Tarixin ironiyası
Şəfiqə Şəfa tərəfindən "Reportaj" bolməsinə 17:00 28 aprel 2015 tarixində əlavə olunmuşdur

28 aprel tarixini hər bir azərbaycanlı ilk növbədə Sovet hakimiyyətinin Azərbaycanda qurulması ilə yadda saxlayıb. Həm də təyinatı, təbliğatı ilə dabandabana zidd olan bir tarix. 71 il azadlıq (və ya ağ günə çıxmaq) kimi qeyd müddətini, istifadə tarixini başa vurduqdan sonra yenə də təqvim ardıcıllığında ön sıranı qorudu. Lakin bu dəfə tam əksinə - işğal günü kimi. Əlbəttə, hər iki tarixi fakt ağır çəkilidir – azadlığın əldə olunması və itirilməsi, həm də bunlara başqa günlər çuvala giribmiş kimi bir gün ayrılması, əlahəzrət Xronosun siyahısında boy göstərməyə bilməzdi.  Sadəcə, bir məqam acınacaqlıdır ki, tarix heç vaxt müstəqil olmayıb: dünyanın müstəmləkələrinin, vassallarının siyahısını tutan, məğlubiyyətini təsvir edən bu elm sahəsi özü həmişə sistemlərin, quruluşların, fərdlərin köləsi olub. Yəni, kor kora kor deməsə... Özü kimlərinsə əlində alət olanın, bir başqasına, topluma məğlubiyyətini, işğalını xronoloji ardıcıllıqla gözə soxması, üstəlik 71 il xımır-xımır, hiyləgərcəsinə başqa adla təqdim etməsi toxunur, nəinki toxunur, həm də yaralayır.

Amma məsələnin başqa bir tərəfi də var. Molla Nəsrəddin demiş: "Allah o qədər insafsız deyil ki, bir millətə həm vəbanı, həm də pis padşahı birdən göndərsin”. Bəli, bədbəxtlik də gərək növbəsini gözləsin: Sovet rejimi növbəylə vəbanı – repressiyanı, kütləvi qorxunu, ateizmi və s., sonra pis padşahlar və onların əyan-ərəfi ilə əvəzlədi. Amma biz müsəlmanlar 12 dəfə imama ağlamaqla yanaşı, 1 dəfə də Yezidin xatirəsini yad edirik. Haqqında danışılan quruluşun yaxşı tərəflərini – maarifçiliyini, elmə, kitaba olan təbliğatını, sadəliyi, əxlaqını və digər müsbət keyfiyyətlərini barmağa düzsək, onda sıravi xalqın "ağ günə çıxma" bayramı kimi illərdən bəri bəh-bəhlə bayraq yelləməsini anlamaq olar: toplum bu "bayram”dan istədiyinin çoxunu ala bilmişdi. Əlbəttə, milli qürur, azadlıq, istiqlaliyyət bir millətin bəzəyidir, şanıdır, özünütəsdiqidir. Amma hamı Babək deyil bir günlük azadlığı, 40 illik rahat boyunduruqdan üstün tutsun, azadlığın hər bir əziyyətini, qara gününü, çatışmazlığını qəbul eləsin. Müdriklərdən birinin belə sözü var: kütlə qadın kimidir, o yalnız güclü, onu yaxşı təmin edən kişiləri sevir. Kütləyə onu doyuzduran, onu doğru idarə edən, asayişini təmin edən, dinc həyat bəxş edən, onun yerinə bütün problemlərini həll edən, övladlarını, gələcəyini özündən daha çox düşünən bir sistem lazım idi, onu da Aprel küləyi özüylə gətirdi, may istisi möhkəmlətdi, beləcə 71 il təbiətin fəsilləri, dörd ünsürünü özünəməxsus şəkildə yola saldı.    

Təbii ki, tarixi günlər təkcə xronoloji sənədləri bəzəmir, həm də nələrəsə işarə edir. Skeptiklərin qulağından iraq, əlamətləri bir-birinə calamaqda pərgaram. Təqvimin bu gününə dair tarixi hadisələri sıralayarkən, qəribə bağlılıqlara rast gəldim. Maraqlıdır ki, bu gündə sovet və faşist antonimi (tarixin müəyyən dönəmlərində sinonimi) çox qəribə şəkildə üst-üstə düşür, həm də tarixin fərqli illərində. Sadalayım siz də baxın: 

1900 – Henrix Müller – Adolf  Hitlerin silahdaşlarından biri, nasist cinayətkar, Gestaponun rəisi bu tarixdə anadan olub. Ayağındakı cinayətləri sadalamaqla qurtarmaq olmaz – təkcə bir ifadə ilə ümumi ad qoyaq: qəddar padişahın zalım vəziri.

1907 – Zoya Voskresenskayanın doğum tarixi  –  II Dünya Müharibəsində əsas kəşfiyyatçı, başqa sözlə, Müller və Hitlerin qənimlərindən biri.

1908 – Oskar Şindler  – alman iş adamı, bütün var-dövlətini xərcləməklə faşistlərdən 1100 yəhudini xilas edən, nasistlərin gözünün düşməni də 28 apreldə anadan olub. Gəmidə oturub gəmiçilərlə dava eləməklə, faşist hakimiyyətinin sütunlarından birini qıra bilib. Məşhur "Şindlerin siyahısı” filmi onun haqqında çəkilib. Xilas olmuş yəhudiləri bu gün də "Şindlerin yəhudiləri" deyə çağırır və ya yad edirlər.

1939 – Adolf  Hitler Polşa-Almaniya arasında imzalanmış qarşılıqlı hücum etməmək razılaşmasını ləğv edib. Bununla da II Dünya Müharibəsinə vüsət verib.

1945 – Benito Mussolini - Faşist İtaliyasının rəhbəri 28 aprel tarixində suyunu bulandırdığı dünyaya gözünü yumub. İtalyan faşizmini yaratmaqla, özündən daha qəddar Hitlerin əlinə su töküb.

1953 – Stalinin kiçik oğlu Vasili Stalin həbs edilib. Həm də atasının öldüyü il, ya da əsl Sovet rejiminin bitdiyi il. Ondan sonrakı yumşaldılmış rejim sadəcə, sərt qayaya çıxarılmış yolu üzüaşağı düşmək idi.

1988 – Mixail Qorbaçov Rusiya patriarxı ilə görüşündə kilsədə ibadət kultunun geri qaytarılmasını elan edib.  Bununla da sovet rejiminin əsas ideologiyasına – ateizmə külüng vurub.

Və nəhayət, 1990 – Sovet İttifaqının sonuncu marşal rütbəsi verilib. Onu qazanan isə müstəqillik üçün çarpışan, boyunduruq altından çıxmağa can atan xalqların qanını əlində hopdurmuş Dmitri Yazov olub.

Beləcə, 71 illik tarixin bir günündə toplanmış qəribə təsadüf və ya tarixin sirli, müəmmalı "pıçıltısı”... Bu pıçıltını qulağı yaxşı eşidənlər duya bildilər. Sonucda pıçıltı hamının eşidə bilməsi üçün deyil. Amma bir məqamı da unutmayaq ki, Xronos yunan mifologiyasında tarixə, zamana hökm edən Tanrıdır. Tanrının da ənənəvi xüsusiyyəti əlində olanı istədiyi kimi idarə etmək, qarşılaşdırmaq, birləşdirmək, imtahan etmək və sonda tarixin bir məzarında – keçmişdə gömməkdir.   

 

... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+21=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0256 saniye