Oxumayan üçün heç bir şey yazılmamışdır.
(Mövlana)
Özümü təqdim etməyə ehtiyac duymuram, onsuz da heç kim məni tanımır. Tanınmazlıq -əslində beləsi daha təhlükəsizdir, rahatdır. Heç tanımalı da deyillər. Yüz minlərlə tələbədən biriyəm. Adi tələbəyəm. Ona görə də, nə fikirləşirəmsə, onu da deyəcəm – senzurasız!
Əvvəlcə deyim ki, tələbə olmaqda qeyri-adi bir şey yoxdur. Bu adicə, ali məktəbdə oxuduğumuz üçün tələbə paltarı “geyinməkdir”. Cəmiyyətdə hansısa rol oynayırsan və qarderobundan özünə lazım olan tələbə paltarını geyinirsən. Bu, statusdan başqa bir şey deyil. Sabah isə əsgər, biznesmen, ər, ata, baba və ölü ola bilərsiz. Status dəyişir... Əgər hələ də tələbə olmaq üçün universitetə qəbul olmaq istəyirsizsə, s*ktirin başımdan!
“Tələbə” sözünün mənası ərəbcədən tələb edən, öyrənmək istəyən adam deməkdir. Amma bu bizim reallığımızla üst-üstə düşmür. Tələbə -yola verən, araşdırmağı, öyrənməyi sevməyən adamdı. Universitet onun üçün 4 il veyillənməli məkandır. Ya da yeni mühit, yeni qızlar, prestij, cəmiyyətdə keçilməsi mərhələ -hər nə isə...
Tələbə necə adamdır? Tələbə imtahanlar üçün oxuyan və imtahandan kəsilməkdən qorxan cəmiyyətin yazıq qurbanıdır, kirayədə sürünəndir. Tələbə olmaqla bilikli olmaq arasında heç bir eynilik yoxdur. Ali məktəb, bir az hazırlaşıb oxumuşların qazandığı pis hədiyyədir. Məni isə tələbə maraqlandırmır, tələbə paltarının içindəki insan maraqlandırır. Mənim bu sərt və tənqidi sözlərim sizin tələbəliyinizədir, insanlığınıza heç aidiyyatı yoxdur.
Bəs müəllim necə adamdır? Hazır proqram. Kənar heç nə yox. Kreativ söhbətlər çox az olur. Tələbə isə ucuz məntiqiylə seminarlarda, diskussiylarda nəyisə sübut etməyə, haqlı çıxmağa çalışır. Aləm onda bir-birinə qarışır. Fərqli heç nə yoxdur. Hərdən görürsən ki, müəllim proqramdan kənar cəmiyyət, qadın-kişi münasibətinə toxunur, hərçənd tələbə o səviyyədə deyil. Heç nə bilməyib çox şey bilirmiş kimi özündənrazılığın və üzəduranlığın gözəl vəhdəti tələbədə birləşib. Müəllim isə bunlar haqda danışmağa peşman olur. Lakin dərinliyə getsən biləcəksən ki, müəllimlərin də sənə heç nə öyrətməyib. Əsl müəllim heç nə öyrətmir. Müəllim tələbənin içindəki istedadı görməlidir, öz işığından ona pay verməli və qaranlıq dünyasını işıqlandırmalıdır. Bizi düşündürməlidir, yoxsa ki, əzbərlənməli materiallar və axmaq dövlət proqramıyla beynimizi zibillə doldurmamalıdır. Əgər sən müəllimsənsə və tələbələrin bir dəfə də olsun səndən dekanlığa şikayət etməyibsə, özünün əsl müəllim olmağın barədə şübhələnməlisən. Elmdə tələbənin çaldığı havayla oynamaq olmaz. Tələbəni dərs yox, imtahanlar maraqlandırır. Tələbə onu yola verən müəllimi sevir, ona nəsə öyrətmək istəyəni yox. Tələbə öyrənməkdən qorxandır.
Bəli, müəllim sənə həqiqəti tapmaqda kömək etməlidir (bəs “həqiqət nədir” deyə soruşsan, deyərəm ki, sənin bilmək, görmək , eşitmək və hiss etmək istəmədiyin şey.), səni yönləndirməməli, öz fikirlərini sənin boş beyninə yeritməli deyil. Yadda saxla ki, Budda da müəllim idi, sən də. O, maaş almırdı, sən alırsan. O heç nə öyrətmirdi, sən öyrətməyə çalışırsan. Budda insanları xilas etməyə və özlərini tapmağa, sən isə bir müəllim kimi tələbələrini yaxşı pul və iş sahibi olmağa və öz mahiyyətindən, özünüdərkdən uzaqlaşdırmağa çalışırsan. BP-də ya Socar-da işləsən, yaxşı tələbə olmusan, küçədə oturub kitab satsan avarasan. Qısa ifadə etsək, pulun var –ağıllısan, pulun yoxdusa –axmaq. İnsanlar dərk etmirlər ki, pul lüt olmamaq və acından ölməmək üçün lazımdır. Nə edək, insan axmaq və acgözdür!
