanrıya inananları öldürmək olar, çünki başqa Tanrı yoxdur. Tanrıya heç inanmayanları da öldürmək olar, çünki Tanrı buna qəzəblənir. Yalandan inandığını deyib amma əməldə bunu göstərməyənlər də Tanrıları qəzəbləndirib həmişə. Yer üzündə insanların uydurduğu bütün Tanrılar qəzəbli olub niyəsə. Tanrını qəzəbləndirənlər də onun könlünü almaq üçün hədiyyələr - qurbanlar verməli idi və bu qurbanlar indiki kimi qoyunlar, dəvələr, inəklər olmurdu. O dövrün Tanrıları İsmayıl kimi uşaqları istəyirdilər. Bəli, öldürməyin günah olduğunu deyənlər öldürmək üçün bəhanəlar yaradırdılar.
Qısacası, Tanrı bizi qorxudaraq cinayətin qarşısını almadı, əksinə, cinayət üçün daha çox səbəb yaratmış oldu. Tanrı xofu deyə bir şey yoxdur və insanlar Tanrıdan qorxduqları üçün cinayət etmirlər sözü yalandır. R. Daukinz demişkən, əgər elə olsaydı həbsxanada ancaq dinsizlər olardı. Tanrı cinayətin qarşısını almaqdan daha çox cinayət üçün bir səbəb, bir bəhanədir. Dünyada, onsuz da, yaxşı insanlar və onların Tanrıdan qorxduqları üçün yaxşı olduqlarını düşünmürəm. "Ağzıqara gədələr"ə isə Tanrı yox güclü polis təşkilatları lazımdır.