Televiziyadan qəzetə keçən Rövşən Binnətli: “Ürəyim televiziyada qalıb” – MÜSAHİBƏ
Vüsal Musayev tərəfindən "Müsahibə" bolməsinə 03:01 02 iyun 2012 tarixində əlavə olunmuşdur

"Azərbaycan futbolu üçün İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov kimdirsə, Rövşən Binnətli də Azərbaycan idman jurnalistikası üçün odur. Fərq ondadır ki, birincilər Azərbaycan futbol tarixini ayağı ilə, ikinci isə əli ilə yazır".
Həmkarı Aydın Bağırov bu ikicə cümlə ilə Rövşən müəllimi elə dəqiq təqdim edib ki, əlavə sözə yer qalmır. Əslində, xüsusi təqdimata ehtiyac da yoxdur - uzun illər sanballı idman yarışlarını, çempionatları, turnirləri məhz Rövşən Binnətlinin şərhçiliyi ilə seyr etmişik.

Səlis, təmiz nitqi ilə, işinə olan ciddiliyi, məsuliyyəti ilə idmansevərlərin yaddaşında özünə yer etmiş Rövşən Binnətlinin xeyli vaxtdır səsinin eşidilməməsi bizi onu axtarmağa sövq etdi. Axtardıq və tapdıq. Məlum oldu ki, Rövşən müəllim televiziyadan uzaqlaşıb, indi qəzetdə işləyir. "New Baku Post" qəzetində...

- Əslində, televiziyaya da elə qəzetdən getmişdim. 1981-ci ildə universitetin Jurnalistika fakültəsinə qəbul olmuşam. O vaxtdan "Lider" televiziyasına gedənə qədər fəaliyyətim qəzetdə olub. 11 il televiziyada işləyəndən sonra yenidən qəzetə qayıtdım. Düzü, mən televiziyaya gedəndə elə bilirdim ki, jurnalistika həyatım bir daha qəzetlə bağlı olmayacaq. Amma həyatdır, onu biz müəyyənləşdirmirik. Bəzən həyat elə bir məcraya yönəlir ki, insanın özündən asılı olmur. Bu dəyişiklik mənim öz istəyimdir. Lakin baxır hansı aspektdən yanaşırsan. Əslində, televiziya mənim üçün çox ağır sahədir. Televiziya işi hobbin olmasa, sən televiziyada işləyə bilməzsən. Çox əziyyətli işdir, xüsusi həvəs olmasa, o yükü çəkmək çox çətindir. O həvəs məndə olub. Lap kiçik yaşlarımdan televiziyada işləmək arzusu olub məndə . Bu, mənə 42 yaşımda nəsib oldu. Amma 11 illik televiziya təcrübəsindən sonra yenidən qəzetə qayıtdım. Bunun da səbəbləri var. İstəməzdim o səbəblərin incəliyinə gedim. Sadəcə, həyatdır belə gətirdi, mən də məcbur olub yenidən qəzetə qayıtdım. Amma elə bil ürəyim televiziyada qalıb. Başladığım işi istədiyim yerə qədər aparmağa imkanım olmadı .

- Qəzet, televiziya, yenidən qəzet... Siz qəzetə kompüterin, internetin qəzetləri, hətta televiziyanın özünü üstələdiyi bir vaxtda qayıtmısız. Sizcə, belə bir məqamda qəzetlər nə etməlidir ki, bu rəqabətə tab gətirə bilsinlər?

- Bu fikirlə tam razıyam. Amma yəqin siz də hiss etməmiş deyilsiniz ki, son 6 ayı, bir ili götürsək, qəzet yenidən önə keçməyə başlayır. Qəzetlərə maraq artır. Bu nə ilə əlaqədardır? Doğrudur, insanların indi məlumat əldə etmək üçün hər cür imkanları var. İnternet vasitəsilə hətta cib telefonunda da dünyadan xəbər tuta bilərsən. Bu baxmdan, qəzetdəki informasiya oxucu üçün artıq köhnələ bilər. Amma bununla belə qəzetin əsas fərqliliyi odur ki, burada deyilən daim tarix olaraq qalır. Yəni televiziya məkanında deyiləni eşidən eşitdi, eşitməyənin onu bir də geri qaytarmaq imkanı yoxdu, yəni oldu, keçdi. Qəzet isə belədir ki, mən oxuyub sənə ötürürəm, sən bir başqasına, yəni qəzet əldən-ələ gəzir. Mənə elə gəlir ki, son bir ildə qəzetə münasibət dəyişir. İkinci plana keçmək tendensiyasından geriyə dönüş başlayıb. Bəlkə də müşahidələrim məni aldadır. Amma məncə, qəzetin çəkisi getdikcə artmağa başlayır.

