Umberto Eko "Naməlum O"
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 01:53 26 may 2012 tarixində əlavə olunmuşdur

Görkəmli italyan yazıçısı Umberto Eko semiotika və mədəniyət tarixi ilə bağlı qiymətli tədqiqat əsərlərinin, postmodernizmlə bağlı məşhur məqalələrin, "Qızılgülün adı", "Fukonun yayı", "Ərəfə" romanlarının müəllifidir. O, dünyanın bir çox məşhur elm və təhsil ocaqlarının fəxri doktoru, nüfuzlu ədəbi ödüllərin sahibidir, əsərləri dünyanın əksər dillərinə tərcümə edilib.
Bu gün sizə Kənan Hacının tərcüməsində yazıçının "Naməlum O" hekayəsini təqdim edirik.


-Uğurlarınız nə yerdədir?- General çox çətinliklə səbrini basıb soruşdu.
-Hansı uğurlar? -Professor Ka cavabdan yayınaraq suala sualla cavab verdi.
- Düz beş ildir ki, siz bu qaranlıq mağarada işləyirsiniz və hələ heç kəs sizi narahat etməyib. Bizim sizə olan etibarımız böyükdür. Lakin boş sözlərə inanmaqdan bezmişik. Artıq tədqiqatların nəticələrini ortaya çıxarmağın vaxtı çatıb.
Generalın səsindəki təhdidi Professor Ka o saat hiss elədi, lakin yorğunluqla əlini yelləyib gülümsündü.
- Siz lap hədəfə toxunmusunuz. General, hərçənd mən bir qədər də gözləmək, hərtərəfli təcrübələr aparmaq niyyətindəydim. Lakin sizin təkidinizə cavab olaraq deyirəm ki, mən O-nu hazırlamışam, - professor pıçıltıya keçdi. - Artıq O-nu dünyaya göstərməyin vaxtı çatıb.
İşarə ilə Generalı mağaranın içinə dəvət etdi. Professor Ka qonağı mağaranın lap dərinliyinə, divardakı dəlikdən içəri cüzi işıq süzülən bir küncə gətirdi. Burada- hündür və hamar qaya parçasının üstündə O qoyulmuşdu.
Formaca O badamı xatırladırdı. Çoxlu xırda çıxıntıları vardı, həm də üstünə düşən gün işığında çox gözəl parıldayırdı.
- Axı bu...- General özünü itirdi.- Bu ki, daşdır.
Professorun qalın qaşları altında gizlənmiş gözlərində hiyləgər təbəssüm parıldadı.
- Hə-təsdiq elədi- Daşdır. Lakin bu, adi daş deyil. Yaxşısı budur, onu əlimizə götürək.
-Əlimizə?
-Əlbəttə, General. Bu daşda bəşəriyyətin indiyə qədər ağlına belə sığışdıra bilmədiyi güc, qüvvə gizlənib. Bəli, milyonlarla insanın gücünə bərabər bir güc. Baxın...
Professor daşı əlinə götürdü, barmaqlarıyla sıxdı və yuxarı qaldırdı. Əl daşın geniş hissəsini sıxmş, iti ucu isə irəli çıxmışdı.
Professor Ka sərt hərəkətlə əlini aşağı endirdi, daşın iti ucu havada əyri trayektoriya cızıb qayaya sancıldı və... möcüzə...professorun əlindəki daş qranit qayaya dəyib onu ortadan çatlatdı. Professor bir də vurdu, çat genişləndi, ən nəhayət, zərbələrin yerində iri bir yarıq əmələ gəldi. Bu qəribə daş qayanın qranitini əzib toza döndərirdi.
General nəfəsini sıxıb, gözlərini bərəldərək bu möcüzəni seyr edirdi və sanki gözlərinə inanmırdı.
- İnanılmazdır,- udqunub pıçıldadı.