Universitetimin ilk günləri yadıma düşdü. Yeni mühit, tanışlıqlar. Deyim ki, üsyankar idim, indikindən bir az fərqli olaraq. Hər şeyə etiraz edirdim, uşaqlar isə mənə “hər şeyə nifrət edən adam” kimi baxırdılar. Yazılarımı patok səssizliklə və maraqla dinləyirdi, elə çoxları da səs-küy salıb etiraz edirdi. Bir sözlə, çəkinmədən nə gəldi yazırdım.
Birinci kursda tələbə naşı olur. Çox şeydən xəbərin yox, ildə iki dəfə imtahanın olacaq, kəsilsən pul verəcəksən, dekanlığa direktor otağı kimi böyük bir yer kimi baxırsan. Rektorluq isə əlçatmazdı. Hər şey səninçün təzədi və orta məktəbdən fərqli olaraq, hardasa qayda-qanunlu və səviyyəlidir. Bir də ki, eşşək hər yerdə eşşəkdir, onunçün harda olmağın elə bir əhəmiyyəti yoxdur məncə. Sadəcə, nəyisə məhdudlaşdırmaq olur.
2-ci kursdan qısa danışım. Artıq imtahanın, uni-nin nə olduğunu bilirsən azca da olsa. Bir az gözün açılıb. 3-cü və 4-cü kursda isə universitetin ağzını s*kirsən. Əlbəttə, dekanlıq da sənin kəsir pullarınla sənin ağzını o məsələ eləyir.
Hə, yeri gəlmişkən, dekanlıqdan danışım: Dekanlıq rüşvətdən qaz vurub qazan doldurur. Faktlarla, tarixlərlə, şəxslərlə hər şeyi açıqlamaq olardı. Bu nəyi dəyişəcək? Bu cür ifşaedici üsulla nəyə nail olmaq istəyirəm? Özümü təmizə çıxarıb başqalarını günahlandırmaq? Yox. Dekanlığa bir dəfə də olsun rüşvət verməmişəm. Lakin ad çəkməklə, kimisə ifşa etməklə, rüşvətə son qoymayacaqdım ki! Bunların heç biri deyil və məkrli planım yoxdur bunları söyləməkdə. Onsuz da bu yazılanları oxuyanlara hər şey gün kimi aydındır. Söhbəti uzatmağa ehtiyac görmürəm, onu demək istəyirəm ki, imtahandan havayı yerə kəsilən tələbələr var ki, hamısı pul tələsidir. Dekan insaflı və insafsız rüşvətxor ola bilər. Dekanlıq da “yuxarılara” pul çatdırmalıdır deyə, təhsildə vicdanını itirmişlər az deyil. Vicdan itib və onu axtaran yoxdur. İmtahan işi ləğv olunmuş tələbəni fikirləşmir dekan ki, bu uşaq pulu necə ödəyəcək, kirayədə yaşayır, borca girə bilər, ana-ata xəstə ola bilər. Bunu düşünmürlər. “Sən imtahan qaydalarını pozmusan!” –budur iddiaları. Amma bu nə dərəcədə ədalətlidir? Həmişə qanun ədalətli olmur. “Qanuni soyğunçuluq” budur!
Dostum, hələ ki, tələbə deyilsən, uni-yə xərcləyəcəyin çoxlu pullarla böyük və zəngin kitabxana yarat evində və oxu. Universitetin axmaq qaydaları və kitabları nəyə lazımdır? Kimə maraqlıdır bu? Dekanlıq tələbəni kəsib soymağa bəhanə axtarır. Tələbə də kəsilmək qorxusundan məcburi oxuyur, nələrsə əzbərləyir. Guya onlara vacibdir sən adam olasan! Heç özləri də bilmirlər nə edirlər! Heç kim heç nə öyrətmir, sən öyrənirsən. Öyrənmirsənsə, bu sənin günahındır. Əgər hər kəs öyrənməyi, oxumağı sevsəydi, çayxanalar və bordellər dolu, kitabxanalar və muzeylər isə cəmiyyətin başı kimi bomboş olmazdı.
Yaddan çıxmamış bir məsələyə də diqqət çəkmək istərdim. Fikir vermisiz heç bizim rəsmilərin, təhsil rəhbərlərinin ən çox işlətdikləri sözlərə? Eşitmiş olarsız: bizə yüksək keyfiyyətli kadrlar, mütəxəssislər lazımdır. Bir “axmaq” çıxıb demir ki, bizə İNSAN lazımdır. Sənin insanlığın, mənəviyyatın onlara lazım deyil. Onlara intellektual robot gərəkdir, vəssalam.
