Salam uşaqlığım, axırda tapdım səni… Tanımadınmı məni? Xeyli dəyişmişəm. Bu qarmaqarışıqda səni güclə tapdım. Çox uzaqlaşmışıq. Mənə nə olub belə? Sən nə qədər məsumsan. Qaçma məndən, nə olar? Hər şeyi sənə danışacam, bilirəm, söylədiklərimə inanmayacaqsan. Heç mən özümdə inanmıram.
Nə desən, haqlısan. Mənə belə baxma, cəsarətim qırılır.Yanına, özümü tapmaq üçün gəlmişəm. Bir daha oturub danışaq. Xəyallarımı unutmuşam mən, insanlar unutdurdu.
Hə, indi gəl səninlə ən çox sevdiyim musiqini yada salaq, tut əllərimdən, bax bunu unutmamışam.Böyüməyi çox istərdik, deyilmi? Mənə maraqlı idi. Gördün böyümək necəymiş? Kimsənin görmədiklərini görürsən məndə, kimsələrə demədiklərimi bilirsən, deyil mi?
Bu tərəf çox qaranlıq, çox qarışıqlıqdı.
Burda ayıları, dovşanları oyuncaq etmirlər. Burda insanları oyuncaq edirlər. Hərə özünü düşünür. Kimsə, uşağını bağrına basdığı qədər öz eqoizmini sərgiləmir. Bura çox başqadır, uşaqlığım mənim, çox başqa. Zaman nə tez gəlib-keçir. Burda sadəcə, öz acılarım yoxdu. Yəni, sadəcə, dizim qanadığında ağlamıram.
Sevdiklərim var, sevdiyini düşündüklərim var, inandıqlarım var. Burda acılarda fərqlidir, növbənöv... Bəlkə, illərdir ki, dizim qanamır, amma göz yaşları burda yaxamdan düşmür.
Yəni ki, boş yerə ağlama, uşaqlığım. Gözəl günlərinə yazıqdır.
Beynimdə səni çox saxlaya bilmirəm. İndi saatın zəngi çalacaq və mən gözümü açacam. Bir şeyi də yaddan çıxardım. Oyandığımda daha başımın üstündə atam-anam olmur.
Uşaqlığım! Ara-sıra yenə gəl beynimə. Özünə yaxşı bax...
Salamat qal, mənim uşaqlığım, həmişə mənimlə qal. Sənin üçün darıxıram...
Aysel Abdullazadə...