Tərəddüd
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:31 15 fevral 2022 tarixində əlavə olunmuşdur

Günahkar deyil əlbət daşlar, qayalar

Təkcə elə özüməm ayağıma dolaşan

İki uzaq nöqtədəki uca dağın başından

mənbə alan çay kimiyik,

kimdir daha qovuşan?!

Önümdəsə bəlkə də

zirvələrə yol açan

həyəcanlı bir uçurum...

Uçmalımı, uçmamalımı?!

 

Ümidi heç sevmirəm,

Sən ki bilirsən

Ona görə içimdə məqsədlər doğulur,

ancaq anındaca boğulur

Ayağımı yerə möhkəm basacağım o anda:

havadan asılı bir təhlükə oyunu...

Nə önü var, nə arxası,

nə sağı var, nə solu

Yeni hədəflər - ölməyin daha maraqlı yolu...

Qaçmalımı, qaçmamalımı?!

 

O qədər yol almışam ki, ayaqlarım yorulub

Ruhuma qanad taxmışam

yerdə gəzməyi unudub

Hələ bunun yerə dönüb öyrəşmək əzabı var

Arxamda tək məmnunluğum,

önümdəsə bir qapı var

Dönsəm, bağlı qalacaq,

toxunsam, açılacaq

Bir qapı ki, geridə səssizliyin qalacaq...

Açmalımı, açmamalımı?!

 

Sonra susdum...

Arxamı döndüm,

addımlarımı yavaşlatdım,

əllərimi yanıma uzatdım...

Çaşqınlıq içindəki ağlımı toparladım,

göyə baxdım, gülümsədim

və öz-özümə dedim:

nə bu keyləşmiş dünyanın hay-küyünə qarışmalı,

nə də ki bu uydurulan fəlsəfəylə barışmalı...

Yalnızlıqda öz qəlbinin hüzurunu bəsləməli,

güclənmək naminə hörgüclənməməli,

yeni dağlar kəşf etməli,

insan adlı bu duyğusuz məna-məqsəd oyuncağı

aşınmalı, aşılmalı,

varlığında incədən incə bir sevgi daşımalı

və yalnız ondan sonra yaşamalı...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+31=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.04 saniye