Tənha qadın-
Bəxtinə gileyli,
Taleyine acıqlı qadın...
Ümidləri çaya düşən,
Arzuları suya düşən qadın
Tənha qadın,
Yadındamı bu şəhər?
Bir zaman qamətinlə
mat qoyduğun bu şəhər ...
Yadındamı bu yollar?
yerişinlə,duruşunla
tərpətdiyin bu yollar?!
İndi mat qalıb
tənhalığına sənin,qadın!
Axtarırmı səni köhnə dostlar,
tanışlar...
Axtarırmı səni o insan -
Uğrunda ömrünü puç etdiyin
O insan...
Baxışları qəmli qadın -
Tənha qadın.
Sevdasından dönməyən,
Muradına yetməyən,
Günəşi küsgün,
Ayı qəzəbli qadın...
Tənha qadın
Ağladı ağaclar,
çaylar sənə
Ağladı eşqlər,
Sevdalar sənə.
Ağlamadı anan sənə,
Ağlamadı balan sənə,
Ağlamadı eşqi ilə
qovrulduğun o insan.
Yas tutmadı
Öz məhəbbətin sənə,
Ey bəxtsiz qadın,
Tənha qadın.
Payız dözəmmədi dərdinə sənin,
Döndü qış oldu,
Qış dözəmmədi,yaz oldu,
Yaz yanammadı dərdinə sənin,
döndü yay oldu.
Beləcə fəsillər tək qoydu səni,
Ey qadin...
Tənha qadın.
Amma torpaq sevdi səni,
Torpaq aldı qoynuna,
Isitdi üşüyən ruhunu.
Öpdü,illərlə əzilənib
öpülməyən gözündən.
Yamanca sarıldi sənə,
Burda qorxma,ey qadın!
Torpağın vəfası yaman güclüdü,
O illərlə gözləyib səni
Öpüb ayağının altindan,
Sevib oxşayıb səni.
Ömründə gedən hər gün,
Hər an
Səni ona aparıb,
Səni ona yaxınlaşdırıb...
Ümid verib torpağa -
sənə qovuşmaq üçün.
Burda qorxma,ey qadın,
Torpağın vəfası yaman güclüdü,
Bir kərə sarıldımı
Tənha qoymaz insanlar kimi.
Rahat yat ,qadın,
Illərin yorğunu - qəlbinlə birgə,
Rahat yat...
Sənin də sevənin var artıq,
Yat,sevdalının qoynunda,
Yat,bu torpağın qoynunda.
Yat ey qadın,
Tənha qadın.