TƏCRÜBƏSİZ RUH
Şəfiqə Şəfa tərəfindən "" bolməsinə 20:06 05 sentyabr 2014 tarixində əlavə olunmuşdur

TƏCRÜBƏSİZ RUH

 

Kleyton özünün sonuncu hekayəsini danışarkən hər şeyin necə baş verdiyini yaxşı xatırlayıram. İndiki kimi gözümün önündə canlanır: o, alovlanan buxarının qarşısındakı dəbli divanın küncündə oturub, yanında isə Senderson, müştüyündə öz soyadı yazılmış dəyişilməz gil qəlyanını çəkir. Yanımızda Evans və Uiş də var. Kleyton tanınmış, yaxşı aktyorlardan sayılırdı, bununla belə, çox ciddi adam idi.  

Biz şənbə günü səhər “Sirena” klubunda toplaşıb qolf oynamağa getmişdik. Bircə Kleyton bizimlə gəlməyib gecəni orda keçirdi, elə hekayəti də bundan başlandı. Bütün günümüzü ta hava qaralana qədər qolf oynamaqla keçirmiş, sonra şam eləmişdik. İndi də elə qayğısız əhval-ruhiyyədəydik ki, adətən adam yeyib-doyandan sonra dincələndə belə olur və maraqlı bir əhvalata qulaq asmaq istəyir. Kleyton da öz hekayətini danışmağa başlayanda biz təbii olaraq düşündük ki, o, özündən uydurur. Bəlkə də, həqiqətən uydururdu?! Bu barədə oxucular yaxın gələcəkdə – yəni hekayəni oxuyub bitirəndə məndən də yaxşı qərar verəcəklər.

O, öz hekayətinə hər hansı bir real hadisə haqqında danışırmış kimi çox ciddi başladı. Biz bunu islaholunmaz yalançının hiyləsi zənn etdik.

– Yeri gəlmişkən, – o, ocaqdan qalxıb havada uçuşan, Sendersonun əliylə dağıtdığı odlu qığılcım yağışına doyunca tamaşa edərək sözünə başladı. – Bilirsiniz ki, bu gecəni burda tək keçirmişəm.

– Xidmətçiləri saymasaq, – Uiş düzəliş etdi.

– Hansı ki, binanın o biri tərəfində yatırlar, – Kleyton əlavə elədi. – Hmm, belə...

Bir müddət o, dinməzcə siqarını sümürdü, sanki şübhə edirdi ki, bu adamlarla səmimi olmağına dəyər, ya yox. Nəhayət, təəccüblü dərəcədə sakit, adi səslə dedi:

– Mən ruh tutmuşdum.

– Ruh? – Senderson təkrar soruşdu. – Bəs o hanı?

Kleytonun böyük pərəstişkarlarından olan və Amerikaya bir aylıq səfərdən yenicə qayıtmış Evans bağırdı:

– Ruh deyirsiniz, Kleyton? Əla! Danışın bizə, bu necə oldu?

Kleyton ona cavab verdi ki, indi danışacaq və xahiş etdi ki, qapını kip örtsünlər.

– Sözsüz ki, burda heç kim qapıdan bizi dinləmir, – o, sanki qarşımızda üzr istəyirmiş kimi izah etdi. – Amma burda məsələ elə qəribədir ki, ruhlardan danışarkən çaxnaşma düşməsini istəmirəm.  Bununla zarafat etmək olmaz. Həm də o ruh da qeyri-adi idi. Düşünürəm ki, o, bir də bura qayıtmayacaq, heç vaxt qayıtmayacaq.

– Deməli, siz onu saxlamadınız? – Senderson soruşdu.

– Ona yazığım gəldi.

Senderson təəccübünü bildirdi. Bizsə hamımız gülüşdük. Amma Kleyton çəpəki qımışaraq azacıq dilxor halda dedi:

– Bilirəm sizə qəribə gəlir. Amma məsələ burasındadır ki, o, doğrudan da ruh idi. Buna sizlə indi danışdığıma əmin olduğum kimi əminəm. Zarafat etmirəm. Bu həqiqətdir.      

Senderson qırmızımtıl gözləri ilə Kleytona qıyqacı baxaraq qəlyanından dərin bir qullab alıb sözdən daha təsirli görünən nazik tüstü dumanı buraxdı. Amma Kleyton bu “hücum”a fikir vermədi.

– Həyatımda bundan əcaib şeylə rastlaşmamışam. Başa düşürsünüz, əvvəllər heç vaxt ruha-zada inanmamışam, heç vaxt. Və birdən əsl ruhu divara qısnamalı oldum. Onunla çox əlləşdim, bilmirəm nədən başlayım.

Bunu deyib yenidən fikrə daldı, qeyri-ixtiyari ikinci siqarı çıxarıb ucunu həmişə üstündə gəzdirdiyi xüsusi bıçaqla kəsdi.

– Siz onunla söhbət etdiniz? – Uiş soruşdu.

– Hə, təxminən bir saat çəkdi.

– Nə danışqan imiş! – deyə mən şübhəcil adam kimi söz atdım.

– Yazıq ruh çətinliyə düşmüşdü, – siqarının üzərinə əyilmiş Kleytonun səzində xəfif məzəmmət duyuldu.

– Zar-zar ağlayırdı? – bizlərdən kimsə soruşdu.

Kleyton dərindən ah çəkdi.   

