Tütək səsi eşidiləndə hər kəs qeybə məhkum olurdu. Cüzamlı gənc tütəyini çala-çala əski parçalarından heç nə ilə fərqlənməyən əbasını küləyin ixtiyarına verərək ayaqyalın şəkildə müxtəlif rəngli və irili-xırdalı daş səkilərdə rahatca addımlamasında idi. Bəzən insanların cüzamlılar üçün buraxdıqları da olurdu. Adətən cüzamlının gəlişi bildirən tütək səsinə verilən ani reaksiyalarından biri də lap əvvəlcədən hazırlanmış kiçik torbalarını eləcə yolun ortasında buraxardılar. Tütəkçi cüzamlı isə rastına çıxılan bir neçə kiçik torbaları çiyninə aşırdığı çantasında gizlədərək ucadan təşəkkürünü bildirirdi. Sonra isə tütəklə yola davam edirdi. Geriyə qayıdarkən də tütəyi ilə işarə verərək insanların gizlənmələri üçün yardımçı olurdu. Cüzamlıların kiçik qəsəbəsinə geri dönüşündə ətrafına cəmləşərək gözlərini ona zilləyirdilər.
Mənim dayəm də günlərin birində ağır xəstələndi. Hər kəs onun “cüzam” bəlasına mübtəla olduğunu düşünməyə başlamışdılar. Onsuz da yatağından qalxmırdı, heç kim də ona yaxınlaşmırdı. Yeməyini isə qapı ağzında buraxaraq qapını döyəcləməklə bildirmiş olurduq adətən. Özünə “həkim” adını qoyan, amma bütün işi-gücü meşəlikdəki uçuşan işıltılarla maraqlanan və kiçik laboratoriyadan çıxmayan “N.M” elə sadəcə uzaqdan-uzağa dayəmə göz ataraq bizə söz verdikdən sonra itdi. Mənim qəlbim qırıldı, həmişə məni laboratoriyaya apararaq uçuşan işıltılarla tanış edən “həkim”ə qarşı inamım sarsılmışdı artıq. Üzümü yastığa basdıraraq hönkürürdüm, çiyinlərim atılıb düşürdü. Ailə üzvləri məni sakitləşdirə bilmədiklərində əsəbiləşərək qapını çırpmaları ilə məni tək buraxdılar.
Gecə düşüncə dayəm dolabdakı geyimlərini torbalı çantasına boşaldıb pəncərə önünə gəldi. Siması “ləkəli” ay ona gülümsünürdü. Dayəmin nəmli gözləri də gülümsədi. Sonra şamı üfürərək otağı qaranlığa təslim edib torbalı çantasını əlinə aldı və dəstəyi buraraq qapını açdı. Ətraf səssizlik içində boğulurdu. Ayaqyalın halı ilə pilləkənləri enərək ətrafa üzüaşağı süzülən göz yaşları içində nəzər salıb dərin köks ötürdü. Evdən çıxdığında gözləri uzaqlara zilləndi. Addımlamağa başladı. Uçuşan işıltılar havada rəqs süzürdülər...