ÜÇ GÜLLƏ
Fidan Cəbrayılova tərəfindən "Esse" bolməsinə 15:30 26 fevral 2019 tarixində əlavə olunmuşdur

ÜÇ GÜLLƏ

    Heç olub ki, təbiətin səsini eşidəsiniz? Ağlayan, gülən, üsyan edən, pıçıldayan... Əgər diqqətlə qulaq assanız eşitmiş olarsız. Çünki, təbiət də danışır... Qoynunda yaşayan canlılarla bəzən sərt, bəzən mülayim olur. Bəzən üzü gülür, bəzənsə qatı düşmandan da acımasız ola bilir. Eynilə o günkü kimi... O gün də təbiət gah susqun, gah tutqun, gah sərt, gah da ağlar kimi idi. Nə isə demək istəyirdi. Sözlü adam kimi idi. Nəyisə hayqırmaq istəyirdi. Çovğunuyla, küləyilə sanki qılınc oynadırdı. Yaralı heyvan kimi önünə keçənin əlini, üzünü öz şaxtası ilə kəsib tökürdü. Lakin kənd sakinləri təbiətə məhəl qoymurdu. Çünki, təbiətdən də zalım olan insan övladının zülmü başlarını elə qatmışdı ki, qışın sərt soyuğu, küləyi, olanlar və olacaqlar qarşısında aciz qalacaqdı...