– Aman allahım, hə! – dedi. – Özü də necə ağlayırdı, yazıq!

– Siz onunla harda rastlaşdınız? – Evans xalis amerikalı ləhcəsi ilə soruşdu.

– Mənim heş ağlıma gəlməzdi ki, ruh belə zavallı ola bilər, – Kleyton ona cavab vermədən sözünə davam etdi. 

Sonra yenidən söhbətini dayandırıb kibrit üçün cibini eşələdi. Siqarını yandırıb bir neçə qullab vurdu. Tələsən yerimiz olmadığından səbirlə gözləyirdik.

– Zavallı! Onu başa düşürəm, – dalğın halda dedi. – Xasiyyət hətta adam cismini itirəndə də qalırmış. Adətən, biz bunu unuduruq. Əgər bir insan sağ ikən iradəli, məqsədyönlüdürsə, öləndən sonra ruhu da belə olacaq. Düşünürəm ki, ruhların çoxu yer üzündəki əksər diri adamlar kimi öz ideyalarının quluna çevriliblər. Dönüb-dolaşıb eyni yerə qayıdırlarsa, deməli eşşək kimi tərsdirlər. Amma bu bədbəxt tamam başqa çür idi.

Kleyton birdən başını qaldırıb qəribə tərzdə otağa göz gəzdirdi. 

– Mən xətrə dəyəcək söz işlətmək istəmirəm, – dedi. – Amma məhz belədir: o, ilk andan məndə zəif adam təsiri bağışladı.

O, alışdırılmış siqarı yellədə-yellədə danışırdı.

– Bilirsiniz, mən onunla bax orda – uzun dəhlizdə rastlaşmışdım. O, arxası mənə tərəf dayandığından ilk görən mən oldum. Dərhal anladım ki, bu, ruhdur. O tamam şəffaf, ağımtıl idi; bədəninin içindən dəhlizin o başındakı pəncərəni görmək mümkün idi. Nəinki onun simasında, hətta duruşunda belə zəiflik vardı. Başa düşürsünüz, o, bundan sonra nə edəcəyini bilməyən adamlar kimi dayanmışdı. Əlinin birini divara dirəmişdi, digərini isə dodağına qoymuşdu – bax belə!

– Ümumiyyətlə, necə birisiydi? – Senderson soruşdu.

– Əldən düşmüş, çarəsiz kimi... Bilirsiniz, nazik boyunlu, balaca, yastı başlı, eybəcər qulaqlı, kirpi kimi dik saçlı idi. Çiyinləri sallanıb az qala, belinə düşürdü; şəffaf da olsa görə bilirdim ki, ucuz pencəyinin yaxası qırışmış, şalvarı torbalanmış, ayaqqabısının dabanları yeyilmişdi. Bax, qarşımda beləcə dayanmışdı. Mən ehmalca pilləkənləri qalxırdım. Özümlə şam götürməmişdim: şam pilləkən meydançasındakı stolun üzərində qalmışdı. Üstəlik lampa da yanırdı. Ayağımda da yumşaq məst vardı. Yuxarı qalxarkən mən onu dərhal gördüm. Yerimə yapışmış kimi dayanıb gözümü ona zillədim. Təsəvvür edin ki, heç bir damcı da qorxmadım. Güman ki, belə dəqiqələr insanların düşündüyü kimi çox vahiməli olmurmuş. Təəccübləndim və əlbəttə ki, maraq məni bürüdü. “İlahi, bu ruhdur! Nəhayət ki!” – deyə öz-özümə düşündüm. Axı iyirmi beş ildir ki, bir saniyə də olsun ruhun mövcudluğu fikrini qəbul etməmişəm.

– Hmm, – Uiş dilləndi.

– Ancaq təxminən bir dəqiqədən sonra o, meydançada mənim varlığımı hiss etdi. O, dərhal başını çevirdi və mən cavan bir oğlanın profilini gördüm. Bu, balaca burunlu, fırçabığlı, zərif çənəli bir gənc idi. Beləcə bir-birimizə baxa-baxa qaldıq: o, çiyni üzərindən mənə baxırdı. Sonra, görünür, özünün ilahi üstünlüyünü xatırladı. Dönüb dikəldi: başını qaldırıb əllərini qabağa uzatdı, bütün təsəvvür olunan ruhlar kimi barmaqlarını aralayıb mənə doğru gəldi. Eyni zamanda, çənəsi sallanmışdı,uzun-uzadı uladı: “Bu-u-u!” Yox, bu heç də qorxulu deyildi. Mən təzəcə yemək yemişdim, bir şampan şüşəsini boşaltmışdım, üstəlik tənhalıqdan iki-üç, yox deyəsən, dörd, hətta beş qədəh viski içmişdim. İçkinin verdiyi cəsarətdən qaya kimi möhkəm dayanmışdım və keçirdiyim yüngül qorxu vardısa, o da üstünə qurbağa tullananda hiss etdiyin diksinmə səviyyəsində idi.

“Bu-u! – deyə onu lağa qoydum, –  bu nə cəfəngiyatdır! Siz bu kluba üzv deyilsiniz, elə isə burda nə işiniz var?”

Onun diksindiyini gördüm. Yenə də ulartısına davam etdi.

“Buna bax da! Məgər siz bu klubun üzvüsünüz? – deyib onun gözümdə heç bir şey olduğunu göstərmək üçün düz üstünə addımlayıb çəpəki halda ruhun içindən keçərək stolun üzərindəki şamı götürdüm.

