Ax bu yaşadıqlarımız. Bəzən xoş, bəzənsə kədərli. Bəzən istəmədən də olsa xoş anlar unudula bilir, bəzənsə elə anlar olur ki, onları unutmaq mümkün deyil. Sanki həkk olunub beyninə. Xoş anlar bizi həyata bağlasa, görəcəyimiz işlər üçün motivasiya mənbəyi rolunu oynasa da, bəzi anlar, bəzi xatirələr var ki, onları unutmaq istəyirik. Yadımıza düşdükcə həyat eşqimizi öldürər, lazımsız, bacarıqsız kimi hiss elətdirər özümüzə. Bəzənsə bəzi xatirələri yada salmaq zaman itkisi olar. Kaş o vaxt belə etməzdim, bunu deməzdim və ya bunları deyərdim deyə beynimizi qurdalayan xatirələr də vardır mütləq. Neyləməli? Nə etməli axı? Bəzən bu düşüncələrdə, xatirələrdə boğulanın, tək olanın özü olduğunu düşünər insan. Sanki hər şey öz axarı ilə gedir də tək səndədir çarəsizlik… Tək sənsən unutmalı olduğu halda, unuda bilmədiklərinin ağuşunda qıvrılan… Tək xoş olmayan anlarmı, bizi bu qədər narahat edir, işlərimizdən, şəxsi inkişafımızdan ayrı salır? Bəzi, bəzilərimizə görə şeytan, bəzilərimizə görə nəfs, bəzilərimizə görə isə yatmış vicdanımız zamanı bizi yaxalamış, bizə xoş görünən, amma əslində ziyanımıza olan işlər də bizi didib-parçalayır… Mələk simalı şeytani işlər…
Bilirik, anlayırq. Axı bu düşüncələr, keçmişdə etdiyimiz və ya başımıza gələn bir sıra unutmalı olduqlarımızı, hərgün-hərgün xatırlamaq bizi yavaşladır və nəhayət də hərəkətdən, inkişafdan saxlayır. Neyləyək? Nə edək axı?
Hər bir sahədə olduğu kimi, bu yoo məsələlərdə də bir sıra məsləhətlər vardır. Birinci onu bilmək lazımdır ki, bugünümüz sabahımız üçün dünən olacaq. Günlərimizi yaşayıb keçmiş edirik. Məsələ burasındadır ki, maksimum dərəcə yaşadığımız bugündə peşman olacaq, unutmalı olduğumuz anlar yaşamamağa çalışmaq mütləqdir. Bununda əsas yolu ehtiyatlı olmaqdan, ehtiyatı qorumaqdan keçir. Əgər ki, rastlaşılan hal sizdə gələcəkdə peşman olma ehtimalını belə özündə cəmləşdirirsə və siz o işi görməməklə çox şey itirmirsizsə, çalışın o işlə ehtiyatlı davranın. Sizi həvəsdən sala biləcək, inkişafa mane ola biləcək ehtimallardan belə uzaq olun, nəinki işin özündən… Çox vaxt gələcəkdə peşman olacağımız, unutmalı olduğumuz işləri görməməyə bizə iradəsizlik mane olur. İradəmizi hər an gücləndirməliyik. İnsan günü-gündən inkişaf etdikcə, problemlərlə üzləşərkən, problemi kiçik özünü isə zirvələrdə görməsin gərək. Düşünməsin ki, büdrəməz, yıxılmaz. Əksinə ehtiyyatlı olsun… Yüksəkdən yıxılan pis yıxılar…
İradə məsələsində bunu da xüsusi qeyd etməliyik ki, əgər anlasaq ki iradəsizlik bizə güc gələcək, həmin peşman olacağımız işi görməmək üçün mütləq başımızı başqa işlə qatmalıyıq…
İkinci əsas addım olmuş-keçmiş nigarançılıqlara elə də əhəmiyyət verməməkdir. Burda da əsas məsələ yenə də insan iradəsinə gəlib çıxır. Yenə də eyni məsləhət görülür ki, iradəsizliyə qapılmamaq üçün insan özünü və zehnini onun üçün lazımlı düşüncələrlə məşğul etsin. Ümumiyyətlə bekar qalmaq, hansısa işi görməmək bütün hallarda şiddətli qınalır…
İsmayıl Dolabi adlı mütəfəkkirin bir sıra tövsiyyələrini nəzərdən keçirdərkən, bu hissə xüsusilə diqqətimi çəkdi… “Keçmiş keçib və yoxdur, gələcək də gəlməyib və yoxdur. Qüssələrdə ya indinindir,ya da gələcəyin. İndi ki, keçmiş və gələcək yoxdur, qüssə nə üçündür?”. İnsan bir qədər bu düşüncələrlə yanaşanda məsələyə narahatçılıqlardan azad ola bilir. Gələcəyin nigarançılığı, keçmişin qüssəsi hardasa bizə bugünümüzü yaşamağa qoymur…
Hər birimizə birinci növbədə peşman olacaq, unutmalı olduğumuz kimi işlər görməməyi, ikinci növbədə isə bunları tez-tez xatırlamamaq, unutmaq üçün iradə və güc arzulayıram. Daha sonra isə kin saxlamamağı. Çünki bir qədər insan özü, bu danışdıqlarımızı düşündükdə başa düşəcək ki, bəzi unuda bilmədiklərimizin kökündə kimlərəsə qarşı kin, nifrət və ya hansısa mənfi nəsə var. Onu silib ata bilsə könlündən, o hadisədə unudulacaq. Səbəblərdə biri də nəyəsə, kiməsə qarşı aşırı məhəbbətdir. Bu barədə isə sadəcə onu deyə bilərəm ki, aşırı məhəbbət insanı məhvə sürükləyə bilər… Yalnız bir hal istisna,öz məhəbbətini həqiqi məhəbbətinə layiq olana verəsən…
Yazdı: Ağaəhməd Göyüşov (təlimçi)