Hər səhər bir ünvanda gözünü açırdı həyata.. Gecələyəcəyi yeri gün ərzində axtarıb tapırdı və hər günorta gecələmək üçün seçdiyi yeri yaxşı-yaxşı öyrənmək üçün müşahidə aparırdı. Əmin olmalıydı ki, gecələcəyi yerdə bütün gecəni təhlükəsizlikdə qalacaq.
Bu gecə balaca bir mağazanın yan tərəfindəki rütubətli,siqaret kötükləri ilə döşənmiş dar küçədəki köhnə taxta oturacaqda gecələyəcəkdi. Həmin mağazanın qarşısındakı pilləkəndə oturaraq ətrafı gözdən keçirir, arabir barmağı ilə də şalvarının dizindəki cırığdan qıçının tüklərini sığallayırdı..
Sakitlik idi.. Ətrafda heç bir tərpəniş,qeyri-adi bir şey görünmürdü.. "Əsil gecələməli yerdir!" dedi öz-özünə... Buralarda onu ordan-ora, burdan-bura qovan polis əmilər də gözə dəymirdi.
Qış aylarından bəri canında soyuqluq var idi.. Zaman-zaman qrip olurdu.. İndi də qrip xəstəliyindən təzə ayılmışdı.. Yenidən qoxubilmə qabiliyyəti ilə görüşmüşdü burnu..
Burnuna qəribə qoxu gəlirdi. Ona tanış olduğu qədər həm də yad idi bu qoxu... Bütün yaddaşını cəmləyib, qoxunu xatırlamağa çalışdı. Lakin qoxunun nədən gəldiyini anışdıra bilmədi...
Ayağı ilə digər ayağını "qaşıyır" və ağzı açıq şəkildə burnunu qurdalayırdı.. Burdakı missiyasını,demək olar ki,yerinə yetirmişdi.. Gecəni burda yatacağını dəqiqləşdirmişdi.. Əgər gecə rahat yata bilsə, sabah da burda yatmağı düşünürdü. Çıxıb getmək istəyirdi. Gündüz buralarda görünməyindən onu oğru zənn edə bilərdilər. Başına belə şey az gəlməmişdi. O qədər olmuşdu qulağından çəkib “Burda nə veyillənirsən? Bəlkə oğurluğa gəlmisən?!” desinlər. And-aman eləsin ki, ona yatmağa yer lazımdı. Başqa heç nə istəmir. Bəzən ona yazıqları gəlib buraxırdılar, bəzən də bir-iki silləylə canını qurtarırdı.
İndi də çıxıb getməli olduğunu bilə-bilə yerindən tərpənə bilmirdi. Burnuna gələn qoxu ona doğma kimisə xatırladırdı. Bəlkə anasını xatırladırdı, bəlkə də nənəsini...
Bu zaman açılan qapının cırıltısı onu fikirdən ayırdı... O, arxası qapıya tərəf oturmuşdu. Biixtiyar hövlnak ayağa qalxdı, dönüb geriyə baxdı. Bir qız əlində paketlə mağazadan çıxırdı. Əvvəl diqqəti əlindəki paketə yönəldi... Paketin üstündə qəşəng geyimli iki uşaq şəkli vardı. Uşaqlar məsud –məsud gülümsəyirdilər. Əyinlərindəki paltarlar da yaraşırdı onlara. Qızın əlindəki paketin yemək yox,paltar paketi olduğunu müəyyənləşdirdi (onu indi maraqlandıran ilk şey yemək idi) . Bu qız özü də paketin üstündə gülümsəyən uşaqlardan pis geyinməmişdi, çox gözəl görünürdü. "Necə gözəl qızdır!" deyə düşündü. Qız onun yanından keçəndə ehtiramla yol vermək istədi. Amma özünü elə itirmişdi ki, qırxayağın ayaqları kimi ayaqları bir-birinə dolaşırdı. Qıza yol vermək yerinə qızın yolunu kəsdi və uşaqlar toqquşdular. Paket qızın əlindən düşdü. Cəld sıçrayıb paketi və yarısı paketin içindən çıxan koftanı əlinə aldı.
Qız əsəbi şəkildə üst-başı kir içində olan uşağı yuxarıdan-aşağı süzdü. Bir əlində paket, bir əlində köynək çaşqın vəziyyətdə dayanan oğlanın əlindən paketi də, köynəyi də alıb sürətlə pilləkənləri düşdü.
Ağlayırdı... Bayaqdan onu narahat edən qoxunun hardan gəldiyini tapmışdı. Pilləkənində oturduğu mağazanın paltar mağazası olduğunun fərqinə varmamışdı.
Sonuncu dəfə geyindiyi təzə paltarın qoxusu yadına düşmüşdü... Burnunu göz yaşlarını və fırtığını silməkdən qartmaq bağlamış köynəyinin qoluna sıxdı bərk-bərk.... Bu qoxu ona əziyyət edirdi.