“Siz klubun üzvüsünüz?” – deyə qıyqacı ona baxıb sualımı təkrarladım. Yenidən üstünə yeriyəcəyimdən ehtiyat edib azacıq kənara çəkildi; çox pərişan görkəmi vardı.

“Yox, – deyə mənim sualedici baxışlarıma tab gətirməyib dedi. – Klubun üzvü deyiləm, mən ruham!”

“Bu sizə haqq vermir ki, “Sirena” klubuna girəsiniz. Siz burda kimisə görməyə gəlmişdiniz?”

İçkinin təsirindən zəifləmiş əlimin titrəməsini qorxaqlıq hesab etməsin deyə tələsmədən, sakitcə şamı yandırdım; sonra onu qarşımda tutub dedim.

“Axı burda nə edirsiniz?” – deyə soruşdum.

O, əllərini aşağı salıb ulartısını kəsdi və zəif xarakterli, axmaq bir cavanın ruhu kimi qarşımda karıxmış halda dayandı.

“Mən bu dünyaya zühur etmişəm”, – dedi.

“Burda zühur etməyinizə gərək yox idi”, – sərt şəkildə ona dedim.

“Axı mən ruham”, – özünə haqq qazandırmaq üçün etirazını bildirdi.

“Ola bilər, – dedim, – amma bura gəlməməliydiniz. Bura mötəbər, özəl bir klubdur. Buranın üzvləri ailəsi, uşaqları və onların dayələri ilə birlikdə gəlir, gecələyirlər. Sizsə laqeyd halda buralarda dolaşırsınız. Hansısa bir uşaq gecə oyanıb sizi görsəydi, ölümünə qorxardı. Bu heç ağlınıza gəlməyib?”

“Yox, cənab, bunu düşünməmişəm” – deyə cavab verdi.

“Düşünsəydiniz pis olmazdı, – dedim. – Sizin məhz bu kluba hansısa bir iddianız yoxdur ki? Ümid edirəm ki, burda öldürülməmisiniz”.

“Yox, cənab, heç bir xüsusi iddiam yoxdur. Sadəcə düşündüm, madam ki, bina belə qədimdir, palıd lövhələrlə pərçimlənib...”

“Bu izahat səhvinizi bağışlamır! – deyə ona sərt nəzər saldım. – Sizin bura gəlişiniz bir səhv idi, – təkəbbürlə bildirdim. Özümü elə göstərdim ki, guya cibimdə kibrit axtarıram. Sonra yenə də üzümü ona tutub birbaşa dedim. – Sizin yerinizdə olsaydım xoruz banını gözləməzdim, elə indidən yoxa çıxardım”.

“Məsələ burasındadır ki, cənab...” – o, çaşqın halda sözə başladı.

“Yoxa çıxmalısınız!” – deyə təkrarladım.

“Elə iş orasındadır ki, cənab, bunu bacarmıram”.

“Bacarmırsınız?”

“Bəli, cənab. Ola bilsin ki, nəyisə unutmuşam. Mən dünən gecədən burdayam. Künclərdə, komodların arxasında, boş otaqlarda gizlənirəm. Özüm də bilmirəm ki, mənə nə olub. Əvvəllər heç vaxt dünyaya zühur etməmişdim, ona görə də bu işdə təcrübəli deyiləm. Lap başımı itirmişəm”.

“Təcrübəli deyilsiniz?”

“Bəli, cənab. Bir neçə dəfə cəhd etdim, amma bir şey alınmadı. Sözsüz ki, hansısa bir xırdalığı unuduram və bu səbəbdən də gəldiyim yerə geri dönə bilmirəm”.

Mən əməlli-başlı karıxıb qalmışdım. O isə mənə elə məyus halda baxırdı ki, məni öldürsəydilər də, artıq onunla əvvəlki kimi təkəbbürlü halda söhbəti davam etdirə bilməzdim.

“Qəribədir, – dedim və mənə elə gəldi ki, aşağı mərtəbədə kimsə gəzişir. – Mənim otağıma gedək. Orada mənə hər şeyi ətraflı danışarsınız. Belə heç bir şey anlamaq olmur”.

Onun əlindən tutmaq istədim, amma əlbəttə ki, bu, tüstünü tutmaq kimi bir şey demək olduğundan, cəhdim boşa çıxdı. Çaşqınlıqdan otağımın harda olduğunu unutmuşdum, ona görə də bir-bir otaqlara baxmalı oldum. Yaxşı ki, həmin mərtəbədə mən tək qalırdım. Nəhayət, otaqların birində öz avadanlığımı tanıdım. 

“Bax belə, – deyib kresloya yayxandım, – əyləşin və hər şeyi ətraflı izah edin. Deyəsən, çox çətin vəziyyətə düşmüsünüz, dost!”

O dedi ki, oturmaq istəmir, əgər etiraz etmirəmsə, yaxşısı budur otaqda uçuşsun. Və biz uzun, ciddi söhbətimiz ərzində o, beləcə uçuşmağa başladı. Tezliklə içdiyim viskilərdən ayılmağa başladım və necə bir şeytani, inanılmaz vəziyyətə düşdüyümü aydınca dərk etdim: mən oturmuşam və gözümün önündə – təmiz, səliqəli, qədimi güllü pərdəli yataq otağımda xalis klassik, şəffaf, yüngül, zəif səsi güclə eşidilən ruh sağa-sola uçuşur. Onun siluetinin işindən təzəcə təmizlənmiş mis qəndilin parıltısı, buxarıdakı qığılcımlar, divardakı çərçivəli şəkillər görünür. O isə mənə yaxın vaxtlarla yarıda qalmış uğursuz, mənasız həyatından danışır.  

