Umberto Eko: “Kitabxanamda əsasən saxta kitablardır”
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 03:31 03 may 2012 tarixində əlavə olunmuşdur

İtalyan intellektuallarının aparıcı fiqurlarından biri, filosof, yazıçı Umberto Ekonun ötən il sonuncu romanı "Praqadakı məzarlıq" çap edildi. XIX əsrdə baş verən mühüm siyasi hadisələrin, sui-qəsdlərin naməlum tərəflərini açıqlayan əsərin baş qəhrəmanı Simonini müxtəlif kəşfiyyat orqanları üçün gah yəhudiləri, gah yezuitləri nüfuzdan salan saxta sənədlər düzəldir.
Eko XIX əsrdə meydana çıxmış, yəhudilərin dünyanı idarə etmək planlarını təsdiqləyən, antisemitizmi gücləndirən "Sion müdriklərinin protokolları"nın saxtalığından, inqilabların - bu cür saxta, intriqalarla dolu sənədlər səbəbindən yaranan gizli təşkilatların "gizli plan nəzəriyyəsi" əsasında baş verdiyindən danışır.
"Zeit" qəzetinə verdiyi müsahibədə o, romanı, Berluskoni və internetlə bağlı fikirlərini bölüşüb.


- Sizin "Praqadakı məzarlıq" adlı yeni romanınız İtaliyada bestellerə çevrilib.
- Bəli, 500.000 nüsxə satılıb.
- Bu sizi qane edir?
- Qulaq asın. Əgər sən kitab yazırsansa və onu oxumayacaqlarını düşünürsənsə, bu axmaq bir şey olardı. Təbii ki, kitabın çox oxunması həm də xoşagəlməzlik gətirir. Çünki sonra həmişə eyni məsələ haqda təkrar danışmalı olursan. Çalışıram ki, kitabdan kitaba mürəkkəbləşim ki, oxucular onu oxumaqdan qorxsun. "Praqadakı məzarlıq"da hadisələr "Gözəl epoxa" Fransasında baş verir. İkili xasiyyətə malik Simone Simonini qızğın antisemitdir, onun siyasi intriqaları masonluğun, yezuitlərin, bəzən bonapartçıların, bəzən də antiklerikalların marağına xidmət edir. Hadisələrin mərkəzində "Sion müdriklərinin protokolları" dayanır və həmin saxtalaşdırılımış sənəd guya dünyada mövcud olan dünyəvi yəhudi sui-qəsdi, gizli planları haqdadır.
- "Qızılgülün adı" romanı bu cümlə ilə başlayır: "Əlbəttə, bu, qədim əlyazmadır". Həmçinin sizin yeni roman sözlərin gücündən bəhs edir, amma mənfi anlamda. "Qızılgülün adı" romanında söhbət xilasedici gücü olan kitabdan gedir: Aristotelin gülüş haqda "Poetika"sından. "Praqadakı məzarlıq"da isə əksinə, saxtalaşdırılmış kitablardan danışırsız. O kitablardan ki, XIX əsrdə antisemitizmi gücləndirdi.
- "Qızılgülün adı" romanındakı birinci cümlə XIX əsr İtaliyasında Manzoninin yazdığı məşhur "Adaxlılar" əsərinə əsaslanır. O, bir əlyazmanın əfsanəsiylə başlayır. "Qızılgülün adı" romanını Manzoni qarşısında borc kimi qəbul etmək lazımdır. Amma bu başqa ölkələrdə əsla başa düşülməmişdi. Sonuncu romanın isə "Qızılgülün adı"yla heç bir əlaqəsi yoxdur. Əlbəttə, mənim bütün kitablarım kitabdan bəhs edir. Strauss-Kann olsaydım seksdən, Berluskoni olsaydım puldan yazardım. Amma mən kitab adamı olduğum üçün kitabdan yazıram.