Təhsil sistemimiz bizi manqurtlaşdırdı. Sən əvvəl məktəbə,sonra ali məktəbə, əsgərliyə getməlisən, sonra da ailə qurmalısan. İstəmədən çox şeylər edirik həyatımızda. Və həyatımız zibil yığınağına çevrilir. Özümüzə “bunları niyə edirik ya etməliyik?” sualını vermədən yaşayırıq. “Hamı necə -mən də elə” prinsipi ilə. Hər şeylə razılaşırıq. Biz “ölülər ölkəsi”ndə çirkli qullarıq. Deyirik ki, gənclər gələcəyimizdir, amma gəncləri korlamaqla öz gələcəyimizi korlayırıq. Təki sistem mövcudluğunu davam etdirsin, hakimiyyət əldən getməsin. Nitsşe deyirdi ki, bir gənci pozmağın ən yaxşı yolu, ona eyni düşünənə fərqli düşünəndən daha çox hörmət etməyi öyrətməkdir. Gəncliyimiz uçurumun qırağındadır, bircə itələmək lazımdır. Kimsə bizi xilas edəcəkmi, eşidən var?
Hə, deyecəksiz ki, universitet bizə heç nə öyrətmir, korlayır, vaxt itkisidir. Bəs sən niyə tələbəsən? Cavabım var. Mən də əvvəl bunları bilmirdim. Bilmək üçün ali məktəbə qəbul oldum. Düzü, bir az baha başa gəldi mənə. Yenə deyirəm: oxumaq, kitab oxumaqdı əsas. Fərqi yoxdur harda oxuyursan. Universitetinin adıyla fəxr etməkdənsə, oxuduqlarınla fəxr elə. Adam gərək özü-özünün müəllimi olsun.
İndi bu məqamda tələbələrin kəsirlərdən nələr çəkdiyini danışmaq istərdim, amma qələmim ağlayır, deyir ki, qurban olum yazma onlardan. Əşşi.. bu kəsirlər nə axmaq işdi e! Sevmədiyin fənndi, məcbur oxumalısan, oxudun keçirsən, oxumadın kəsilirsən, üstünə də cərimə qoyulur. Cəriməsiz olmaz? Onsuz da fənnin pulunu birinci ya ikinci il vermədin, əvvəl-axır bu p...xu verəcəksən də -istər qanuni, yaxud qeyri-qanuni. Yoxsa diplomu ala bilməyəcəksən vaxtında. Diplomu almasan, 6 ay əlavə əsgərlik var. 6 ay əlavə əsgərlik olacaqsa, universitetə tökdüyün pulların nə xeyri?! –belə düşünürsən.
Çox şeylərdən danışmaq olardı. Amma dastan yazmaq fikrim yoxdur. Bircə xahişim var: başqa yerdə ədalət axtarmamısızsa, mənim də yazımda ədalət axtarmayın. Çox “ədalət, ədalət” deyə qışqırsan çətin taparsan. Hardasa Don Kixotluq etmiş olarsan. Qoy dumm desinlər, ancaq ədalətli ol həmişə. Nə deyim bundan başqa?!
Bir gün uni-dən həmişəki kimi evə qayıdırdım. Bahar idi, gözəl hava, günəş gülümsəyirdi. Dayanacaqda avtobus gözləyirdim. Rusiya səfirliyinin ətrafındakı yaşıllıqda uçuşan kəpənəklərə baxırdım. O çiçəkdən, bu çiçəyə qonurdular. Birdən diqqətimi çəkdi bu və düşündüm: Sabah bu gözəl kəpənəklər yaşamayacaqlar. Görəsən, mənim də əgər bir günlük ömrüm olsaydı, bu gün etdiklərimi edərdimmi? Yenə universitetə gedərdimmi? Dərslərimi oxuyardımmı? Axmaq seriallara, verilişlərə baxardımmı? Etmək istəmədiyim şeyləri edərdimmi? Cavabım: YOX. Heç vaxt yox. Bəs niyə bunları edirik? Niyə hər günümüzü son günümüz kimi yaşaya bilmirik? Bəlkə bu praktik olaraq mümkün deyil? Ya da ən asan cavab –Biz kəpənək deyilik. Hər halda kəpənək bir gün yaşasa da, tam olaraq bir gün ən gözəl çiçəklərə qonaraq gözəlliklə xoşbəxt yaşayır. Lakin insan orta hesabla 60-70 il yaşayır və bu müddətdə yaşadığı xoşbəxt anları bir yerə toplasa bəlkə də heç 24 saat etməz. Yəni bir kəpənək qədər xoşbəxt və azad deyilik? Bilmirəm. Bircə onu bilirəm ki, bizim öz həyatımız yoxdur və dəyişiklik lazımdır.
Aha, avtobus gəldi...
11 iyul 2014