  Onun sifəti deməzdim ki, çox səmimi idi, amma bütün içini görmək mümkün olduğundan, əlbəttə ki, həqiqətdən başqa bir şey danışa bilməzdi.

– Necə yəni? – birdən Uiş kreslosunda dikəlib soruşdu.

– Nə? – Kleyton onun sualını anlamadı.

– Yəni bu necə ola bilər? Onun şəffaf bədənindən içi göründüyü üçün, ancaq həqiqəti danışmalıydı! Başa düşmədim.

– Elə mən özüm də başa düşmürəm, Kleyton çox ciddi halda cavab verdi. – Amma sizi inandırım ki, bu beləydi. Bircə onu bilirəm ki, bir an belə olsun o, həqiqətdən uzaqlaşmadı. Mənə necə öldüyünü danışdı: əlində yanan şamla zirzəmiyə enibmiş ki, baxsın qaz hardan sızır, beləcə partlayış olub. Bu sızma məsələsi ortaya çıxanda o, Londonun qapalı məktəblərindən birində ingilis dilindən dərs deyirmiş.

– Zavallı! – deyə dilləndim.

– O danışdıqca tam əmin olurdum ki, onun mövcudluğu ölümündən əvvəl olduğu kimi sonra da əhəmiyyətsiz olub. Atası, anası, məktəb müəllimi – bütün yaxınları haqqında qəzəblə danışırdı. O, çox incik, əsəbi idi; düşünürdü ki, heç kim onu anlayıb, qiymətləndirə bilməyibmiş. Deyəsən, onun ömrü boyu heç bir yaxın adamı olmayıb, buna görə də həyatda uğur qazana bilməmişdi. İdmandan yayınıb, imtahanlardan kəsilib...

“Bəzi adamlarda belə olur, – mənə izah edirdi, – imtahan otağına girən kimi öyrəndiklərimin hamısı başımdan çıxırdı”.

Əlbəttə ki, nişanlanıb, üstəlik özü kimi zəif xarakterli bir qızla... Güman ki, qaz partlayışı hadisəsi ilə bu iş də yarıda qalıb.

“Bəs indi hardasınız?” – deyə soruşdum.

Amma bu mövzunu nəsə dumanlı şəkildə izah etdi. Söhbətindən belə anladım ki, o, hələ də qeyri-müəyyən, aralıq bir yerdə yerləşir; günah və ya savab kimi müəyyən şeylər işləməyə qadir olmayan zəif ruhlar üçün nəzərdə tutulmuş yerdədir. Nə isə... dəqiq bilmirəm. O, öz dərdinin hayında idi, elə də ağıllı adam deyildi ki, onun hekayətindən Cənnət və Cəhənnəm haqqında aydın təsəvvür yaradım. Amma harda olursa-olsun, görünür, elə özü kimi ruhların – Londonun sadə sakinlərindən olmuş cəsarətsiz, ağciyər, amma öz aralarında dostluq edən, bir-birini yaxşı anlayan cavanların arasına düşmüşdü. Onlar, yəqin ki, öz aralarında hansı ruhun nə vaxt, harda zühur etməsi kimi sonsuz söhbətlər aparırmış. Elə o da belə ifadə işlədirdi: “Zühur etməyə çıxdım”. Bu, onların arasında böyük bir şücaət sayılırdı və onlardan əksəriyyətinin belə bir qəhrəmanlığa təşəbbüs etməyə cəsarətləri çatmırdı. Onu da gərək ki, dünyaya zühur etməyə həvəsləndirmişdilər.

– Maraqlıdır! – Uiş buxarıya baxa-baxa ucadan söylədi.

– Hər halda, mən onu anlayırdım, – Kleyton ciddi şəkildə izah etdi. – Bəlkə də, mən onun hekayətinə ayıq başla yanaşmaq iqtidarında deyildim, amma o, yerləşdiyi ərazini, içində olduğu mühiti məhz bu cür təsvir etdi. Beləcə otağımda uçuşa-uçuşa, zəif, boğuq səsi ilə özü, uğursuz taleyi haqqında danışaraq, əvvəldən-axıra kimi bir dəfə də olsun ağır ittihamlar dilinə gətirmədi. O, sağ olduğu vaxtdan daha üzgün, səfeh, daha işə yaramaz biri olmuşdu. Amma əgər sağ vaxtı bu xarakterdə mənim yataq otağımda, qarşımda dayanmış olsaydı mən onu qovardım.

– Əlbəttə ki, – Evans dedi. – Dünyada belə aciz adamlar da varmış...

– Elə onlarda da bizdə olduğu kimi öz əhatəsindən olan ruhları var, – deyə mən razılaşdım. 