- Ümumilikdə, indiki idman qəzetlərinin səviyyəsi sizi qane edirmi?

- İdman tərəfdən yanaşsaq... Bilirsiz, tam mənada inkar eləmək də olmaz ki, bizdə bu sahə tamam batıb. Amma müasir dövrün tələbləri, müasir oxucunun zövqü var. İndiki qəzetlər, açığı, bu tələblərə, zövqə cavab verən səviyyədə deyil. Sırf idman jurnalistikasından danışsaq, burda təqlidçilik çox güclüdür. Gənc nəsil gözünü açıb Türkiyə mediasını gördü və gördüklərinin tətbiqinə başladı. Eyni tendensiya televiziyada da oldu, şərhçilikdə də oldu. Yəni bəhrələnmək bütün hallarda lazımdır. Amma bir var bəhrələnib, onun yaxşı tərəfini götürüb öz işinə tətbiq etmək, bir də var təqlid. Bunlar fərqli-fərqli şeylərdir. Çox istərdim ki, bizim indi idman jurnalistikasında fəaliyyət göstərən və fəaliyyətə başlayan gənclər təqlidçilik yolunu yox, gördüyü müsbət keyfiyyətlərin tətbiqi yolunu tutsunlar. Ondan öyrənib, özününkünü yaratsınlar. İndi bizdə qəzetlər bəzən tirajı artırmaq üçün süni qarşıdurmalara gedirlər. Gündəmdə qalmaq üçün şou-biznesdəkilər heç bir səmərə verməyən, nə sənətə, nə insanların əxlaqına səmərə verməyən didişmələr, dedi-qodular yaradırlar. Sənət də, hər şey də ikinci plana keçir. İdman jurnalistikasında da eyni vəziyyətdir. Bir idmançının dilindən başqa birinə tənqid yazırlar , ortaya bir fikir atırlar, yaxud da sözdən söz çıxarırlar. Sonra da deyirlər, sənin haqqında filan idmançı belə dedi. O adam da mahiyyətinə varmadan, fərqinə varmadan dərhal ona cavab verir. Burada udan yalnız o ucuz sensasiya, tirajartırma dalınca gedənlər olur.

- Eləsə inkişaf üçün hansı səmti tutmalıdırlar?

- Müxtəlif məktəblər var. Məsələn, Qərb jurnalistika məktəbi. Azərbaycan uzun müddət SSRİ-nin tərkibində olduğuna görə jurnalistikamızda rus təsiri güclüdür. Amma müasir gənclik Türkiyə mediasının formatına üstünlük verir. Təsiraltına düşmə meylləri var. Bir var hazır araşdırmanı rus və ya türk mediasından götürəsən, bir də var o araşdırmanı özün aparasan. Fikir vermişəm, məsələn, İngiltərə Premyer Liqasında sonuncu turun oyunu olur. Yaxud sona 2 tur qalıb. Bir təhlili yazı gedir. Baxırsan ki, Rusiya mətbuatından götürülən məqamlardır. Sən ona ən yaxşı halda tərcümə materialı kimi baxırsan. Öz araşdırman yoxdur. Bu, bir az da tənbəllikdən irəli gəlir. Mən televiziyada işlədiyim vaxtlarda hansı oyunu şərh edəcəkdimsə, həmin oyunla bağlı informasiyaları, statistik məlumatları özüm hazırlayırdım. Bu məlumatlara nə Türkiyə, nə də Rusiya mətbuatında rast gələ bilərsən. Həmin məlumatlardan indi qəzetdə də istifadə eləyirəm. O təhlili yanaşmanın çətinliyi nədədir - hadisəni başdan ayağadək izləmək lazımdır. Məsələn, İspaniya çempionatının yekunları ilə bağlı yazı yazırsansa, çempionatı əvvəldən axıra qədər izləməlisən. Yazmaq olar, amma həmin yazı o çempionatın xarakterini aça biləcəkmi? Çox istəyərəm ki, jurnalistlərimizdə məsuliyyət hissi yüksək olsun. Düşünməsinlər ki, bu yazını oxuyan hər şeydən xəbərsiz oxucudur. Həmişə qarşındakını düşün ki, sənin yazını intellektli insanlar oxuyur. Bu, nəzərə alınsa, məhsulun keyfiyyəti də yüksək olacaq. Yazı yazanda, efirə çıxanda , hər hansı bir iş görəndə hesab eləməlisən ki, sən çox səviyyəli və bu sahədə yetərincə məlumatı olan insanın qarşısına çıxırsan. Onunla söhbət etmək üçün o sahəni araşdırıb dəqiq məlumatlanmalısan. Azdan-çoxdan o imzalar tanınır ki, oxucu həmin yazıdan təzə nəsə öyrənir.

