Bilməzdim belə gözəl susa bilirsən...
Mat qalmışam özüm də
səndə görə bilmədiyim ənginliklərə...
Dəniz dalğa-dalğa sahilə atsa da hər şeyi,
sən tamam fərqli idin,
məni içinə çəkirdin – dərinliklərə...
Sənə doğru durmadan irəlilədikcə
narahat da olurdun boğulmağımdan...
Məni günahlandırıb çox da qınama,
axı ömrümdə hələ
tərsinə dalğalanan dəniz görməmişdim heç...
* * *
Çox da çılğın deyiləm bu aralar nədənsə,
hətta bunun əksinə,
gərginəm, əzginəm və köhnə bir xəbər - tənhayam, əzizim...
Bilirdim ki,
Boşuna deyil mənim kütləyə olan qəzəbim,
aramıza girməyə də üz tapıb indi...
Özün bir bax,
əlimdən almırmı mənə səni andıran və ruhumu dindirən hər şeyi?!
Əvvəl o sevimli və səssiz gölün simasını dəyişdilər,
İndisə səni düşünüb xəyallara daldığım
o xudmani kafenin yerində
geyim dükanı açıblar...
Nə qədər bərbad olsa da, geriyə bir yaddaşım qalıb...
Halbuki, bir zamanlar
yaddaşımı itirmək ən böyük arzum idi...
Əlimdən almısan sən o arzunu da,
Necə yaddaşımdan vaz keçim axı?!
Sənlə bağlı xatirələr də ordadırsa?!
* * *
Bütün bunlara rəğmən bədbinəmmi?
Qətiyyən...
Axı əllərim var mənim sənə uzanan,
Xoşbəxtliksə barmaqlarımın ucundadır
- ən sadə duyğulardan
ruhumun zərrələri sənə doğru qaça bilirlər
Heç ağlına da gəlməz, inanmazsan;
elə sevincliyəm, elə xoşbəxtəm ki...
Öyrəndiyim o gündən ki,
balıqlar da...
Hətta balıqlar da uça bilirlər...