– Onun haqqında qəti olaraq bir şeyi dəqiq demək mümkündür: o, öz bivecliyini dərk etməyə başlamışdı. “Zühur etmə” vəziyyəti ilə düşdüyü dolaşıqlıq onu yaman əldən salmışdı. Ona deyilibmiş ki, “zühur edib doyunca əylənmək olar” və o da beləcə “əylənməyə” çıxıbmış. Amma gördüyünüz kimi, heç bir şey alınmayıb və ayağına daha bir uğursuzluq yazılmışdı. O deyirdi ki, özünü tam bir uğursuz, naçar hesab edir. Onun sözlərinə görə, – mən tamamilə buna inanıram – həyatda nədən yapışıbsa heç nə alınmayıb və əsrlərlə də alınmayacaq. Bəlkə də, ona mərhəmət edən birinə rast gəlmiş olsaydı... Bunu deyərkən o, susub mənə baxdı. Sonra bildirdi ki, qəribə də olsa, mənim kimi heç kim onun halına acımayıb. Mən dərhal anladım ki, ona nəyə eyham vurur və o dəqiqə onu mühakimə eləməyə başladım. Ola bilsin ki, mən rəhmsiz bir əclaf kimi hərəkət elədim, amma bu xudpəsənd bivecin istər şəffaf olsun, istərsə də cismani, fərqi yoxdur, yeganə dostu və tərəfdaşı olmaq gücündə deyildim. Tez ayağa qalxdım.

“Bundan ötrü özünüzü üzməyin, – dedim. – Siz başqa bir şey haqqında düşünməlisiniz: tezliklə düşdüyünüz vəziyyətdən çıxış yolu tapmalısınız. Özünüzü ələ alın və cəhd edin”.

“Alınmayacaq”, – dedi.

“Hələ siz bir cəhd edin”.  

Və o, cəhd etməyə başladı.

– Cəhd etdi? Nəyə? – Senderson soruşdu. 

– Çapalamağa, – Kleyton cavab verdi.

– Necə yəni çapalamağa?

– Bu, əl-qol hərəkətidir: çətin jestlərdir. Bu yolla o, dünyaya zühur edə bilmişdi və bu cür də geri qayıtmalıydı. İlahi! Necə əzab çəkdim!

– Amma hansısa çapalamaqla bu necə ola bilər?.. – deyə mən də fikrimi bildirdim.  

– Əzizim, – Kleyton sözünü xüsusi vurğulayaraq üzünü mənə tutdu. – Siz hər şeydə aydınlıq istəyirsiniz. Mən də bilmirəm bu necə ola bilər. Təkcə onu bilirəm ki, bu belə edilir. Yəni hər halda o, belə edib. O, çox çapaladı və nəhayət əlini yanına sallayıb birdən yoxa çıxdı.

– Bəs siz bu əl-qol hərəkətlərini gördünüzmü? – Senderson soruşdu.

– Bəli, – deyə Kleyton cavab verib fikrə daldı. Sonra yenidən sözünə davam etdi. – Bu, çox qəribə idi. Az əvvəl biz onunla burda dayanmışdıq – mən və arıq, tutqun ruh bu sakit otaqda, xəlvəti salonda, sakit şəhərdə, səssiz gecədə birlikdəydik. Bizim səsimizdən və o, əllərini yelləyərkən nəfəsinin ağırlaşmasından başqa heç bir səs-səmir yox idi. Şamın biri buxarının üstündə yanırdı, digəri isə dolabçanın üzərində. İşıq yalnız bu iki şamdan saçılırdı və gah bu, gah da o biri şamın şölələri qəfil artır, uzun, titrək alovun dilləri sayrışırdı. Qəribə şeylər baş verirdi...

“Yox, alınmır, – deyə ruh gileyləndi. – Mən indi heç vaxt...” Və birdən çarpayının yanındakı yumşaq kətilə çöküb hönkürməyə başladı. İlahi! O, necə də aciz, bədbəxt idi!   

“Yaxşı, yaxşı özünüzü üzməyin, – dedim və təsəlli vermək üçün kürəyini şappıldatmaq istədim. Amma, Allah mənə lənət eləsin, əlim onun siluetinin içindən keçdi. Başa düşürsünüz, bu vaxt mən artıq pilləkəndəki kimi sarsılmaz dərəcədə təmkinli deyildim. Mən artıq tamamilə baş verənlərin gərginliyini dərk edirdim. Yadımdadır, əlimi tələsik çəkib gecə masasına tərəf getdim.

“Özünüzdə güc toplayın, – ona dedim. – Bir daha cəhd edin”.

Onu həvəsləndirmək və kömək etmək üçün özüm də onunla bərabər çapalamağa başladım.

– Nə? – Senderson təəccüblə soruşdu. – Siz də çapaladınız!

– Bəli, çapaladım.

– Amma axı... – deyə sözə başlamaq istəsəm də həyəcandan fikrimi izah edə bilmədim.

– Bu çox maraqlıdır, – Senderson qəlyanındakı tütünü barmağı ilə basaraq müdaxilə elədi. – Deyirsiniz ki, bu ruh sizə...

– Şübhəsiz ki, bütün gücü ilə mənə öz sirrini açdı.

– Yox əşşi, – Uiş etiraz etdi. – O, bunu edə bilməzdi, yoxsa siz də onun ardınca yoxa çıxardınız.

– Tamamilə doğrudur! – Uiş mənim fikrimi bölüşüb dilə gətirdiyi üçün sevindim. 

– Düzdür, – Kleyton özü də dalğın halda ocağa baxaraq cavab verdi.

Bir müddət heç birimiz dinmədik. 

– Amma əvvəl-axır bu onda baş tutdu? – Senderson soruşdu.