- Eh, hələ bu nədir ki?- Professor sevinc dolu səslə dilləndi.- Hərçənd siz yəqin ki, yumruqla qayanı bu cür deşə bilməzdiniz. Baxın,- alim mağaranın küncündəki qalın qabıqlı kakosu götürüb Generala uzatdı. - Görün, bunu iki əllə sıxıb sındıra bilərsinizmi?
-Bəsdirin, Ka. - Generalın səsi titrədi - Siz yaxşı bilirsiniz ki, bu, mümkün deyil, bizim heç birimiz buna qadir deyilik. Bunu dinozavr pəncəsinin zərbəsiylə sındırmaq mümkündür və yalnız onlara bu kakosun şirəsinin dadına baxmaq nəsib olur.
- Yaxşı, indi isə özünüz baxın.- Professor bir az da qızışdı. - Diqqətlə baxın.
Professor iri kakosu götürüb qayanın içindəki balaca oyuğa qoydu, daşı əlinə alıb onun üstündən yüngülcə bir zərbə vurdu. Barmaq qalınlığında qabığı olan kakos parça- parça oldu. Ağ meyvə şirəsi qayanın üstündən axıb yerə süzüldü. Bayaqkı oyuğun içində isə ağ rəngli, iştaha açan təzə kakos tikələri və qalın qabığın qırıntıları qalmışdı. General qeyri- ixtiyari kakos tikələrindən birini qapıb acgözlüklə çeynəməyə başladı. Ağzındakı tikəni udub sarsılmış halda gah kakosun yerdə qalan qırıntılarına, gah da möhtəşəm gücə malik bu qəribə daşa baxmağa başladı. Nəhayət dilləndi:
- Günəşə and olsun, Ka! Bu, çox möhtəşəm, əzəmətli bir daşdır. İnsanın gücü artıq yüz dəfə, min dəfə artıb, indi heç bir dinozavr bizə qorxulu deyil. Biz bütün dağların, meşələrin əsl sahibinə çevrilə bilərik. İnsanın daha bir qüvvətli əli... yox, bir yox, sanki yüzlərlə güclü əli peyda olub. Əziz Professor, siz bu daşı haradan tapmısınız?
Professor Ka özündənrazı halda gülümsündü:
- Mən O-nu tapmamışam, mən O-nu düzəltmişəm.
- Başa düşmədim, siz bununla nə demək istəyirsiniz?
- Demək istəyirəm ki, O əvvəl mövcud deyildi.
- Siz dəli olmusunuz, Ka.- Generalın səsi guruldadı.- Bu daş yəqin ki, müqəddəs göylərdən düşüb. Yaxud, O-nu əbədi günəşin qasidi, göy ruhlarından biri gətirib... Əvvəllər mövcud olmayan bir şeyi necə düzəltmək olar?
- Olar. - Professor Ka qətiyətlə dedi. - Bir daşı götürüb başqa bir daşla döyəcləyərək istənilən formaya salmaq mümkündür. Onda bu daşın köməyilə insan əli yüzlərlə bu cür , hətta bundan da iti, bundan da böyük daşlar düzəldə bilər. Və ən əsası budur ki, bütün bunların başlanğıc nöqtəsi olan O-nu mən düzəltmişəm.
Generalın alnında iri tər damcıları göründü.
-O-nu hamıya göstərmək lazımdır, Ka. Bütün Ordaya. Bizim kişilərin hər biri heç vaxt sınmayan dözümlü bir dəzgaha çevriləcək. Başa düşürsən? İndi biz heç nədən çəkinmədən hətta ayılara belə hücum edə bilərik: biz bu vəhşi heyvanları daha tez parçalamağı bacarmalıyıq və imkan verməməliyik ki, onlar bizi parçalasın. Onların başını əzib öldürməliyik... Ulu günəş... öldürmək... insanı!..
General yeni fikirdən sarsılaraq dayandı, sonra Professoru sərt baxışlarla süzərək davam etdi:
- Ka, indi biz Koama Ordası üzərinə hücum etməliyik, onlar bizdən üstün və güclüdürlər, lakin biz onların hamısını bir nəfər kimi məhv etməliyik. Ka! Ka! -o, Professorun çiyinlərindən tutdu və silkələməyə başaldı. -Bu, qələbədir!
