Zamanda səyahət, yoxsa?
1928-ci ildə ekranlaşdırılmış “Sirk” filminin bir səhnəsi sonradan böyük marağa səbəb oldu. İrlandiyalı kino həvəskarı Corc Klarkın diqqətini çəkən səhnə internetdə böyük müzakirələrə gətirib çıxardı. Sözügedən səhnədə bir qadın əlində tutduğu (“mobil telefon olduğu iddia edilir”) cihazla (və ya, hansısa başqa obyektlə) danışa-danışa küçədə gəzir. Videokadr tədqiq edildikdən sonra montaj edilmədiyi və 1928-ci ildə çəkilən kadrlarla eyni olduğu aydınlaşdırıldı. Bu vaxt səslənən versiyalar içərisində ən maraq doğuranı zamanda səyahətlə bağlı idi. Belə ki, tədqiqat prosesində iştirak edən şəxslərin bəziləri qadının zamanda səyahət nəticəsində 1928-ci ilə gəldiyini bildirirdilər.
Vaxt keçdikcə versiyalar da çoxalırdı. Bu yaxınlarda yenidən müzakirə olunmağa başlayan kadrda qadının əlində tutduğu obyektin, əslində, eşitmə cihazı ola biləcəyi vurğulandı. Həmin dövrdə böyük həcmli eşitmə cihazlarının mövcudluğundan danışan ingiltərəli kinematoqraf Tomas Heydenberq və qadının da əlində tutduğu obyektin elə eşitmə cihazı olduğunu qeyd etdi.
Növbəti versiyada isə qadının əlindəki obyektin buz parçası olduğu bildirildi. Belə ki, dişi ağrıyan qadın həmin dövrün primitiv ağrıkəsici vasitəsi kimi buz parçasından istifadə edirdi.
Amerikalı kinematoqraf Aleks Loverinq isə bu kadrı film sənətinin ən sirli səhnəsi adlandırıb və düşünür ki, bu sualın cavabını tapmaq üçün mütləq o qadının kimliyini müəyyənləşdirmək lazımdır.