Tənhalığın eyforiyası
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 15:45 10 avqust 2016 tarixində əlavə olunmuşdur

   Dünən  tələbə  yoldaşımla  görüşdük  və  ordan-burdan  söhbət  elədik. Sonra  susduq. Soruşdu:

   -Tətildi, neynirsən?

   -Belə, qeyri-adi  heç  nə. Səssizlik, tənhalıq. İstirahət  eləyirəm.

   -Çox  tək  qalmaq  da  yaxşı  deyil, - tələbə  yoldaşım  mənə  sakit  və  təklikdən  sıxılmış  kimi  etiraz  etdi. O, kirayədə  yaşayırdı  və  onu  tənhalığı  niyə  sevmədiyini  başa  düşmək  olardı. Amma  dərinə  gedib  ondan  niyə   bu  cür  düşündüyünün  səbəbini  soruşmadım. Fikirləşdim   ki, bəlkə  o  bunu  izah  edə  bilməz, “nə  bilim, yaxşı  deyil” deyib  üstündən  keçər.

   Türkiyə  səfirliyi  ilə  üzbəüz  parkadakı  skamyaların  birində  oturmuşduq. Mən  onun  bu  cavabından  sonra  arxaya  söykənib  diqqətlə  ona  baxdım  və  sonra  üzümü  yana  çevirib  filosofcasına  danışmağa  başladım:

   -Tənhalığı  səni  heç  vaxt  tərk  etməyəcək  sadiq  gözəl  qadın    kimi  sevmək  lazımdır.

   Bilirsən, Tənhalıqda  özümü  tapdım, sevgimi  tapdım, tanrını  tapdım. Amma  yaxınlarımı,  insanları  itirdim. Artıq  onlarla  məni  bağlayan  heç  bir  bağ  yoxdur. Mən  özümü  öldürməliyəm. Feniks  kimi  öz  küllərimdən  yenidən  doğulmalıyam. Tamam  yeni  insana  çevrilməliyəm. Mənə  öyrədilən  hər  şeyi  unutmalıyam. Hər  şeyi! Ancaq  özüm  araşdırıb  öyrəndiklərimə  inanmalıyam.

   Bilirəm  ki, Tənhalığa  çəkildikcə  Tanrıya  yaxın  olacam. Özümdən   uzaqlaşsam, Tanrını  itirəcəm. Görəsən, Tanrı  və Şeytan  tənhalığa  necə  dözürlər? Necə?? Yəni  tənhalığa  necə  əsrlər  boyu  dözmək  olarmı? Yox,  inana  bilmirəm. Bəlkə  onlar  heç  yoxdurlar? Sadəcə, hamı  o  qədər  inanıb  ki, elə  bilirik  onlar  var.

   Tənhalıq  mənim  gecələri  Sarah  Jaffe-nin  “ Pretender”  mahnısıyla  birlikdə  qucaqlayıb  yatdığım   yastığımdır. Heç  kimi  qucaqlaya  bilmədiyimdəndir  bu  ağ  yastıq  mənim  “tənhalıq  dostlarımdan”  birinə  çevrilib. Elə  bil  ki, bu  yastıq  öpdüyüm, qollarımla  özümə  sıxdığım  qadındır. Guya  ki, mənim  musiqidən, kitablardan, bir  də  bu  yastıqdan  başqa  nəyim  var?

   Qorxma  tənhalıqdan! Tənhalıq  sənsən, sən  özünsən. Özündən  qorxma  və  qaçma. Özünü  sev. Tənhalığı  sevdikdən  sonra  daha  başqası  sənə  lazım  olmayacaq! Nə  qadın, nə  dost, nə  Allah, nə  Şeytan. Hamısı  sən  özünsən, özündən  başqa  heç  kimə  ehtiyacın  yoxdur. Sən  deyirsən  ki, var. Mən  deyirəm  ki, sən  özündən  başqa  hər  şeyə  sahibsən. Mənəviyyatını  gücləndir! Seksual  hissini  musiqiylə  sakitləşdir, cilala, gözəlləşdir. Bu  da  bir  növ  meditasiyadır. Özünü  düşün. Tənha  otağında   özün  haqqında  düşün. Özün-özünü  həbs  elə, dustağa  çevir. İmkan  vermə  bunu  başqaları  etsin. Öz  həyatın  haqqında, yaşadıqların  haqqında  düşün. Niyə  beləsən? Niyə  bu  cür  düşündüyünü  düşün. Niyə  içində  sevgidən, işıqdan, cənnətdən  çox, nifrət,  qaranlıq  və  cəhənnəm  var? Hanı  sənin  sevgin, işığın, cənnətin?!

