Ölüm, bu həyatda tək həqiqətimizdir... Düşünürsənmi, bir gün gələcək olmayacaqsan nə səsin gələcək, nə sorağın, nə ayaq səsin eşidiləcək nə də geridə buraxdığın izlər qalacaq. Sanki heç olmamışsan kimi səssiz-sakin gedəcəksən hələ də məhkəməsi davam edən, günahkar olub-olmadığına qərar verilməmiş həyatdan. Harada, nə zaman, necə öləcəyin isə heç bilinməyən bir gerçəkdir. Kimisi hansısa bir xəstəlikdən gedəcək, kimisi yeganə çıxış yolu hesab etdiyi intihardan, kimisi də hansısa bir dəmir parçasında can verəcək. Bir də qürbətdə tanınmaz halda ölmək var kimisinin qismətində. Kimsən, nəçisən, kimin nəyisən bilinməz və qalarsan ortalıqda. Bir düşün, adi bir hal almış avtomobil qəzasını və həlak olanlardan birinin tanınmaz vəziyyətdə öldüyünü. Yaxınları hər şeydən xəbərsiz və normal olaraq, günlərdən bəri alınmayan bir xəbər... Anidən gələn telefon zəngi "övladınız avtomobil qəzasında həyatını itirdi. Başınız sağ olsun!". İndi gəl də bu acıya dayan. Çoxumuz işlədirik "Sənsiz yaşaya bilmərəm." cümləsini , amma elə də gözəl yaşayırıq ki. Tək çarə isə zamandır, vəfasız zaman... Gün gəlir ki, hər şeyi unutdurur, hətta unutmaq istəmədiyini belə. Yaxınların üçün əzizsən, doğmasan, sevimlisən, hər şeysən varkən, yoxkən isə bir köşəyə saxlanmış kiçicik xatirəsən. Keyfi istəyəndə xatırlayacaq səni, istəməyəndə də tək tənha qalacaqsan soyuq məzarında. Başdaşına vurulmuş şəklindən kədərli gözlərin dikiləcək qəbiristanlığın dolanbac yollarına və artıq sən istədiyin vaxt deyil, onlar istədiyi zaman gələcəklər görüşünə. Sənsə səssizcə, dinməz-söyləməz gözləyəcəksən onları. Bezsən də, yorulsan da, küssən də, incisən də istəsən də istəməsən də gözləyəcəksən. Ziyarətinə gəldiklərində isə onlara "niyə gec gəldiniz, bu qədər gözlətdiniz məni???" deyə, əsəbiləşib üsyan edə bilməyəcəksən. Çünki , artıq sən yoxsan, ölüsən, torpaqsan anlayırsanmı torpaq. Torpağa qoyulduğun an hər şey bitər. Çünki, torpaq soyudur insanı insandan...
Gəldiyin yerə geri dönürsən və artıq yaxınlarının deyil yarandığınınsan - torpağınsan. İndi səni dünyaya gətirən ana deyil, o basır bağrına, sevir, əzizləyir, laylanı çalır və beləcə dərin yuxuya gedirsən. Heç ayılmaq istəmirsən və şirinləşir, sonsuzlaşır yuxuların... Bu həyatdan apardığın isə bir kəfənin olur bir də qazandığın üç kəlimədən ibarət "Allah rəhmət etsin!" cümləsi. O da baxır da kimin ürəkdən, kimin dilucu deməsinə... Önəmli olan isə sən yoxsan artıq bu həyatda...