Tanrım.. Bəzən özümü o qədər aciz hiss edirəm ki. Qaçmaq da istəmirəm, yerimdə saymaq da istəmirəm. Heç nə gözləmirəm. Xoşbəxt olmağı və ya bədbəxt olduğumu bilmək mənə heç nə qazandırmaz, bilirəm. Buna görə də bilmirəm ki, xoşbəxtəm ya yox..
Qəlbimdəki yaralar incidir. Güclü olmağa çalışdıqca beynimdəki ssenarilər məni yenidən yazır. Nəfəs almağa qorxuram, bilirəm.. Bilirəm ki, hər nəfəsimdə boğuluram. Gülmək, vecsizlik mənim əhatə dairəmdən çox uzağa düşüb. Can dərdi gülüşlər və can dərdi xoşbəxtliklər məndə yarımçıq hisslər yaradıb. Adsız bir başdaşı kimi hiss edirəm özümü. Hər gələn keçən bir dua etsin bəsdi.. Yox.. ya da etməsin.. Allah rəhmət etsin deyirlər onsuz..
Tanrım.. Özümdə bilmədiyim bir güc kəşf etdim. Elə bir güc ki, ayağımın altını qazmağa çalışan hər kəsə uça bildiyimi göstərdim. O gücü mənə sən verdin.. Minnətdaram sənə.
Uğurlarım boşluqlara bir addım geriləmək idi. Su qədər şəffaf olmağa çalışdım. Su qədər saf qalmağa çalışdım. Həyat mənbəyi olmağa çalışmaq idi mənim kökümdəki xəta. Çünki unutmuşdum, suyun nə qədər dağıdıcı olduğunu..
Amma mən ancaq öz içimi dağıtdım. Tökdüm.. Topladım.. Yenə təzədən.. Yenə təzədən..
Tanrım.. İnsanların kədərinə elə kədərlənirəm ki.. Sanki insanların hər birinə içimdə bir otaq var. Amma çoxusu o otaqların qədrin bilmir..
Leylaya bənzəyir yazılarım bilirəm. Oxuduqca insanların mənə yazığı gəlməyindən də zəhləm gedir. Amma nə edəsən.. İnsanlardır.. Xəlq etdiklərindir, Tanrım..
Sadəcə sənə "hittə" demək istəyirəm..
Dünyanın, həyatımızın bir neçə böyük mafyozlar tərəfindən idarə edilməyi də mənə o qədər əzab verir ki.. Sərhədsiz dünyanı parça parça etdilər.. Böldülər istədikləri kimi.. Qandan sərhədlər çəkdilər.Qan içməkdən doymurlar bunlar..
Tanrım.. İnsanlara üsyanlarım sənə aid deyil.. İnsanlar özlərini allahlaşdırıb onsuz.. Güzgüdəki "əks"lərinə sitayiş edirlər. Bağışla onları, Tanrım..
Bağışla məni..
Bunları yazıram.. Yazdıqca utanıram, ağlayıram.. Yaralarımı cızıram, qanadıram. Sonra sən sarıyırsan..
Tanrım.. Ayağa qalxmaq belə çətindi ki?
Yox.. Onda qaldır yıxılanların vicdanlarını.
Bağışla məni də.. Bu sətirlərin hər birinə görə əzab çəkirəm. Çünki qəlbimdəki bilmirmi bunları guya.. Sən bilirsən axı , Tanrım..
Səndən bir parçayam.. Məni parçalayan parçalarına "adəmlik" ver..
İnsan olub neynədilər ki?
Tanrım.. Ümidlərim ay işığı qədər narın idi.. Mənə leylamı ver... Sənə şeirlərimi verim..