Tənha vicdan
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 15:04 03 yanvar 2015 tarixində əlavə olunmuşdur

5 il! Lənət olsun! Nə az, nə çox, düz 5 il!

Yenə də ətrafını qaranlıqlar sarmışdı. Hərəkət edə bilmirdi, ağzını açıb bir söz deyə bilmirdi, nəfəs ala bilmirdi. Anidən yanağına düşən bir damcı göz yaşı ilə qulaqbatırıcı səs eşidildi. Onu əhatə edən ümman qaranlıq böyük partlayış törədərək qəzəblə öz nifrətinin gücünü artırdı...

Qapının getdikcə bərkdən döyülürdü. Gözləri zorla açıb uzanıb qaldığı divandan qalxmağa çalışdı. Beyni gördüyü kabusdan dolayı sərxoş vəziyyətində idi. Hər nə qədər ayağa qalxmaq istəyirdisə, bütün cəhdləri iflasa uğrayırdı. Bütün ağırlığı ilə divandan döşəməyə yıxıldı. Əlləri ilə özünə dayaq verməyə macal tapmamış ayaqları bomboş içki şüşələri sındırmağa nail oldu. Bir əlini qaldırıb jurnal masasının üstünə qoydu. Dizləri üstə əyləşib masaya dirsəkləndi. Qıpqırmızı gözlərini geniş açmağa müvəffəq olduqdan sonra ətrafına nəzər salmağa başladı. Beyni isə oyanmaq istəmirdi. Barmaqları ilə saçlarını çılğınlıqla qarışdırdı.

Qapı isə döyülməsində idi.

Əllərini divara sürtə-sürtə gəlib qapı önündə dayandı. Zəif səslə “Kimdir?”-deyə soruşdu. Kilidi açıb dəstəyi burdu. 26-27 yaşlarında cavan oğlan qəzəblə onu təpədən-dırnağadək süzdükdən sonra itələyib içəri girdi. Nə qədər qapı ağzında dayandıb gözlərini boş nöqtəyə zillədiyini bilmədi.

-Kənan, bəlkə qapını örtüb özün də gələsən bura, hə?

Beyni artıq dumanlı görüntüdən xilas olmuşdu. Ağzı ilə nəfəs alıb alnını qapıya söykədi.

Divanda əyləşib dizlərinə dirsəklənərək əllərini ovuşdurmağa başladı.

-Nə var, Fazil?

Fazil dizlərini bir-birinin üstünə aşıraraq qəhvəyi rəngli qovluğun içindəki dosyeni vərəqləyirdi. Kənanın səsinə başını qaldırıb onu diqqətlə nəzərdən keçirdikdən sonra qovluğu kəskin şəkildə qapadıb jurnal masasına buraxdı.

-Sən nə vaxt düzələcəksən?

Kənan tərs-tərs Fazilə baxdıqdan sonra başını əsəbi halda buladı. Əlini uzadıb qovluğu götürdü.

-Başlama görüm,-soyuq tonla bildirib səsli hada vərəqləməyə başladı.

Fazil əllərini yumruqlayıb özünü güclə tutub saxlayırdısa, onun bu halı Kənanın diqqətindən yayınmadı.

-Ürəyindən keçəni söyləyə bilərsən.

Fazil kəskin hərəkətlə ayağa qalxıb birotaqlı evin tavanına baxdı. Əllərini belində cəmləşdirib dərindən nəfəs aldı.

-Kənan, özünə gəl görüm. Bu halınla hər kəsi bezdirmisən. Heç olmazsa, güzgüyə bax. Özündən xəbərin belə yoxdur.

Kənan qalxıb Fazilin qarşısına keçdi.

-Bitirdin?-soruşub qovluğu Fazilin sinəsinə sıxdı.-İndi isə rahat burax məni!

Fazil Kənanın iztirablı gözlərinindəki nifrət-qəzəb qarışıq qığılcıma daha dözməyib qovluğu götürərək evi tərk etdi.

Kənan divana çöküb siqaretini alışdırdı. Ağır-ağır buraxılan tüstü onun yaddaşını təzələyirdi...

