Tarixi naməlum Ramana qalası
Vüsal Məmmədzadə tərəfindən "Reportaj" bolməsinə 23:01 15 iyun 2014 tarixində əlavə olunmuşdur

Ramanaya təzəcə daxil olmuşduq ki, möhtəşəm abidə əzəməti ilə bizi heyran qoydu. Qalaya yaxınlaşdıqca həyəcanımız bir az artırdı. Hər daşında Azərbaycan tarixinin ətri duyulan abidə, sanki, bu yerlərə nəzarət etdiyini söyləyirdi... “Ramana qalası” ilə görüşümüzdən xatirələrimizi bölüşürük...

Ramana qalasının XIII-XIV əsrlərə aid olduğu qeyd edilsə də, abidənin dəqiq tarixi məlum deyil. Həmçinin, qalanın kim tərəfindən, nə üçün inşa edildiyi də bilinmir. Qalanın daş kitabəsinin itməsi onun haqqında məlumatlar əldə etməyi çətinləşdirib.

Tikilinin XIII-XIV əsrlərə aid edilməsi təsadüfi deyil. Belə ki, həmin dövrdə Abşeronda silsilə qalalar ucaldılırdı. Buna Mərdəkan və Nardarandakı qalaları, eləcə də, Qız qalasını misal göstərmək olar. Abidə haqqında bizə məlumat verən Ramanada yerləşən 198 saylı orta məktəbin tarix müəlliməsi Xırdaxanım Hüseynova qalanın digər abidələrlə oxşar və fərqli cəhətlərini diqqətimizə çatdırdı. “Ramana qalası da Abşeron memarlıq üslubunda tikilib. Ancaq onun sıldırım qayanın üzrəində inşa edilməsi və tikinti zamanı daha gözəgəlimli memarlıq elementlərindən istifadə edilməsi abidəni digərlərindən fərqləndirir. Həmçinin, qalanın bu qədər yüksəklikdə inşasının da təsadüfi olduğunu zənn etmirik. Güman edilir ki, bu qalanın əsas funksiyaları müşahidə və məlumat ötürmək olub. Həmin dövrdə qalanın yerləşdiyi məntəqədən digər Abşeron qalalarını görmək mümkün idi. Ona görə, təhlükə vaxtı bu qaladan müxtəlif üsullarla digər qalalara məlumat ötürüldüyü ehtimal olunur”.

Qala həmçinin müdafiə məqsədi ilə istifadə edilirdi. İlk baxışdan, ölçüsü kiçik görünsə də, qala, əslində, düşməndən müdafiə olunmaq üçün əla imkanlara malik idi. “Bildiyimiz kimi, XIII əsr monqolların dağıdıcı yürüşləri ilə yadda qalıb. Həmin hücumlar şəhərlərin məhv olması və çoxlu insan tələfatı ilə nəticələnirdi. Buna görə də, həmin dövrdə düşməndən müdafiə olunmaq məqsədi ilə müxtəlif qurğular tikilirdi. Bu qalanın da daxilində yerləşən qüllənin ikinci mərtəbəsi sığınacaq kimi nəzərdə tutulmuşdu. Hücum vaxtı insanlar asma pilləkənlərlə qalanın yuxarısına çıxırmışlar. Daha sonra pilləkənləri də özləri ilə yuxarı qaldırırmışlar ki, düşmən yuxarıya qalxa bilməsin. Həmçinin, Abşeron qalalarının daha mürəkkəb texniki imkanları da var imiş. Güman edilir ki, Mərdəkanda və Nardaranda yerləşən qalalar, eləcə də, Ramana qalası yeraltı yollarla Qız qalası ilə əlaqəli imiş. Düşmən hücumları zamanı ehtiyac yaranarmışsa, həmin yollarla əhali Qız qalasında sığınarmış”, - deyən Xırdaxanım müəllimə, Qız qalası haqqında da maraqlı məlumatları bizimlə bölüşdü: “Yəqin, fikir vermisiniz, Qız qalasında birinci mərtəbədə pilləkən yoxdur. Böyük ehtimal, burda insanlar, Ramana qalasındakı kimi ikinci mərtəbəyə asma pilləkənlər vasitəsilə qalxırmışlar. Daha sonra, girişi daş lövhə ilə örtürmüşlər. Bu şəraitdə düşmən heç cür qalanın yuxarısına çıxa bilmirmiş”. 

Nəyə görə qəsr?

Ramana qalasının yaxınlığında yerləşdirilmiş məlumat lövhəsində, o, “Ramana qəsri” kimi təqdim olunur. Bu təqdimatın təsadüfi olmadığını nəzərimizə çatdıran Xırdaxanım müəllimə bunun memarlıq üslubu ilə əlaqəli olduğunu deyir: “Həmin dövrdə inşa edilən Abşeron qalalarına, həm də qəsr deyirlər. Bu, həmin qalaların görünüşü ilə əlaqədardır. Qalalar Orta Əsrlər Avropasında inşa edilən qəsrlərə çox oxşayır. Düzdür, məqsəd olaraq həmin qəsrlərdən tamamilə fərqlidir, ancaq görünüşün bənzərliyi onların qəsr kimi təqdim olunmasına kifayət edib. Yəni, bildiyimiz kimi, Avropa qəsrlərində feodallar, hökmdarlar, krallar qalırdılar. Abşeron qəsrləri isə əhalinin müdafiəsi və sığınacağı üçün nəzərdə tutulmuşdu”.