- Beynəlxalq futbol turnirlərini öz televiziyalarımız da yayınlayır, amma futbolsevərlərin çoxu oyunlara rus, türk kanallarında baxmağa üstünlük verirlər. Səbəb kimi bizim şərhi bəyənmədiklərini deyirlər.

- Burda günahı bütünlüklə şərhçilərin üstünə yıxmaq düzgün deyil. Bu, faktdır - içi mənqarışıq azərbaycanlı şərhçilər tamaşaçıların ürəyini oxşayan şərhlər təqdim edə bilmirlər. Burda hamının qüsuru var. Amma bir obyektiv məqam da var. Bizim idmansevərlərin bəyəndikləri xarici şərhçilərə onların öz ölkələrində olan münasibətə baxsaq, eyni vəziyyəti görərik. Onlar bizim bəyəndiyimiz həmin şərhçiləri bəyənmirlər. Burda da bir nüans var - sanki sözlər əcnəbi dildə, əcnəbi tonda daha cəlbedici, daha maraqlı olur. Yaşlı nəsilin yaddaşında rus şərhçilər qaldı, gənc nəsil isə türkiyəli şərhçilərin təsirinə düşdü . Rus şərhçiliyinin mayasını təhlili şərh təşkil edir, türk şərhçiliyinin mayasını isə təsviri şərh. Şərhi sevdirmək üçün hər ikisi lazımdır, amma mütləq emossionallıq olmalıdır. Bu gün bizim şərhçilərin bəyənilməməsinin bir səbəbi şərhçilərin özüdürsə ,digər səbəbi budur ki, tamaşaçının artıq öyrəşdiyi, bəyəndiyi şərh tərzi var - ya rus, ya türk. İndi hamının istəyi bu iki məktəbin vəhdətindən formalaşmış şərhi görməkdir. Söhbət futboldan gedirsə, bir reportaj vaxtı 20-25, bəzən 30 dəfəyə yaxın top meydanı tərk edir. Hər dəfə də deyirik indi "Aut atışı" olacaq. "Aut atışı" sözü uğursuzdur. Məsələn, "qapıçı vuruşu" ifadəsi də gen-bol işlənir. Halbuki, belə ifadə, ümumiyyətlə, yoxdur. O topu hamı vura bilər. Tamaşaçı da bu cür ifadələri eşitməməkçün digər ölkələrin şərhinə üz tutur. Lakin indiki gənc nəsil bu sözləri dinləyir və normal qəbul edir. Dilimizi bütün bunlardan qorumaq lazımdır.

- Vaxt darlığına baxmayaraq, suallara əhatəli cavab verdiyinizə görə təşəkkür edir, sizə can sağlığı, işlərinizdə uğurlar arzulayırıq.

- Minnətdaram. Siz də sağ olun ki, məni unutmursunuz.

 


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
8+5=
Hesaba giriş
Müəllif

Vüsal Musayev
Haqqında
Düşündürücü yazılar yazmağa çalışıram. Bədii ədəbiyyata marağım böyükdür. Bakı Slavyan Universitetində jurnalist təhsili alıram.
Əlaqə
E-mail:
vslmsyv@hotmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0298 saniye