Üç abidin rəvayəti
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 12:09 29 iyun 2016 tarixində əlavə olunmuşdur

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Allahın razılığına qazanmaq naminə edilmiş ixlaslı (səmimi) əməlin insana faydası barədə aşağıdakı rəvayəti öz səhabələrinə danışdı: Keçmiş zamanlarda Bəni-Israil qövmündən üç nəfər səyahətə çıxmışdı.

Onlar yolüstü bir dağın mağarasına çəkilib ibadət etməyə başladılar. Qəfildən zəlzələ qopdu, iri bir qaya parçası dağdan qopub aşağı diyirləndi və mağaranın girişini bağladı. Mağaradakılar başa düşdülər ki, yalnız Allaha sığınıb Ona təvəkkül etməklə xilas ola bilərlər. Çünki qaya parçasını yerindən tərpətmək onların qüvvəsi xaricində idi. Qərara gəldilər ki, onların hər biri ömrü boyu yalnız Allah naminə etdiyi heç olmasa bir əməli yada salıb danışsın. Bəlkə Allah-təala həmin əməlin xatirinə onlara bu bəladan nicat verər.

Birinci abid sözə başladı: “Mən cavanlıqda bir qadına aşiq olmuşdum. Gecə-gündüz onun xəyalı ilə yaşayır, vüsalına çatmaq üçün fürsət gözləyirdim. Qadının rəğbətini qazanmaq üçün ətək-ətək pul tökdüm, axırda onu razı sala bildim. Xəlvət bir yerə gəldik. Qadınla zina etməyə hazırlaşırdım ki, birdən-birə cəhənnəm əzabını təsəvvürümə gətirdim. Allahın qorxusundan dəşhətə gəldim, edəcəyim günahdan utanıb xəcalət çəkdim. Tövbə edib oradan uzaqlaşdım və bir daha zina etmədim. Ilahi, Sən özün şahidsən ki, mən bunu yalnız Sənin razılığını qazanmaq və Sənin əzabından xilas olmaq naminə etmişdim”. Birinci abidin sözü qurtaran kimi mağaranın ağzındakı daş hərəkətə gəlib bir az kənara sürüşdü, artıq çöldəki gün işığını görmək və təmiz havanı udmaq mümkün idi.

İkinci abid öz başına gələn əhvalatı danışmağa başladı: “Mənim cavanlıqda böyük əkin sahəm var idi. Oranı belləmək üçün bir neçə nəfər muzdlu fəhlə tutdum, hər birinə yarım dirhəm pul verəcəyimi söylədim. Fəhlələr sahəni belləyib qurtarandan sonra muzdlarını verdim. Amma onlardan biri dedi ki, mən iki nəfərin işini görmüşəm, ona görə də mənə bir dirhəm verməlisən. Onunla mübahisəm düşdü, axırda muzdunu da almadan çıxıb getdi. Mən ona verməli olduğum yarım dirhəmə toxum alıb əkdim. Həmin il bol məhsulum oldu, satıb on səkkiz min dirhəm qazanc əldə etdim. Bir müddətdən sonra həmin adam yenə məni axtarıb tapdı, yanıma gəlib muzdunu tələb etdi. Mən bu dəfə onunla mübahisə etmədim, halallıq naminə qazandığım bütün pulu ona bağışladım və onu razı saldım. Ilahi! Bu işi Sənin halal-haramını qorumaq xatirinə etmişdim. Əgər bu işimdən razısansa, bizi buradan xilas et!”. Qaya parçası bir az da hərəkətə gəlib kənara diyirləndi. Amma hələ mağaradan çıxmaq mümkün deyildi.

Üçüncü abidin növbəsi gəlib-çatmışdı. O da öz əhvalatını danışmağa başladı: “Mənim qoca ata-anam vardı. Hər gecə yatmazdan əvvəl içmək üçün onlara süd gətirib verirdim. Bir gün işdən evə gec gəldim. Gördüm ki, valideynlərim yatıblar. Süd qabını yataqlarının yanına qoyub getmək istədim. Amma birdən ağlıma gəldi ki, qabın içinə qurd-quş düşər, valideynlərim qaranlıqda südü içib zəhərlənərlər. Istədim ki, onları oyadıb südü içizdirim, amma yuxularını pozmağa ürəyim gəlmədi. Qabı əlimdə tutub yatağın kənarında oturdum və gözləməyə başladım. Gecəyarısı valideynlərim özləri yuxudan oyandılar, mən südü onlara içizdirib xatircəm oldum və getdim. Ilahi, özün şahidsən ki, bu əməli Sənin razılığını qazanmaq naminə etmişdim. Sən də bunun xatirinə bizə nicat ver“. Həmin an mağaranın girişindəki qaya parçası kənara düşdü və abidlər oradan çıxıb öz yollarına davam etdilər. Beləcə, Allah yolunda təmənnasız edilmiş üç əməlin savabı onları mağaranın içində ac-susuz qalıb ölməkdən xilas etdi.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0274 saniye