Qala məscidi

Qalanın yaxınlığında bir məscid də inşa edilib. Xırdaxanım müəllimə bu tikili haqqında danışarkən onun XVI əsrə aid olduğunu bildirdi. “Maraqlıdır ki, kənd ərazisinə görə o qədər böyük olmasa da,  məscidlər kifayət qədər olub. Ümumiyyətlə, Ramanada altı məscid fəaliyyət göstərib. Onlardan üçü dağılıb. Üçü isə hazırda da işlək vəziyyətdədir. Elə Ramana qalasının yaxınlığında inşa edilmiş məscid də hazırda fəaliyyətini davam etdirir. Kənd camaatı həmin məscidi, elə qala məscidi adlandırır”.

Ramana qalası filmlərdə 

Abidə bir çox filmlərin çəkilişində istifadə olunub. “Koroğlu”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlərin müxtəlif kadrlarında möhtəşəm abidəni görmək mümkündür.

Ramanın yaşlı sakinləri  həmin çəkilişləri çox gözəl xatırlayır. Onların xatirində maraqlı əhvalatlar da qalıb. Xüsusilə, dahi Bülbülün “Koroğlu” filmindəki bir səhnəsi burada yaşanların əksəriyyətinə məlumdur. Elə sakinlərdən eşitdiyimiz həmin əhvalatı olduğu kimi nəzərinizə çatdırırıq: “Bülbül “Koroğlu” filminin çəkilişində bir epizodda qolu bağlı ata minir. Həmin vaxt o, atdan yıxılır. Çəkilişi görən yaşlılarımız danışır ki, sonrakı epizodda dublyordan istifadə olunur. Filmə də diqqətlə baxsanız, görərsiniz ki, Bülbülün siması göstərilmir”.

Kənd camaatının bu cür çəkilişlərə həmişə böyük maraqla yanaşdığını qeyd edən Xırdaxanım müəllimə də, nənələrindən, babalarından maraqlı əhvalatlar eşitdiyni bildirdi: “Qalada belə çəkilişlər çox olurdu. Camaat da işini-gücünü qurtaran kimi çəkiliş yerinə qaçırdı. Kənddə yaşayanlar üçün belə şeylər çox maraqlı idi. Əhali çəkiliş qruplarına kömək edərdi. Bəzi filmlərin müxtəlif epizodlarında kənd camaatı iştirak etmişdi. Elə, götürək, “Nəsimi” filmini... Həmin filmin bir səhnəsində kəndin uşaqlarından istifadə edilib. Ümumiyyətlə, düşünürəm ki, filmlərin ərsəyə gəlməsində kəndimizin camaatının böyük əməyi olub”.

Gileyliyik...

Bir çox tarixi sərvətlərimiz kimi, Ramana qalasına da layiqli diqqəti göstərə bilmirik. Gözəl bir turizm obyektinə çevirə biləcəyimiz tikili hazırda özbaşına buraxılıb. Abidənin qonşuluğunda evlər tikilib. Bu evlərin hasarları ilə qala divarları arasında 5-6 metr məsafə olar, ya olmaz... Qalaya nəzarət edən kimsə də yoxdur. Açar qonşuluqda yaşayan bir nəfərə tapşırılıb. Nazirlikdən icazəmiz olduğunu deyəndən sonra açarı alıb qalaya daxil ola bildik. Ancaq bir nəfər yox idi ki, abidə haqqında bizə məlumat versin. Nəzərinizə çatdırım ki, Ramana qalası öz möhtəşəmliyi ilə, nə Qız qalasından, nə də digər abidələrdən geri qalır. Ancaq, nədənsə, diqqətə layiq bilinməyib. Təəssüf ki, tarixin iyi hopmuş daşlar da insan vicdansızlığının qurbanı olub. Boyalarla və digər vasitələrlə qala divarlarına müxtəlif sözlər həkk olunub.

Sonda...

Ramana təkcə bu abidəsi ilə yox, məscidləri, hamamları və digər tikililəri ilə də öyünə bilər. Sadəcə, həmin tarixi abidələrə daha diqqətlə yanaşmaq lazımdır. Biz Ramana qalasının qayğıya möhtac olduğunu gördük. Ümid edirik, gələn səfərimizdən sonra qaladan ayrılanda nigaran qalmarıq...

Yenidən qayıtmaq ümidi ilə kəndlə və səmimi Ramana camaatı vidalaşırıq...  

"Simsar jurnalı", may 2014 buraxılışı üçün. Fotolar Nuranə Novruzundur.


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
3+25=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0292 saniye