Kişi! Təkcə mənim üçün yox, hər kəs üçün Tanrı kişidir, kişi cinsinə mənsubdur. Çünki Tanrını qadın təsəvvür edə bilmirik. Tanrı kişi olmalıdır. Ona görə yox ki, bu yazını yazan da kişi cinsinə aiddir. Yox. Əgər sizə desələr ki, Tanrının rəsmini çək, sən Tanrını uzun ağ saqqalı, qoca və nurlu kişi şəkilində çəkəcəksən. Ola bilər kimsə Günəş çəksin, ürək şəkili çəksin, amma bu reallığı dəyişmir.
Oxucularda sual yaranacaq: Niyə? Niyə Tanrı kişi cinsinə məxsus olmalıdır? Niyə məhz Tanrının cinsi maraqlandırır səni? Bəlkə Tanrının heç cinsi yoxdur? Bəlkə heç Tanrı deyilən gözəgörünməz varlıq yoxdur ki, cinsi də olsun?...
Bu suallar çox davam edəcək. Amma əsas məsələ qıraqda qalacaq. Tanrı varsa, deməli onun cinsi də var. Niyə Tanrını qadın təsəvvür edə bilmirik, "Tanrının şəkilini çək" deyəndə beynimizdə kişiyə bənzəyən rəsm ortaya çıxır? Kimsə deyə bilər Tanrı qadın da ola bilər. Ola bilər, amma qadın deyil. Çünki sən Tanrını qadın təsəvvür edə bilmirsən, rəsmini çək deyəndə qadın şəkili çəkə bilmirsən. Bütün bunların əsaslı səbəbləri var.
Səbəb: çünki bütün peyğəmbərlər kişi olub. 124 minin hamısı. Hamısı da demək olar ki, saqqalı idi. Ona görə bizim təhtəlşüurumuzda Tanrı saqqalı kişidir. (Səni o göydəki kişiyə (allaha) tapşırıram!). Tanrı siyasi, iqtisadi, sosial anlayış yox, dini-mifik anlayışdır.
Tanrı obrazı daha çox kimə yaraşır: Karl Marksa, yoxsa Leninə? Rejissor olsaydınız Tanrı rolu üçün hansını aktyor kimi seçərdiz? Düz tapdınız: Karl Marksı. Mən də elə düşünürəm, çünki məntiqlisi budur - kor-kor, gör-gör.
Bütün politeist dinlərdə də baş Tanrılar olub. Məsələn, Qədim Yunanıstanda baş tanrı Zevs (Zeus), saqqalı kişi idi. Qədim Roma baş tanrısı Yüpiter - ona “tanrıların kralı” deyirlər, saqqalı kişi idi. Qədim Misirin baş tanrısı, Günəş allahı Amon Ra da, kişi idi, çənəsində saqqalı vardı. Qədim Mesopatamiyanın böyük tanrısı Enlil də saqqalı bir kişi idi. Hindistandakı 3 əsas tanrı - Brahma (yaradıcı), Vişnu (qoruyucu) və Şiva (dağıdıcı) da kişi cinsindən olublar. Adlarını çəkdiyim əsas, baş tanrıların şəkillərinə internetdə baxa bilərsiz.
Bunları bildikdən sonra AMEA-dan ilahiyyat üzrə fəlsəfə doktoru adını almış biri çıxıb bizə deməsin ki, "qardaş, Allahın cinsi yoxdur, Allah ruhdur. O cinsiyyətsizdir, ruhdur, işıqdır, nurdur". Onda sizə sual verirəm: nə vaxtdan ruhlar danışa bilir? Nə vaxtdan "Müqəddəs ruh" adlandırdığımız Tanrı qanunlar göndərir, onun peyğəmbərləri olub? Deməli, bütün peyğəmbərlər ruhla danışıb? Deyək ki, elədir. Amma bunu da deyək ki, hansısa şizofren də deyə bilər "gözümə ruh goründü, mən gözəgörünməz ruhla danışıram". Şizofrenlərin dediyini əsrlərlə peyğəmbərlər deməyib? Magiyada da ruh çağırma və onunla danışma var. Bəs niyə heç kim mediumu peyğəmbər adlandırmır – axı Tanrı ruhdur! Qısacası, üç təktanrılı din görünən Allahı görünməz etdilər, onu ruhlaşdırdılar.
Başqa mədəniyyət və dinlərdə tanrı görünən antropoteist olub. Bir qədər mövzudan yayındıq. Nəticə etibarilə düşünə bilərik ki, Tanrının cinsini bilməklə nə qazandıq, bu nəyi dəyişdi? Sadəcə bir şeyi – Tanrıya yanaşma tərzini.
P.S : Burda Allah sözünü Tanrı sözü ilə əvəz etmişəm ki, daha rahat qəbul edilən olsun. Yeri gəlmişkən, Allahın da cinsi kişi cinsidir. Etimoloji baxımdan bizim inandığımız Allah, “Al-ilah” sözündən yaranıb. Al-ilah da bütpərəst ərəblərin baş tanrısı idi və o da nə yazık ki, saqqalı kişi olub.
2015, fevral