(Etiraf et ki, sən həmişə üşüyürsən, tənha qadın...) ...Yuxudan ayılsa da, yatağından qalxmağa ərindi. Axşamdan unudub açıq qoyduğu otağın pəncərəsindən içəri dolan payız havasının soyuqluğu canını üşütdü. Üstündəki yun adyalı burnunun ucuna qədər çəkdi. Adyalın narın, yumuşaq tükləri canına iliq bir istilik gətirdi. Gözlərini yumub sinədolusu nəfəs aldı. Qabarmış sinəsi gecəköynəyinin yaxalığını biraz da dikəltdi. Əti ürpəşən kimi oldu. Canına, sanki bir ovuc qarışqa daraşıbmış kimi bədəninin hər yeri qıcıqlandı. Əllərini bədəninin çılpaq yerlərində gəzdirdi. Barmaqlarının altında, elə bil, ruhu canından cıxmaqda olan bir bədənin ölgün hissiyyatı titrəyirdi. Qılçalarını bir-birinə sıxıb nəfəsini ləzzətlə içinə çəkdi. Sinədolusu udduğu havanın təsirindən başı azacıq gicəllənən kimi oldu. Gözlərini geniş açaraq, baxışlarını tavana bərkidilmiş çilçirağın gümüşü rəngli naxışlarına dikdi. Naxışları ilk dəfə görürmüş kimi gözlərini bir müddət oradan ayırmadı. Səs-səmirsiz bu ev-eşikdə yalqız yaşadığını indi anlayırmış kimi həyəcan keçirməyə başladı. Ürək döyüntüləri artdıqca bədəninin hərarəti düşməyə başladı. Bu otaqda, elə bu yataqda vaxtilə əriylə birlikdə keçirtdiyi o xoş günləri xatırladı. Ərinin tütün iyi verən nəfəsi üçün, belinə dolanan güclü qolları, hətta bədəninin cod, qıllı tükləri üçün qəribsədi, darıxdı... Onda cavan vaxtları idi, gözəldi, sevib, sevilirdi. Axşamlar ərinin işdən qayıtmasını səbirsizliklə gözləyərdi. Əri qapıdan içəri girən kimi boyununa sarılar, nəfəsi qaralıncaya qədər, qapı ağzındaca onunla öpüşərdı. Sonra ehtirasdan məst olmuş, xumarlanan gözlərini ərinin gözlərinin içinə dikib, alovlu baxışlarıyla onu ovsunlayaraq, yataq otağına tərəf çəkərdi. İstəyinə nail olmayınca ondan əl çəkməzdi. O vaxtlar çox xoşbəxt idi. Özünün gözəlliyi, ərinin pulu, vəzifəsi, rahat ev-eşikləri hər nə desən varlarıydı. Ərindən də çox razıydı. Ürəyi nə istəyirdi, nəyi arzulayırdı yerinə yetirirdi. Bir müddət beləcə yaşadılar. Bütün xoşbəxt ailələrin bədbəxtliyə yuvarlanmasına baiskar çox vaxt kişilər olur, deyirlər. Onun da isti yuvasının dağılmasına səbəb əri oldu. Əri başqa bir qadın tapıb onu atıb gedəndən sonra, bu xəyanəti ona bağışlaya bilmirdi. Neçə illər keçməsinə baxmayaraq, unuda bilmirdi onun rəzil hərəkətini. Ona görə dünyanın bütün kişiləri xəyənətkar və yalançı idilər. Uzun illər keçməsinə baxmayaraq, ürəyində qaysaq bağlamış bu xəyanətin yarası sağalmırdı ki, sağalmırdı. - Qadın sevdiyi adamı bağışlaya bilmirsə, ona nifrət edirsə, demək, bir vaxtlar onu dəlicəsinə sevibmiş fikrini də belə qəbul etmək isrəmirdi. Ömründə birinci dəfəydi ki, kişi iyi gəlməyən yatdığı