“Söz vermişdiniz! Söz vermişdiniz! Qızımın qatilini tapacağınıza söz vermişdiniz! Söz!!!...”

5 il əvvələ qayıtdı.

Ölkədə baş vermiş cinayət böyük hay-küy qaldırmışdı. Öz cinayətini qüsursuz şəkildə işləyən qatil ilk əvvəl qızı qaçırtmış, sonra həddindən artıq iri məbləğ tələb etmişdi. Ata-ana yeganə övladlarının xilası üçün hamıya ağız açaraq məbləği yığdıqdan sonra qatilin işarə verdiyi məkana buraxmışdılar. Amma yolun kənarında ölü halda tapılan qız bütün ümidləri yerlə bir etməkdən savayı, KİV-nin hüquq-mühafizə orqanlarına hücumları ilə nəticələnmişdi. Qatil isə, necə deyərlər, “yağlı əppək olub göyə çəkilmişdi.” Axtarışların heç bir nəticəyə hasil olmaması nəticəsində “iş”in qapadılması qərara alınmışdı. Ata-ana bunu eşitcək dəliyə dönmüşdülər, polislərin yaxasından yapışmışdılar, eyni sözləri dayanmadan acı göz yaşları içində təkrarlamışdılar.

Kənanın qulaqlarından heç vaxt getməyəcək olan səslər, yaddaşından silinməyəcək olan görüntülər ona yaşadığı həyatı zəhər edirdi. Aqressivləşərək bəzən özündən yaşca böyüklərin üstünə qışqırması, gördüyü kabuslar ucbatından bəzən gecələr yuxusuz qalması, bəzən isə yeyərkən qaytarması kimi digər problemlərə görə işdən müvəqqəti çıxarılsa da, ona olan tələbat heç kəsə sirr deyildi. Ara-sıra evinə ayaq basaraq onunla maraqlanırdılar, bəzən bu və ya digər cinayət hadisəsi haqqında onun fikrini öyrənməyə cəhd edirdilər. Dar və kiçik dükanda satıcı yardımçısı işləməsini qəbul edə bilmirdilər.

Ata-anası oğulları ilə nə edəcəklərini bilmirdilər. Maliyyə yardımını qəti şəkildə rədd edirdi, müalicə söhbəti ortalığa düşəndə əsəbiləşirdi. Hətta rəsmi şəkildə onun evinə gedib-gəlmələrini belə istəmirdi.

Axşam düşəndə dükandan çıxıb bir az gəzməyə başladı. Qışın soyuq nəfəsində üşümürdü. Onu üşüdən, donduran, tir-tir əsdirən günahkar vicdanı idi. Özünü heç cür bağışlamaq istəmirdi.

Şəhərin möhtəşəm gecə mənzərələrində səyahət edə-edə gəlib skamyada əyləşdi. Tək deyildi. Yanında qoca vardı. Bir qolunun olmadığını görməmək üçün kor olmaq belə azdır. Olan qolunu palto cibinə salıb cavan oğlana qayğılı nəzər saldı.

-Sanki dünyanın ən ağır xəstəliyinə aludəə olan çarəsiz birisən, cavan oğlan.

Kənan başını çevirib qocaya baxdı.

-Hətta ondan da betər olduğumu iddia edirəm...

-Dünyanın ədalətsizliyini, insanların ikiüzlülüyünü, həyatın amansızlığını mən yaxşı bilirəm, oğul. Müharibədə təkcə qolumu deyil, yeganə övladımı da əbədi itirdim. Amma bilirsən, hər şeyə rəğmən yaşamaq lazımdır. Sənin dərdini bilmirəm. Gözlərindən hər an intihar edə biləcəyini oxuyuram. Vaz keçib xeyirxah işlərlə məşğul olmaq daha gözəl deyilmi?

-Mən heç nə etmək istəmirəm. Başa düşürsünüz? Heç nə. Çünki bacarıqsızam...-deyərək skamyadan uzaqlaşdı.

Xəzər dənizinə tamaşa edirdi. Qollarını geniş açıb üzünü ulduzlu səmaya tutdu.Tənhalığını anlayırdı, həm də çox yaxşı anlayırdı...


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+18=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0479 saniye