Əyləşib dirsəkləndi. Başını əlləri arasına alaraq barmaqları ilə yavaş-yavaş ağarmağa başlayan saçlarını qarışdırmağa başladı. Kürəyini söykədərək bomboş gözlərini tavana zilləyib bir xeyli belə qaldı. Masadakı siqaret qutusundan bir siqaret götürüb yandırdı. Dodaqları arasından barmaqlarına keçid edərək tüstüsünü buraxaraq bir müddət baxdı. Yanağına süzülən bir damcı istiliyi hiss edib cəld sildi.Ayağa qalxıb otaqda dövrə vurmağa başladı. Siqaret çəkilərək tüstülənməkdə idi. Əynində qapqara, uzun don onu daha da yaşlı göstərirdi. Kamoda yaxınlaşıb gözlərini çərçivəyə dikdi. Bütün bədənini titrəmə bürüdü. Əlinin titrəyişi ilə siqareti dodaqlarına apardı.Digər əlini uzadıb çərçivəni götürdü.
Adı Məryəm idi. 20 il əvvəl sevimli həyat yoldaşını bugün vərəmdən itirmişdi. Ərinə sevgisi və sədaqəti onu müqəddəsləşdirmişdi. Tanıyıb bilən hər kəs bu qadına hörmətlə yanaşırdı. Bu illər ərzində qapısını döyən elçiləri ümidsiz qaytarmışdı. Uşağı yox idi. Sonsuz idi.
Gözlərində heç bir zaman gizlətmədiyi ümman kədərlə dodaqlarında arabir parıldayan xəfifcə təbəssümü çoxlarında çaşqınlıq yaradırdı.
Çərçivəni əlində tutaraq addımlayıb divanda əyləşdi. Siqaretin tüstüsünü buraxıb ağırlığı ilə arxaya söykəndi. Çərçivəni sinəsinə sıxaraq gözlərini yumdu. Qapalı gözləri arasından cığır açan göz yaşları getdikcə daha da sürətlənməkdə idi. Göz yaşları içində titrək barmaqları arasında tüstüsünü buraxan siqareti gözləri önünə gətirib bir xeyli tamaşa etdi. Qabağa əyilərək jurnal masası üzərindəki külqabıya nəmli gözlərlə nəzər saldı.
Kandarda anidən ayaq saxlayıb jurnal masasının üstündəki çərçivəyə və külqabıda tüstülənən siqaretinə baxdı.
Maşından enib qəbiristanlığa nəzər saldı...