yataqdan, ev-eşiyindən acığı gəldi. Səs-səmirsiz, lal-kar bu mühit onun canını sıxdı. Kövrəldi. Yanağından süzülən gözyaşları axıb ağzına dolaraq, şorlaşmış dəniz suyunun tamını verdi. Bu tənhalıq, artıq onu bezdirmişdi. Cansıxıcı həyat onun bütün varlığını, hətta ağlını da əlindən almaqdaydı. Qadın qəribə məxluqdur, harada, nə vaxt güclü olursa olsun, yalnız yataqda gücsüzlüyünü etiraf edərək; - mən tənha qalmaqdan qorxuram, - deyir. Ərsiz və tənha qadınların özlərinə ilk xəyanəti xəyallarından başlayır. Onlar xəyallarında xəyanət etməyi öyrənirlər. Hardasa gördükləri, xoşlarına gələn kişiləri əvvəlcə yuxularında sevib, oxşayırlar. Bu yuxu sevgisi bir gün onları aşikar həyatda da sevgi xəyanətinə yuvarladır və onlar ömürləriboyu bu məstlik və mürgüdən ayıla bilməyərək yalançı xoşbəxtliyin qurbanına çevrilirlər. O da beləydi. Neçə illərdi ki, tənha yaşayırdı. Yuxularında öz sevgi dünyasına qovuşurmuş kimi, çox vaxt gecələr soyunub yatağına girəndə özünə bəzək-düzək vurub yatardı. Səhərlər yuxudan ayılanda isə, tək-tənha yatıb, durduğu, sanki qor ələnmiş yatağında nə vaxtsa bir gün öləcəyini düşünəndə, taleyin qismətini lənətləyirdi. Gözləri tavana dikili vəziyyətə bir xeyli beləcə uzanıb qaldı. Bilirdi ki, beləcə uzanıb qalsa, keçmiş xatirələri onu ağuşuna alıb, qəlbini param-parça edəcək, ağrılar içində qovuracaqdır. ...Səhər, artıq açılmışdı. Yerindən qalxıb xalatıni çiyninə saldı və hər gün səhərlər adət etdiyi kimi pəncərənin qarşısında dayanaraq yuxarıdan aşağıya, binanın həyətinə tamaşa etmıyə başladı.. Yuxarıdan baxanda adamların hamısı bir boyda, bir biçimdə görünürdülər. Səhər açıldığına görə hamı iş-güc dalısınca tələsirdi. Ona elə gəldi ki, gördüyü bu adamların hamısı xoşbəxtdirlər. Dünyada, bircə bədbəxt adam varsa, o da onun özüdür. Yüksəklikdən baxmaq onun başını gicəllədirdi. Əlini gicgahına qoyaraq, pəncərəyə söykənib bir müddət beləcə səssizcə dayandı. Başındakı ağrılar keçəndən sonra, gözlərini dolandırıb otağının pəncərəsi ağzına düzdüyü gülərə baxdı. Açmış çiçəklər də özünə oxşayırdı, solğun, boyunubükük. Ağ gülləri çox sevirdi. Qarşısına çıxdığı dükan-bazardan ancaq ağ güllər alardı. - Taleyim üzümə gülmədi. O qədər qara günlər yaşadım ki, heç olmasa gözlərim dolusu ağ bir şey görüm deyə özünə təsəlli verirdi. Hamama keçib əl-üzünə su vurdu. Sonra güzgünün qabağında dayanıb bir xeyli özünə baxdı. Sir-sifətinin qırışları çoxalırdı. Gözlərinin altındakı tuluqlanmış şişlər onu bir azca yaşlı göstərirdi. Gözləri isə dəniz kimi mavi idi... Gənclik illərindən nişanə kimi qalan, bircə o gözlər idi. Gözləri həmişəki kimi parlaq, mənalı və cəzbedici idi... O gözlərin dəli-divanəsi