   Tənhalıq  azadlıqdır. Tənhalığı  sevməyən  özünü  sevə  bilməz. Tənhalıq –sənsən. Sən  öz  azadlığından  qaçırsan. Darıxırsan. Sıxılırsan. Bezirsən. Boğulursan. Az  qala  ürəyin  partlasın  səssizlikdən, anlaşılmaz  sıxıntıdan. Sən  nə  istəyini  bilmirsən, dost. Nə  etmək  istədiyini  bilmirsən. Bunları  bilmədən, suallara  cavab  tapmadan  necə  yaşayacağını  düşünürsən?  Özüylə  tək  sıxılan  adam  başqasıyla  da  sıxılacaq. Problem  səndədir, başqasında  deyil.

   Tənhalığa  dözmək  çətin  deyil, insanlara  dözmək  çətindir. İnsanları  tanıdıqca, tənhalığını  daha  dərindən  sevməyə  başlayacaqsan.

   Həyatın  boyu  tək-tənha  olacaqsan. Tək  də  öləcəksən. Psixoloqların  axmaq  məsləhətlərinə  qulaq  asmayın. “Tənhalıq  yaxşı  şey  deyil. Tənha  adam  depressiyaya  meyillidir. Depressiya  sonra  intihara  gətirib  çıxardır”. Neçə  illər  bu  cür  düşündünüz. Çıxardın  bu  tarakan  fikirləri  beyninizdən. Onlar  sizin  beyninizi  kirlədir. Tənhalığı  sevmək –Allahı  sevməkdir. Tək  qalmasan   hər  şey  haqda   düşünə  bilməzsən. Səs-küydə, toyxanada  şeir   yazan  adam  tapa  bilməzsən. Halbuki  tualetdə  şeir  yazmaq  olar. Çünki  təksən.

   Tənha  qalmasan, yaradıcı  ola  bilməzsən. Kütlənin  içində  heç  nə  yarada  bilməzsən. Əksinə  içində  yox  olarsan.

   Tənhalıqda ilk əvvəl  sıxılacaqsan, dözə  bilməyəcəksən, üşüyəcəksən, xəstələnəcəksən. Və  beləcə  adaptasiya  olduqdan  sonra  öyrəşəcəksən. Hətta  onu, o  buz  kimi  soyuq  və  bərk, musiqidə  minor  kimi  sakit  olacaq, binaural  ritmlər  kimi  beyninə  işləyəcək  sehir  kimi  sevəcəksən. Sən  eyforiyadan  dəli  olacaqsan. Paronoyya, ölüm, həyat  əzablı  olacaq. Əzablarının, dərdlərinin  dəhşətini   tənhalığında  hiss  edəcəksən. Sən  hələ  bunlarla  üzləşməyə  hələ  hazır  deyilsən. Sənə  özündən  çox  başqası   lazımdır  ki, tənhalıq  hissini  boğsun, unutdursun. Yalnız  bu  müəyyən  müddətə  olacaq. Əvvəl-axır  sən  onunla  üzləşməli  olacaqsan. Ancaq  sən  qorxursan. Tənhalıqdan  qorxursan. Sən  nəsə  axtarırsan, amma  bilmirsən nə. Səni  seks, pul, hakimiyyət,güc  maqnit  kimi  cəzb  edir. Sən  allahı  unutmusan, sənin  allahın  ancaq  sözdə  yaşayır. Sən  ona  inanmırsan. Yalandan  deyirsən  ki, inanıram. Bununla  Allahı, yoxsa  özünümü  aldadırsan?

   Tənhalığa  çəkil  və  insanlardan  uzaqlaş. Onların  cılız  və  çürük  fikirlərindən, içi  boş  qlamur  həyat  tərzlərindən, məntiqsiz  hərəkətlərindən. Onlar  səni  anlamazlar. Səni  özündən  başqa  heç  kim  başa  düşməz. Dost, Sənin  tənhalığa, Tənhalığın  da  sənə  ehtiyacı  var. İkiniz  də  təksiz…

   Və  bunları  dedim. Üzümü  yanımda  oturan  yoldaşıma  çevirdim, amma  o, yox  idi. Çoxdan  getmişdi. Mənsə  havalı-havalı  öz-özümə  danışırdım.

 

                                                                                                            13  avqust  2014


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+16=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0264 saniye