Ürəyimdə qalıb sözüm-söhbətim,
Açıb deyə bilməmişəm, qınama.
Xəyal ilə gerçəklərim qarışıb,
Çaşıb deyə bilməmişəm, qınama.
Ürək dözmür ayrılığa, ağlayır,
Ağladıqca sinələri dağlayır.
Göz yaşlarım ümman olub çağlayır,
Daşıb, deyə bilməmişəm, qınama.
Son ümidim, son gümanım sənədi,
Yad gözlərin baxışları tənədi.
Yuxum ərşə çəkilibdi, ya nədi,
Qaçıb, deyə bilməmişəm, qınama.
Mövlud deyər, nə tez bükdün qəddini,
Keçməmisən ömrün yarı səddini.
Dözəmmirəm, səbir kasam həddini
Aşıb, deyə bilməmişəm, qınama.
01.12.2014 / Zərdabi
Mövlud Ağamməd