Qanacaqdan kasad, tərbiyədən kəm olanlar çox zaman ulaqla müqayisə edilir. Bu, çox insafsız və ədalətsiz bənzətmədir. Bu, həmin qanacaqsızların timsalında ulaqların şəxsinə edilən haqsızlıqdır. Yayda bir – iki dilim qarpız qabığı, qışda bir ovuc quru arpaya qane olan ulaq, ilin dörd fəsli demək olar ki, sahibinin qulluğunda durur. Kürəyinə nə şəlləsən başı aşağı səssiz – səmirsiz mənzil başına çatdırır. Ara – sıra sahibi tərəfindən amansızcasına şallaqlansa da, yenə yiyəsinə sadiqdir. Maraqlı hiss etmə qabiliyyəti var. Çətin keçilən yollardan bir dəfə keçdimi, ikinci dəfə o yolla keçməz. Aclığa, susuzluğa davam gətirə bilir. Gözlərindəki gözəlliyi də ki, vəsf etməklə bitməz. Bəzən, gün ərzində çox işləyənlər də, məhz özünü ona bənzədər. Fəqət pis deyil, yaxşı mənada. Ən önəmlisi, Amerikanın iki nüfuzlu partiyasından birinin loqosunda məhz bu heyvanın şəkli əks olunub. İndi söyləyin, heç insafdandırmı ki, belə zəhmətkeş təbiət canlısı, hansısa bir qanacaqsız iki ayaqlı canlı ilə müqayisə edilsin? İnanın ki, bu zəhmətə böyük sayqısızlıq olar.
Yalnız ictimai mühitdə deyil, həm də şəxsı həyatında olanlarla kobud davranan, qonşusunu saymayan, qohumunu tanımayan, hər addımda ətrafa bilərəkdən zərər verən, öz ağasına şirin görünmək üçün başqalarını aşağılamaqdan zövq alan, öz mənafeyindən qeyri kimsəni düşünməyən, bir az da, özünü bic gicə bənzədən bir tiplə zəhmətkeş və cəfakeş ulaq necə müqayisə edilə bilər? Bu, ən azı insafsızlıq deyilmi?
Aqressiv hisslərin gün – gündən artması, Amansızlıqların gündəlik həyatda yer alması, Zülmün dan yerindən boylanması, gözəlliklərin qüruba doğru irəliləməsi, Adəm övladının bir – birinə qənim kəsilməsi dünyanın kədər yükünü çox ağırlaşdırıb. Bəşəriyyət özünün ən ağır dövrünü yaşamaqdadır. Belə zamanlarda kainatın digər canlılarına maraq dönəmi başlayır. Bəzi iki ayaqlı nankorların əməllərindən doğan ikrah hissi, aqilləri yer üzünün dörd ayaqlıları ilə könül bağlamağa vadar edir. Sadiqlik atın, sədaqət itin, zəhmət ulaqların timsalında təcəlla edir. Bədəvi ərəbin öz dəvəsinə dost – aşinasından daha çox bağlanması anlaşılandır.
Şüursuz ulaqları “şüurlu” qanacaqsızlardan fərqləndirən səbəblərdən biri də, birincinin istiqamətlə yolunu tapması, ikincinin isə istiqamətsiz yolunu azmasıdır. Birincilərə Allah zəka bəxş etməsə də, hissiyyatları ilə zəkalı insan sahəsində tez ram edilir. İkincilər isə ağıllı məsləhətə deyil, öz çirkin duyğularına əsir olur. Qanacaqsızlar insanlıqdan nəsibini almadıqda heyvandan daha aşağı səviyyəyə düşür. Şəxsiyyətini itirən mərifətsizlərlə zəhmətkeş ulaqları tərəziyə qoymaq, onları bu canlıya bənzətmək heç bir düstura uygun gəlməz. İnsan adını əzəldən itirmiş belə varlıqlar yalnız bir heyvanla müqayisə edilə bilər. O da ki, bir filmdə deyildiyi kimi, Allahın da xoşuna gəlməyən - donuzdur. Çünki, bu murdar heyvan özündən başqa hər nə varsa, hər şeyə zərər verir. Eyni ilə qanacaqsız, mərifətsiz, nankor adamlar kimi...