– Bəli, sonunda baş tutdu. Mən onu necə lazımdır, güc sərf eləməyə vadar etdim və bu onda gözlənilmədən baş verdi. O, artıq tamamilə taqətdən düşmüşdü, biz hətta mübahisə də elədik. Sonra birdən qalxıb məndən xahiş etdi ki, hər şeyi çox yavaş-yavaş göstərim ki, o, dəqiq görə bilsin.

“Mənə elə gəlir ki, əgər çapalamağa kənardan baxsam, səhvimin nədə olduğunu dərhal anlayaram”, – dedi.  Belə də oldu.

“Bildim!” – birdən o bağırdı.

“Nəyi bildiniz?” – soruşdum.

“Bildim, bildim” – deyə elə hey təkrarladı. Sonra belə bir əsəbi tonla mənə dedi. – “Əgər siz mənə tamaşa eləsəniz, mən bunu bacarmayacam. Sizin baxışlarınız altında bu alınmayacaq, vəssalam. Lap ən başdan işin xırdalığı bundaydı. Mən əsəbi adamam, siz məni çaşdırırsınız”.

Burda biz mübahisə eləməyə başladıq. Əlbəttə ki, mən baxmaq istəyirdim, amma o da qatır kimi tərs idi. Ancaq mən tezliklə it kimi yoruldum. O, məni əməlli-başlı taqətdən salmışdı. Ona görə də fikrimdən daşındım.

“Yaxşı, sizə baxmayacam”, – dedim. Sonra da üzümü çarpayının qarşısındakı güzgülü paltar dolabına çevirdim. O, hər şeyi lap başdan, həm də sürətlə etməyə başladı. Mən güzgüdən ona baxırdım, bilmək istəyirdim ki, səhvimiz nədə olub. Onun qolları təkər kimi fırlanırdı, ovucları çevrilmişdi: bax belə! Və son hərəkət: düz dayanıb qollarını aralayırsan və başını dala atırsan. Başa düşürsünüz, onun orda dayandığını görürdüm, birdən o yox oldu! Artıq qarşımda deyildi! Yoxa çıxmışdı! Gözlərimə inanmayıb, güzgüdən çevrilib baxdım – boşluq! Mən tək qalmışdım, yalnız şamların şöləsi artıb-azalırdı və başımda hər şey dolaşmışdı. Bu nə idi belə? Ümumiyyətlə, nəsə baş vermişdimi? Bəlkə yuxu görürdüm?! Və bu an, sanki sonu bildirmək, yekun nöqtəni vurmaq üçün  pilləkəndəki saatın əqrəbləri gecə saat biri vurdu. Bax belə: Bomm! Bu mənim ayıq olduğuma işarə idi. Fikirlərim aydın idi. İçdiyim şampan və viski elə bil buxarlanıb kainatın dibinə uçmuşdu. Mən özümü olduqca qəribə hiss edirdim, etiraf edirəm: olduqca qəribə!.. Möcüzəli idi, ilahi!

Bir müddət susub siqarının közərən ucuna tamaşa elədi.

– Bax belə, bu da mənim başıma gələnlər, – nəhayət dilləndi.

– Sonra siz gedib yatdınız? – Evans soruşdu. 

– Başqa neyləyə bilərdim ki?

Biz Uişlə bir-birimizə baxışdıq. İstehza edib məsxərəyə qoymaq istədik, amma Kleytonun səsində və davranışında elə bir qeyri-adilik vardı ki, zarafatlaşmaq fikrindən daşındıq.

– Bu çapalamaq məsələsi necə olur? – Senderson soruşdu.

– Güman edirəm ki, sizə göstərə bilərəm.

– Oho! – deyə Senderson təəccübünü bildirərək cibindən bıçaq çıxarıb gil qəlyanının külünü eşələməyə başladı. Sonra bıçağını qatlayıb dedi. – Niyə də elə indi bunu bizə göstərməyəsiniz.

– Mən elə hazırlaşırdım, – Kleyton bildirdi.

– Bu heç bir işə yaramayacaq! – Evans dedi.

– Bəlkə yaradı... – mən etiraz etdim.  

– Bilirsiniz, məncə, lazım deyil, – Uiş ayağını uzadıb dedi.

– Niyə? – Evans təəccübləndi.

– Lazım deyil, – Uiş təkrarladı.

– O, necə çapalamaq lazım olduğunu heç dəqiq bilmir, – Senderson qəlyanına həddindən artıq tütün basıb dedi.

– Eybi yox, yenə də lazım deyil, – Uiş dediyindən dönmədi.

Biz Uişlə mübahisə etməyə başladıq. O inandırırdı ki, Kleytonun bu hərəkəti ciddi məsələlərə rişxənd eləmək kimi görünəcək.

– Siz ki buna inanmırsınız? – mən soruşdum.

Uiş fikirli halda ocağa tamaşa edən Kleytona nəzər saldı.

– İnanıram... Hər halda, yarıdan çoxuna inanıram, – deyə cavab verdi.  

– Kleyton, – onu səslədim, – siz bizim üçün mahir gopçusunuz. Hər şeyə yaxşı başlamışdınız. Amma bu yoxa çıxma məsələsi... bir az ağ oldu. İndi etiraf edin ki, siz bütün bunları özünüzdən uydurmusunuz.

