Tez qayıt
Bircə tez qayıt gəl, gözümün nuru!
Sənsiz dünya mənə elə dar gəlir,
Yolların boşluğu gözümü yorub
İnan ağlardım, bu yaşda ar gəlir.
Yaman çox uzandı bu ayrılığın,
Günlər keçmək bilmir sən olmayınca,
Tələs, qoy yaşatsın sənin varlığın
Ömür çiçəyimi tam solmayınca.
Gəlişin isitsin buz otağımı,
Şirin nəfəsinin ətrini duyam,
Canlandır səsinlə boş ocağımı,
Qoyma sənsiz qala bu tənha dünyam.
Sənsiz günü günə düzə bilmirəm,
Dost-tanış qınayır, lap sınıxmışam.
Ta səbrim tükənib, dözə bilmirəm,
Tez qayıt, əzizim, çox darıxmışam.