- Amma bu dəfə saxta, həqiqi olmayan kitabdan bəhs etmisiz.
- Həmişə saxtalaşdırılmış mövzularla məşğul olmuşam, xüsusən də məni həmişə "Sion müdriklərinin protokolları" maraqlandırıb, bu, dünyada mövcud olan bütün saxtakarlıqlar arasında ən şedevrdir.
Antisemit pamflet çoxlu qədim mətnlərdən ibarətdir, lap başlanğıcda isə bu pamfletin ümumiyyətlə iudaizmlə əlaqəsi olmayıb. 1931-ci ildə sübut etdilər ki, bu protokollar uydurmadı. Amma məhz elə o andan insanlar həmin protokolların həqiqiliyinə tamamən inandılar və kitab hər yerdə yaxşı satıldı. İnsanlar qədim mətnlərə daha çox inanırlar. Almaniya istisna olmaqla. Çünki o vaxt orada Hitlerin "Mənim mübrizəm" kitabı vardı. Saxtakarlıqların dünyanı təsiri altına salması məni həmişə cəzb edib.
- Niyə "gizli plan nəzəriyyəsi" məhz XIX əsrdə böyük rol oynayıb?
- Bu, milli qurtuluş epoxası idi. Hər ölkədə gizli təşkilatlar vardı. Milli müstəqillik uğrunda bütün siyasi aktivliklər gizlində baş verirdi. Fransa inqilabı zamanı açıq hava hadisəsi oldu, inqilab XIX əsrdəki "gizli plana" əsasən baş vermişdi. Qaribaldi isə Siciliyaya yürüşü haqda heç kəsə məlumat verməmişdi.
- Necə oldu ki, milli qurtuluş həm də antisemitizmi gücləndirdi.
- Fransız inqilabına kimi yəhudilər hər şeydən əvvəl bir teoloji nifrətin obyekti idilər. Onlara deyirdilər: Siz İsa Məsihi öldürmüsüz. Onda yəhudilər gettolarda yaşayırdı. Fransız inqilabı ilə yəhudilərin emansipasiyası başladı. O zaman onlar Rotşildlər dinasitiyasını yaratdılar. Onlar artıq İsa Məsihin qatili yox, bankir idilər. XIX əsrə məxsus olan çox yazılarda əsaslandırmaq istəyirlər ki, yəhudilər, kapitalistlər və ingilislər indentikdilər.
- Niyə "gizli plan nəzəriyyəsi" bu qədər məhvedilməzdir?
- İnsanlar həmişə öz uğursuzluqlarını başqalarının adına yazmağa cəhd edirlər. Hətta "İliada"da Troyanın taleyi Allahların "gizli planı" kimi kimi təsvir edilir. Əgər sən tıxacda ilişib qalmısansa, hökuməti söyürsən. Həqiqətdə isə sən özün tıxacı istehsal edənsən. İnsanlar "gizli plan nəzəriyyəsini" istehsal edirlər, öz yüklərini yüngülləşdirmək, günahlarından xilas olmaq üçün.
- Siz bir dəfə ədəbiyyat nəzəriyyəçisi Julia Kristeva ilə birlikdə Davosda Dünya İqtisadi Forumuna dəvət olunduz. Davos da gizli təşkilatdır?
- Davos XIX əsrin salonu kimi fəaliyyət göstərir: sizin insanlarla görüşmək imkanınız var. Bu bir aristokratik klubdur. Gizli təşkilat isə başqa cür olur. Modern cəmiyyətlər - özünün taleyini müəyyənləşdirə bilən gizli cəmiyyət olmaq üçün çox mürəkkəbdir.
- İnternetin "gizli plan nəzəriyyəsi"nə təsiri varmı? Məsələn, "WikiLeaks"dan nəyisə gizlin saxlamaq çətindir.
- İnternet gizli təşkilatlara mane ola bilər, çünki o hər şeyi açıq edir. Eyni zamanda "gizli plan"ı təşkil edə bilər, çünki o çoxlu mif və şayiə, fikir istehsal edir. Ərəb inqilabları "Facebook" vasitəsi ilə, ictimai, açıq üsullarla baş verdi.