O gün kəndin işıqları da yanmırdı. Əvvəlki günlər fasilələrlə yanırdısa, indi təmamilə işıqsız qalmışdılar. Evlərin pəncərələrindən yalnız lampa, ya da şamın işığının közərtiləri məhlələri azacıq da olsa işıqlandırırdı. Bəzi evlərdənsə heç o közərti də hiss olunmurdu. Ya isti yuvalarını tamam tərk etmişdilər, ya da olacaqları hiss edib, talelərilə barışıb qaranlığa çəkilmişdilər. Günlərdir o insanların hər birinin ürəyi həyəcan, təlatüm, ümidlə çırpınırdı. Ürəyiniz sıxıldı, elə deyilmi? Amma inanın ki, o gün, oradakı insanlarınkı qədər sıxıla bilməz... Həyat dayanmaq üzrəydi burada. Lakin qəlblərdə hələ ümid var idi. Xəbər gözləyirdilər. Kimsə gələcək və onlar qurtulacaq. Bir neçə saatdan sonra o kimsələr gəldi. Amma heç də gözlədikləri kimi olmadı... Gələnlər ”Meşəyə çəkilin! Silahımız azdı. İt uşağının xeyli silahı var, şəhərdən kömək gələnəcən vaxt udmuş olarıq” dedilər. Dedilər, elə o an kənd camaatına çaxnaşmanı saldılar. Hamı əl-ayağa düşdü. Hərə bir tərəfə çırpınmağa başladı. Necə çırpınmasınlar?... Bəzən insan yuxuda əzizlərinin başına bir iş gəldiyini gördükdə, oyanan kimi saatlarca bu qorxunun həyəcanıyla özünü ovutmağa, sakitləşdirməyə çalışır. Qaldı ki, həqiqətdə insan bilə ki, düşmən bir addımlıqdadı! Sel kimi, alov kimi alıb əzizlərini apara bilər!... Sizcə bunu bilən insan sakit ola bilərmi?... Məncə yox! Necə ki, onlar da ola bilmədilər. Hamı tez yığışmağa başladı. Çünki nə qədər vaxtları qaldığını da bilmirdilər. Ağız deyəni qulaq eşitməz oldu... Qışqıran kim, ağlayan kim, söyən kim, çaxıb-çaxnaşdıran kim... Evlərin qapıları taybatay açılıb örtülürdü. İnsanların səsləri çovğunun vıyıltısına qarışıb yarıanlaşılmaz hal almışdı. Kimi yarıgeyinəkli, kimi balaca boxçasıyla, kimi təkcə körpələri qucağında, əlindən tutaraq kəndin küçələrinə tökülüşdülər. Eyni istiqamətdə axın halına gəldilər. Bu insan burulğanının arasında bircə nəfərsə, kəndə geriyə addımlayırdı. Qarın içiylə yaşlı bir adam özünü birtəhər kürsülü bir evin həyətinə atdı. Kiməsə səsləndi. Bayaqdan bəri evin qaranlıq eyvanından boylanan gəlin, qocanın qabağına qaçdı. Qoluna girərək evə apardı. İçəridə lampa işığında çarpayının üstündə iki cüt göz işıldayırdı. Qoca təngənəfəs, boğula, öskürə:
-Yığışının,! Tələs ki, camaata çatasız! deyə gəlinə həyəcanlı səslə göstəriş verdi. Əlini beşikdəki körpəyə aparmaq istəyən gəlin, bir anda duruxdu, geri döndü:
-Ata bəs sən?! Qoca acıqlı səslə
-Nə mən?! Tez ol deyirəm sənə, uşaqları geyindir, yeyin ol!
-Mən heç yerə sənsiz gedən deyiləm! deyən gəlin heykəl kimi yerində dikilib durdu. Qoca əvvəl olanaları ciddiyə almadı, lakin bir anda gəlinin qərarının qəti olduğunu anlayıb, daha mülayim səslə :
-Qızım, başına dönüm, tez ol. Gec olursuz. Yol dizəcən qardı. Uşaqları da götür meşəyə tərəf get. Əmingil də o yolda olacaqlar.
-Sənsiz ölərəm, getmərəm! Gəlini bəlkə də bu evə gəlin gəldiyi gündən bəri ilk dəfə atanın düz gözlərinin içinə baxdı. Bu gözlərdə nələr yox idi... Bir hayqırtı, sevgi, yalvarış, qorxu, vahimə. İnsanın içini ürpədən səssiz səslər, sözlər!
-Mən gedə bilmərəm bala, bilmərəm! Bura mənim yurdumdu. Mən burda doğulmuşam. Ata-anamın, babalarımın, can yoldaşımın, oğullarımın məzarı burdadı. Mən də son nəfəsiməcən burda qalacam. Mən bu çağacan Allahdan başqa heç kəsdən qorxmamışam! İnnən sonra da üç dığadan qorxası döyüləm! Sənsə yığşan get. Balallarını da götür, vaxt varkən düzlən yola. Bir azdan kənddə heç kəs qalmayacaq. Camaatın silahı azdı. Sizi müdafiə eliyəmməzlər.
Gəlin bir addım geriyə dönüb, bayaqdan çarpayıda lal-dinməz oturan qızcığazın yanında oturdu. Əyilib çarpayının yanındakı körpəsini də qucağına aldı. Bir əlilə bir çağasını, o birilə də digərini qucaqladı. Qoca qəfəsdəki vəhşi heyvan kimi otaqda var-gəl etməyə başladı. Gah kükrədi, gah yalvardı. Amma gəlindən səs gəlmədi. Sanki daşa dönmüşdü. Get-gedə uzaqlaşan insan səsləri qocanı daha da həyəcanlandırdı, vaxtın daraldığını dərk etdi. Körpələrə baxdı. Zavallı qoca... Bir tərəfdən qüruru, torpağına, yurduna sevgisi, o biri tərəfdənsə oğlundan qalan tək yadigarlar. Onlara haqsızlıq olmazmı?! Gəlininə haqsızlıq olmazmı?! Oğlu şəhid olandan sonra, gəlinini öz doğmalarının yanına yollamaq istədikdə, o etiraz etmişdi. “Mən burda, sənin ocağında öləcəm” demişdi. Özü-özünü ürəyində asıb-kəsməyə başladı. “İnadkar qoca! Təkcə sənsən də torpağın, ölüsün istəyən?! Camaatın mənniyi, ölüsü yoxmu görən?... Təkcə sənsənmi qüruru olan? Camaat da balasının, doğmasının dərdinnən dərbədər olmayıbmı? Kimə lazımdı sənin qürurun, əgər sənə əmanət qalan bu üç tifili qoruya bilməyəcəksənsə? Kimə?...” Elə bunları düşünə-düşünə içəri otağa keçdi. Əlində ov tüfəngiylə qayıtdı.