O, cavab vermədən ayağa qalxdı, gəlib otağın düz ortasında dayandı; üzünü mənə çevirdi. Bir dəqiqə fikrini cəmləşdirərək ayaqqabılarının burnuna baxdı, sonra gərgin baxışlarını qarşı divara dikib beləcə donub qaldı. Sonra yavaşca əllərini gözünün hündürlüyünə qaldırıb başladı... 

Qeyd edim ki, bizim Senderson mason1 idi və bütün keçmiş və əsl masonların sirrinin aşkar edilməsi və tədqiqi ilə uğurla məşğul olan Dörd kral adlı mason lojasının üzvü idi. Bu loja üzvləri arasında araşdırmalarına görə Senderson heç də axırıncı yerlərdən birini tutmurdu. Ona görə də belə müəmmalı hərəkətlərdən xəbərdar idi. O, öz qırmızımtıl gözləri ilə Kleytonun hərəkətlərini böyük maraqla izləyirdi.   

– Pis deyil, – Kleyton bitirəndə o dedi. – Bilirsinizmi, Kleyton, siz bunların hamısını təəccüblü dərəcədə dəqiq yerini yetirdiniz. Sadəcə olaraq, bir yerdə vacib məqamı unutdunuz.

– Bilirəm, – Kleyton cavab verdi. – Mən hətta məhz hansı yerin və məqamın olduğunu dəqiq göstərə bilərəm.

– Hansı?

– Budur! – deyə Kleyton ovuclarını göstərərək qəribə şəkildə qollarını büküb çevirdi.

– Bəli.

– Bax elə ruhda da məhz bu hissə alınmırdı, – Kleyton izah etdi. – Siz bunu hardan bilirsiniz?

– Sizin bütün hekayətinizdə mənə çox şey qaranlıq qaldı, xüsusilə də onu necə uydurmağınız... – Senderson dedi. – Amma məsələnin bu tərəfinə mən yaxşı bələdəm. – O, bir az düşünüb sözünə davam elədi. – Bu əl-qol hərəkətləri masonluğun tərkibindəki müəyyən mistik cərəyanla bağlıdır. Bu, yəqin ki, sizə də bəllidir, yoxsa hardan bilirdiniz? – O, yenə də düşünüb dedi. – Məncə, ovucların düzgün çevrilməsini sizə göstərsəm zərər olmaz. Nəhayətində siz bunu ya bilirsiniz, ya da bilmirsiniz.

– Mən heç nə bilmirəm, – Kleyton dedi. – Ötən gecə o zavallının mənə göstərdiklərindən başqa heç bir şey bilmirəm.

– Fərq eləməz, – Senderson deyib özünün gil qəlyanını olduqca ehtiyatla daş lövhənin üzərinə qoydu və əllərini yelləməklə nəsə sürətli bir hərəkət göstərdi.

– Belə? – Kleyton onun hərəkətlərini təkrarlayaraq soruşdu.

– Bəli, – Senderson cavab verib qəlyanını götürdü.

– İndi isə, – Kleyton dedi, – mən əvvəldən-axıra kimi hər şeyi düzgün göstərə bilərəm.

O, alovlanan buxarının qabağında dayanıb gülümsünərək bizi süzdü. Amma, məncə onun təbəssümündə nəsə qətiyyətsizlik kölgəsi vardı.  

– Əgər indi başlasam... – dedi.

– Məncə, heç başlamasanız yaxşıdır! – Uiş bildirdi.

– Nə danışırsınız! – Evans etiraz etdi. – Cisim belə məhv olmur. Doğrudanmı, siz düşünürsünüz ki, bütün bu hoqqalar Kleytonu o biri dünyaya aparacaq? Heç də yox! Mənə gəlincə, Kleyton, ürəyiniz nə qədər istəyir məşq edə bilərsiniz, ta qollarınız yorulanacan.

– Mən razı deyiləm, – Uiş bunu deyib ayağa qalxaraq Kleytonun çiyinlərini qucaqladı. – Siz hekayətinizin yarıdan çoxuna məni inandıra bildiniz və dediklərinizi əməldə təkrar etmənizi istəmirəm.

– Pərvərdigara! – mən təəccübləndim. – Uiş yaman qorxub! 

– Bəli, – deyə Uiş ya həqiqi, ya da mükəmməl oynanılmış süniliklə bildirdi. – Mən inanıram ki, o, bunun hamısını necə lazımdır eləsə, yoxa çıxacaq.

– Siz nə danışırsınız! – deyə qışqırdım. – Adi insanların bu dünyadan köçmələri üçün yalnız bir yol var və Kleyton da bu yolu ən az otuz ildən sonra başa vuracaq. Üstəlik, o ruh necə də aciz olub! Doğrudanmı, siz düşünürsünüz ki?..

Amma Uiş mənə sözümü bitirməyə imkan verməyib kreslolarımızı aralayaraq stola yaxınlaşdı.

– Kleyton, – dedi, – siz axmaqsınız!  

Kleyton dirçəlib cavab əvəzi ona gülümsədi.  

– Uiş düz deyir, – o dedi, sizsə yanlış düşünürsünüz. Mən yoxa çıxacam. Bütün çapalama hərəkətlərini axıra qədər yerinə yetirəcəm və sonuncu əl yelləməsini də edib qollarımla havanı yaracam: bir-iki! Sonra bu xalçanın üstündə artıq heç kim olmayacaq, otaqda lal heyrət hökm sürəcək və beş pud çəkidə olan sanballı bir centlmen o biri dünyaya köçəcək. Mən buna əminəm. Siz də görəcəksiniz. Daha mübahisə etmək fikrində deyiləm. Gəlin əməldə göstərək!