"WikiLeaks" isə başqa səbəbdən vacibdir: o göstərdi ki, bütün gizli dosyelərdə sizə hər gün qəzetlərdə oxuduğunuz şeylər haqda məlumat verilir. Yeri gəlmişkən, bu həm də romanımın bir tezisidir.
- Den Braunun romanları gizli təşkilatlardan bəhs edir. Sizin romanı Den Brauna münasibət kimi anlamaq olar?
- Şübhəsiz. Den Braun hətta mənim "Fukonun yayı" əsərimdəki xarakterə bənzəyir. Bu əsərdəki personajı okkultizmin qrotesk formasında təsvir etmişəm. Biz Braunla hətta görüşmüşük. O dedi ki, siz mənim romanlarımdan narazısız? Dedim ki, əksinə, siz hətta eynilə mənim obrazlarımdan birisiz, mən necə narazı ola bilərəm.
- Sizin roman həm də İtaliyaya bir allegoriyadır.
- Mənim romanım XIX əsrdən bəhs edir, o dövrdə ki, antisemitizm saxtakarlıq və gizli cəmiyyət idi. Əgər siz Müasir İtaliya ilə oxşarlıq tapırsızsa, o zaman özünüzü rahat hiss edin. Bu mənim günahim deyil.
- Dünya tarixini belə bir saxta nəzəriyyənin idarə etməsi səfehlik deyilmi?
- Məni həmişə səfehliyin oynadığı rol cəlb edir. Böyük bir kitabxanam var, orda əksəriyyəti saxta kitablardır. Tarix saxtalığın, yalanın və səfehliyin imperiyasıdır.
- Silvio Berluskoninin uğurunda səfehlik hansı rolu oynayır?
- Mən belə cavab verə bilərəm: onun uğuru səfehliyin gücünə, hakimiyyətinə əsaslanır. Söhbət Berluskoninin səfehliyindən getmir. Berluskoni kommunikasiyanın dahisidr. Əgər siz bir taksi sürücüsü ilə danışsanız, o deyəcək: Berluskoni varlıdır, buna görə də o bizi zənginləşdirmir. Bu təbii ki, səfehlikdir, çünki Berluskoni müəyyən yolla varlanıb, çünki o, artıq bizi qarət edib. O istedadlı yalançıdır. Baxın: niyə saçı çoxaltmaq vasitələri belə böyük uğur qazanıb? Hər kəs bilir: əgər sən öz saçlarını itirmisənsə, onu artıq geri ala bilməyəcəksən. Amma saç çoxaltmaq vasitələrinə milyonlarla avro xərclənir: bu səfehliyin hakimiyyətidir.
- Berluskoni yenidən seçilə bilər?
- Bu günlərdə seçkilər olsa, o artıq seçilməyəcək. Amma o yaxın iki ildə hakimiyyətdə qalmaq üçün hər şeyi elədi. Sonra vəziyyət necə olacaq, deyə bilmərərm.
- Elə bir siyasi fiqur var ki, siz ona inanırsız?
- Mən tamamilə səmimiyəm: Berluskoninin triumfunun səbəblərindən biri İtaliya solunun bacarıqsızlığı oldu və ona qarşı güclü lider qoya bilmədi. Sonuncu belə lider Romani Prodi idi. Amma Prodi Berluskoni tərəfindən yox, sol qüvvələr tərəfindən məhv edildi. Özünün siyasi dostları tərəfindən.
- Siz alman qadınla evlənmisiz. Niyə Almaniya İtaliyadan daha çox sabitdir?
-Niyə İtaliya Berluskoniyə inanır? Niyə Almaniya Hitlerə inanırdı? Hər bir xalqın ağlını itirdiyi an olur.

 

Almancadan
Sevda Sultanova çevirdi
ANN.Az


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0311 saniye