  Artıq on dəqiqədən sonra yolun başında insan qaraltıları göründü. Bu qoca və ailəsi idi. O son dəfə çönüb arxaya baxdı Evinə doğru. İçi sızladı. Evinin divarları üçün yox! O divarlar içərisində yaşanan acılı-şirinli xatirələri üçün. Bir anda o evin ilk daşını öz atasıyla necə qoyduğunu xatırladı. Evin divarının hər daşını atasıyla birlikdə öz əllərilə hördüyünü xatırladı. Anasının yapdığı təndirin ətri gəldi burnuna. Sonra aşıq havası. Ömür yoldaşını bu səslə gəlin gətirmişdi o evə. Ona nər kimi üç oğul dünyaya gətirmişdi. Amma düşman üçünü də aldı əlindən... O dərindən bir ah çəkdi. Salamat qalın! deyə, sanki, xatirələrə, bəlkə də o evdən gəlib, köçən əzizlərinə səsləndi. Bir anda ona elə gəldi ki, bu dilsiz ağızsız ev boynunu bükdü. Sahibinin dalıyca boylanaraq “bəs mən?!” dedi. Qocanı qəhər boğdu.          

  Gecədən xeyli keçmişdi. Onlar gah yıxıla, gah dura qarın içiylə yeyin addımlarla xeyli yol getdilər. Amma hələ də kənd camaatından bir kəsə rast gəlmədilər. Təkcə ara-sıra eşidilən atəş səsləri, bir də gecənin küləyi onlara yol yoldaşlığı edirdi. Yazıq qoca yol boyu özünü danlamaqdan diriykən öldürməkdən betər etmişdi. Camaata çata bilmədikləri üçün özünü heç cür bağışlaya bilmirdi. Əgər inad etməsəydi, indi onlarla bir addımlamış olacaqdılar. Hətta ürəyinin dərinliyində, onların içərisindəki yaxın qohum-əqrəbanı da qınayırdı. ”Allah insaflarını versin! Mən cəhənnəm, barı bu yetimləri gözləyərdilər. Ay Allah! Özün kömək ol!” Olacaqlar onu çox qorxudurdu. Amma nə bilərdi ki, yazıq camaat artıq... Qoca dodağının altında deyinə-deyinə bir neçə addım getmişdi ki, birdən gəlinin səsi onu diksindirdi. Geri döndü. Gəlin qarın üstünə ağzı aşağı yıxılmışdı. Yazıq qadın bir körpəsi kürəyində, biri qucağında müvazinətini saxlaya bilməmişdi. Ayağa qalxmağa çalışırdı. Amma həm gücü tükənmişdi, həm də qar imkan vermirdi. Qoca bütün gücünü toplayıb onlara yaxınlaşdı. Birtəhər ayağa qalxmağa kömək etdi. Balacanı götürmək istədi. Gəlini razı olmadı. Ya qayınatasına qıymadı, ya da körpəsindən qopa bilmədi. Onu yenə də bərk-bərk qucaqladı, ki üşüməsin. Birtəhər ayağa qalxdı. Yollarına davam etmək istədilər. Uzaqdan gələn səslərdən bir anda gözlərinə işıq gəldi. Səs gələn tərəfə doğru addımladılar. Bir neçə addım getmişdilər ki, donub yerlərindəcə qaldılar. Səslər yaxınlaşdıqca, gələnlərin nə kənd cammatı, nə də əsgərlər olmadığını anladılar. Artıq çox gec idi.. Onlar idi. Ermənilər... Gəlin geriyə çevrildi. Dizləri üstünə oturdu. Ayaqda durmağa taqəti qalmamışdı. Kürəyindəki balasını belindən açdı. Yazıq balaca büsbütün donmuşdu. Güclə nəfəs alırdı. Ana əvvəl birini, sonra o biri balasını duz kimi yaladı, öpdü, qoxladı. Qoca olanları çaşqın-çaşqın izləyirdi. Gəlinin havalandığını düşündü. Olanlara anlam verə bilmədi. Əyilib onları qaldırmaq istəyirdi ki, gəlin var gücüylə, iki körpəsi qucağında ayağa qalxdı. Qocanın bitkin, çaşqın üzünə gözləri yaşlı, amma sevgiylə baxdı. Gözləri bir başqa güldü. Vidalaşan cürə:
