Təbiət təsviri
Araz Ahmadov tərəfindən "Digər yazılar" bolməsinə 02:20 10 may 2012 tarixində əlavə olunmuşdur

Balaca qarışqa da digər heyvanlar kimi qış yuxusundan oyanmışdı. Çünki yaz gəlmişdi. Günəşin ilıq işığı meşəni isidirdi. Bu ilıq şüalardan bitkilər, heyvanlar və torpaq öz payını alırdı.
Balaca qarışqa qış boyu qarnını yaxşı doyurmuşdu. Axı keçən yay çox işləmişdi və əməyinin nəticəsi olaraq çoxlu yem toplaya bilmişdi. İndi isə yeminin hamısı qurtarıb. Hələ hava tam isinməsə də, işləmək olar. Ağaclardan damcılayan əriyən sırsıraların suyu qarışqanın meşədə irəliləməsinə mane olurdu. Amma qarışqa bu su damcılarından məharətlə yayınırdı. Yem axtarırdı balaca qarışqa. Nəhayət, axtarışı nəticə verdi. Yaşlı bir çinarın dibində özünə yem tapdı. İndi bu yemi yuvaya aparmaq lazım idi. Yuvadan çox aralanmışdı. Ağır yükü ilə çox yol getməli idi. Nə isə...Əziyyət çəkdi, amma yemini yuvaya çatdıra bildi. Sonra yenə yuvadan çölə çıxdı. İndi növbəti yem dalınca getmək lazım idi. Balaca qarışqa getdikcə isinən havada həvəslə işləyirdi. Yazı sevirdi balaca qarışqa. Buna görə də cırcıramaların, çəyirtkələrin çıxardığı cürbəcür sələr ona xoş gəlirdi. Elə bil özündə yazın bütün gözəlliklərini cəmləyə bilmişdi bu səslər.
Ağacların dibində boy göstərən bənövşələrin yanından ötüb keçən balaca qarışqa növbəti yemini tapdı. Bunu da sürüyüb yuvaya çatdıra bildi.
Artıq yay idi. Balaca qarışqa isə işinə davam edirdi. O bilirdi ki, qışda hər şey çətin olacaq. Yuvadan çıxmaq mümkün olmayacaq. Ona görə də işləməyə və yem toplamağa məhkumdur. "Növbəti yaza sağ çıxmaq istəyirsənsə, bu qaydaya əməl etməlisən". Bu qış yuxusuna gedən təbiətin yazılmamış qanunudur.
Payız gəldi. Hər gün yağış yağırdı. Amma bu yağışı yazdakı yağışlardan fərqləndirən bir xüsusiyyət var idi. Bu yağış dayanmaq bilmirdi. Yaz yağışı balaca qarışqanın xoşuna gəlirdisə, payızdakı yağışdan heç xoşu gəlmirdi onun. Artıq yuvadan da çıxmırdı. Arabir yuvanın ağzına gəlir, yuxuya hazırlaşan təbiətə tamaşa edirdi. Yarpaqların necə saralıb öz budaqlarından düşməyinə baxırdı. Bu onun heç xoşuna gəlmirdi. Qarşıda isə sərt qış var. Amma o, narahat deyil. Çünki yaz və yay aylarında lazımi qədər yem toplaya bilib. İndi qalır gələn yazı gözləmək. Balaca qarışqa da belə edəcək.


... dəfə oxunub
Qiymət: 6/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+17=
Hesaba giriş
Müəllif

Araz Ahmadov
Haqqında

Əlaqə
E-mail:
arazahmadov@yahoo.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0208 saniye