– Yox! – Uiş bir addım qabağa atmışdı ki, dayanmalı oldu və Kleyton əllərini qaldırıb zavallı ruhun elədiyi çapalama hərəkətini yenidən təkrarlamağa başladı.

Bu vaxt ərzində bizim hamımız xüsusən, Uişin anlaşılmaz davranışından olduqca həyəcanlanmışdıq. Gözümüzü Kleytondan çəkmirdik. Bu həyəcandan kürəyimdə elə bir ağrı hiss etdim ki, elə bil belimdən boynumun ardına qədər gərilmiş polad yaya dönmüşdüm. Kleyton isə tam bir ciddiyyətlə, hansısa ali bir təmkinlə çapalayır – əyilir, ovuclarını çevirir və əllərini yırğalayırdı. Elə ki o, sona yaxınlaşdı, artıq buna dözmək mümkün deyildi, hətta dişlərimiz həyəcandan şaqqıldamağa başlamışdı. Sonuncu hərəkət, artıq dediyimiz kimi, ondan ibarət idi ki, qollar yana aralanır və baş geri qanrılırdı. O, qollarını yana açıb bu son hərəkətini edəndə mən az qala, həyəcandan boğulacaqdım. Əlbəttə ki, axmaqlıqdır, amma ruhlar haqqında əhvalata qulaq asarkən eyni hissləri, yəqin ki, duymusunuz. Söhbət axşam olmuşdu, özü də qədimi, qaranlıq, sirli bir binada. Birdən həqiqətən də...   

Xeyli, hətta dözülməz dərəcədə xeyli müddət o, beləcə, əllərini yana açmış, sakit üzünü çilçırağın tutqun işıqlarına tərəf tutmuş vəziyyətdə dayandı. Biz sanki, əbədilik donmuş kimiydik, sonra dodaqlarımızdan bir az yüngülləşmə ahı, bir az da məyus haray qopdu: “Yox! Hər halda gördük ki, o yoxa çıxmadı. Bütün bunların hamısı uydurma idi. O, bizə boş nağıl danışıb və az qala, hamımızı buna inandırıb, vəssalam!”

Amma elə bu an Kleytonun üz ifadəsi dəyişdi. Onun üzü işıqlar sönəndə evin fasadı necə dəyişirsə, bax eləcə dəyişdi. Gözləri bir nöqtədə dayanmış, təbəssümü dodaqlarında donmuşdu. O isə hələ də yerində dururdu, yüngülcə yırğalanırdı. Elə bu məqam da elə bil ömrümüzdən pay aldı. Ancaq sonra stullar hərəkətə gəldi, hər şey yerə düşdü və biz ona tərəf cumduq. Kleytonun dizləri titrədi və qabağa – düz Evansın qucağına yıxıldı.

Biz hamımız donub qalmışdıq. Əvvəlcə heç kəsdən səs çıxmadı. Biz həm inanırdıq, həm də inana bilmirdik... Küt keyimədən ayılanda gördüm ki, Kleytonun qarşısında dizi üstə dayanmışam, onun köynəyinin yaxası yırtılıb və Sendersonun əlləri onun ürəyinin üstündədir...

Bax belə! Qarşımızdakı artıq tələskənlik tələb etmirdi: baş verənləri sonadək dərk edənə qədər gözləmək olardı. Kleyton beləcə, düz bir saat qaldı – o, elə həmin gündən mənim hafizəmdə çaşqınlığın qara yükü kimi həkk olunub. Kleyton həqiqətən də o biri dünyaya köçmüşdü – bizim dünyadan çox uzaq və çox yaxın olan dünyaya adi, ölümlü insanlara xas olan yeganə yol vasitəsilə köçmüşdü. Amma bu ölüm həmin zavallı ruhun təsiri ilə baş vermişdimi, yoxsa məhkəmə ekspertizasının nəticəsinə görə maraqlı hekayətinin ortasında onu apopleksik zərbə2 vurmuşdumu, deyə bilmərəm. Bu, izaholunmaz müəmmalardan biridir, hər şeyin yekun təsdiqi olana qədər həll olunmamış da qalacaq. Mən yalnız bir şeyi dəqiq bilirəm: o da Kleytonun o biri dünyaya getmək üçün çapalama hərəkətlərini etdiyini və məhz bundan sonra onun sifətinin dəyişildiyini, yırğalanıb gözümüzün önündə ölü düşdüyünü... Vəssalam!      

 

1 Masonluq – XVII əsrdə Avropada yaradılmış gizli təşkilatdır. Lakin tarixi yəhudi padişahı Süleyman peyğəmbərə qədər gedir. İngiliscə free mason – azad bənna sözündən götürülüb, çünki təşkilatı ilk olaraq bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologiyasına görə Allah da dünyanın memarıdır. Masonluq yerli lojalardan (hər birində 50 nəfər) ibarət olur və onlar gizli şəkildə ərazini idarə edirlər. Bu kiçik lojalar Ali lojaya tabedirlər. Hazırda dünyada 6 milyondan artıq mason olduğu güman edilir. 

2 Apopleksik zərbə – Beyində qan dövranının qəfil dayanması deməkdir. Beyində damar tıxanıqlığı və ya yırtılması nəticəsində baş verir. 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+4=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0393 saniye