-Ata, biz hazırıq! dedi. Qoca diksindi.
-Yox! Olmaz! dedi, bir addım geri çəkildi. Səslər getgedə lap yaxınlaşırdı. Gəlin gah geri, gah da qocaya baxdı:
-Ata, vur! Vur! Çatırlar! deyə çığırdı. Zavallı qoca gözlərindən yaş leysan kimi süzülə-süzülə gah gəlininə, gah nəvələrinə baxa qalmışdı. Bir anda gəlininin körpələrini qarın üstünə qoyub, onun əlindən tüfəngi dartıb almaq istədiyini başa düşəndə, çaşqınlıq yuxusundan ayıldı. Artıq başqa çıxış yolu olmadığını başa düşdü. Gəlinin gözlərinə günahkarca baxdı. Gözlər bir-birilə danışdı:
- Mən sizə necə qıyaram, ay bala?...
-Ata, ölümümüz sənin əlindən olsun. Bizi düşmənə yem etmə!
Gözlər bir-birilə halallaşdı. Vidalaşdı. Üç atəş səsi gəldi. Ağacların budaqlarındakı qar topaları da diksindi sanki... Yerə ələndi. Tüfəngin dördüncü dəfə tətiyi çəkildi. Çaşqın qoca... Tüfəngdə üç güllə olduğunu dəqiq bilirdi. Amma yenə də lüləyi öz şah damarına sıxmışdı. Dizləri üstə çökmüş, lüləyi boynuna dirənmiş halda, nəvələrinə, gəlininə baxa-baxa, gözləri açıq, canını tapşırmışdı. O an zavallı qocanın ürəyindəkiləri kim bilə bilərdi ki... Amma açıq qalmış gözləri çox şey danışırdı. O qədər canlı idi ki, hətta bir azdan ora gəlib çıxan ermənilər, donub qalmış qocadan belə qorxub, onu dəlmə-deşik etmişdilər. Gözləri qandan doymamışdı. Artıq çoxdan canlarını tapşırmış gəlinlə, körpələrinin soyuq bədənlərini ələ salmışdılar.          
  Bəzən düşməni bildiyimiz, bilmədiyimiz ən pis, mundar sözlərlə adlandırdıqda, sanırıq ki, hirsimiz, nifrətimiz soyuyacaq. Amma məncə onların elə adını demək kifayətdir. Bir kəlmə ilə bütün mundarlıqlarını, nə qədər zavallı, qorxaq olduqlarını özündə əks etdirdiyi üçün, elə erməni demək kifayətdir.
   O gecə, o torpaqlarda bir tarix yazılmışdı. Qanlı həriflərlə! Camaatın gözlədiyi kömək gəlib çatanda artıq çox gec idi. Gələnlər gözlərinə inana bilməmişdilər. İnsan cəsədləri bütün ətraf boyu səpələnmişdi. O gün onlara baxan gözlər dilnən ifadə edilməyəcək bir dəhşətin, vəhşiliyin, soyqırımın şahidi olmuşdular. Əgər təbiətin səsini dinləyə bilsəydilər, hər ağaca, hər daşa, torpağa, səmaya neçə ah-nalə həkk olduğunu eşidərdilər. Hər tərəf insan meyidi idi. Yer üzündən silinən neçə ailə! Girov düşən neçə insan! Neçə tale! İşgəncə olunmuş, darmadağın edilmiş neçə bədən! Onları o vəziyyətdə görənlərin nitqi tutulmuşdu. Dili qurumuşdu. Ata-anasız qalan neçə körpə, balasız neçə valideyn, qoca, cavan neçə insan-cismən sağ qalsa da, ruhən onlarla bərabər ölmüşdü!


    Fidan Malik qızı          


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0269 saniye