Ka onu ehtiyatla süzdü, tərəddüdlə dedi:
-Mən məhz buna görə öz ixtiramı sizə göstərmək istəmirdim. Mən anlayıram ki, bu dəhşətli kəşf dünyanı dəyişdirəcək. Mən öz məsuliyyətimi dərk edirəm; mən dəhşətli, dağıdıcı gücün mənbəyini kəşf etmişəm. Yer üzündə belə şey yoxdur, buna görə mən istəmirəm ki, başqaları O-nunla tanış olsun. Müharibə intihar üçün ən yaxşı məqamdır. Koama Ordası da tezliklə oxşar daşları öyrənər, o zaman qalibi, məğlubu bilinməyən fasiləsiz müharibənin sonu olmaz. Mən O-nu məhv edəcəyəm.
General özündən çıxdı:
- Ağlınızı başınıza yığın, Ka! Sizin buna haqqınız yoxdur. Bu, başdan- ayağa sarsaq bir nəzəriyyədir. Siz qıfıl altında beş il sınaq keçirmisiniz və sülh haqqında heç nə bilmirsiniz. Biz sivilizasiyaya doğru gedirik, əgər Koama Ordası qalib gəlsə, bizim insanlar üçün sülh, azadlıq, xoşbəxtlik qalmayacaq. Bizim müqəddəs borcumuz sizin ixtiranızı mənimsəməkdir. Bu o demək deyil ki, biz O-ndan elə bu saaat istifadə edəcəyik. Əsas odur ki, koamalılar O-nun mövcud olduğunu bilsinlər. Biz düşmənimizin gözü qabağında O-nu nümayiş etdirərik. Sonra da onun istismarını məhdudlaşdırarıq, məqamı gələndə isə O bizdə olacaq, heç kəs bizim üzərimizə hücum etməyə cəsarət etməyəcək. Hələlik biz O-nunla qəbir qazmalıyıq, yeni mağaralar tikməliyik, torpağı hamarlayıb təmizləməliyik. O-nun sahibi olmaq kifayətdir. O-nu işə salmaq heç də vacib deyil. Bu silah dəhşətli qüvvədir. O uzun müddət koamalıların qarşısını saxlaya bilər.
- Yox, yox, yox. - Ka qətiyyətlə etiraz elədi, - O-nu işə salsaq, bizi artıq heç nə saxlamayacaq. O-nu məhv etmək lazımdır.
- Hə, siz sadəcə, idiotsunuz, barı bir mənfəətiniz olsaydı!- Generalın qəzəbdən rəngi ağarmışdı. - Siz düşmənimizin xeyrinə hərəkət edirsiniz, ürəyinizdə koamalılarlasınız. Siz Günəşə inanmırsınız!
Ka diksindi, başını endirdi. Yumşaq qaşları altındakı gözləri olduqca balaca və kədərli görünürdü:
- Bilirdim ki, biz buna doğru gəlirik. Mən koamalılarla deyiləm, siz bunu gözəl bilirsiniz. Ancaq Günəşli göy qübbəsinin beşinci qanununa uyğun olaraq mən ruhların qəzəbinə tuş gələ bilənsuala cavab verməkdən imtina edirəm. Bir düşünün, nə istəyirsiniz. Ancaq O mağaranın kandarından bayıra çıxmayacaq.
- Mən isə deyirəm, çıxacaq və elə indicə, şöhrətli Orda, sivilizasiya, xalqın xoşbəxtliyi, dünyanın sevinci naminə! - General çığırdı. O, sağ əlində tutduğu daşı Professorun başına necə nifrətlə, qəzəblə çırpdısa, Kanın heç ruhu da incimədi. Ka döşəməyə sərildi, ətraf büsbütün qana boyandı.
General dəhşətlə əlindəki silaha baxdı. Sonra təntənəli şəkildə, qalib kimi gülümsədi və bu təbəssüm qəddar idi, amansız idi.
- Bu da Birinci...- pıçıldadı.


Çevirdi: KƏNAN HACI

Kultaz.com


... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.031 saniye