olan nə qədər kişilər vardı... Vaxtilə əri də ona; - kişilərin diqqətini çox cəlb edirsən, - deyərək, hər gün evdə dava-dalaş salardı. Və bir gün də, bunları bəhanə gətirərək qapını çırpıb getdi və bir daha geri dönmədi. İndinin özündə də, bir məclisdə, toyda baxışlarını ona dikib, yanıb-yaxılan kişiləri görəndə acığı tutar və: - qadam sənin ürəyinə dəysin, guya sən mənim ərim olsaydın, mənə vəfa qılacaqdın?! Məndən başqa heç kəsə tamah salmayacaqdın?! Evindəki xanımın, bəlkə də, məndən beşqat gözəldir, amma gözlərin sülək itin gözləri kimi yem axtarır sənin, ay əclaf!.. - deyərdi. Tənha yaşamaq onu yaman qorxuya salmışdı. Qorxusundan gecələr otağın işıqlarını da söndürməyib yatırdı. Onun gecələri müdhiş və cansıxlcı keçirdi. Nə yaxşı ki, bu müdhiş gecələrin bağrını yaran səhərlər varmiş, sabahlar açılırmış... Yoxsa, bu qorxunc gecələrin birində onun bağrı yarılarmış, - düşünürdü... ... Gözləri divardan asılmış saata dikildi. Əqrəblər səkkizi göstərirdi. Bu vaxtlar ona zəng gəlməliydi. Ərindən sonra təsadüfən tanış olduğu, amma bircə dəfə də üzünü görmədiyi bir kişi səhərlər eyni vaxtda ona zəng vurub salamlaşar, kef-əhvalını soruşub telefonu yenidən söndürərdi. Bir ilə yaxın idi ki, o, bu zənglərə adət etmişdi. Əvvəllər, elə bilirdi ki, ona zəng vuran adam ruhi xəstədir. Amma sonralar öyrəndi ki, bu ağlıbaşında olan bir insandır. Hətta, hardasa orta məktəblərin birində müəllim işləyir. Həmin, biçarə müəllim də onun kimi tək-tənha yaşayırdı. Bir gün bu zənglərin də arası kəsildi. Hər gün eyni vaxtda telefonuna gələn zəngə adət etdiyindən sonralar bu süküta öyrəşə bilmədi, darıxdı. Günlər keçsə də telefon susurdu. Əlacı kəsildiyindən bir gün həmin nömrəyə özü zəng vurdu. Kim isə cavab verib bildirdi ki, müəllim daha həyatda yoxdur, o intihar edibdir. Müəllimin ölmündə özünü günahkar bildi. Bəlkə, mənə bir bir sözü varmış? Bəlkə, sevirmiş məni?! - Söz-söhbəti vardısa, bu keçən müddət ərzində bəs, niyə demədi? - Yoxsa, özünü öldürəcəyini mənə xəbər vermək istəyirmiş? – deyə fikirləşdi... Axı, insan sirr saxlamağı bacarmır. Son məqamda sirrini açıb kiməsə söyləmək istəyir. Lap, özündə cəsarət taipmayanda belə, sirrini bir kağıza yazıb kimlərinsə görəcəyi bir yerə qoyur. Əgər, müəllim də belə bir niyyətdə olduğunu ona açıb desəydi, bəs, o nə deyəcəkdi müəllimə?! Bu intiharın qarşısını ala biləcəkdimi?! Bəlkə... Eh.., lənətə gəlsin bu bəlkələri. Bu bəlkələrin izahını tapınca, o da müəllim kimi özünü asıb öldürsəydi, daha yaxşı olardı, - deyə özünü acizlikdə qınadı. Müəllimin ölümü onu elə qorxutmuşdu ki, sonralar səhvən onun telefonuna zəng vuran adamlara az qalırdı ki, yalvarıb desin; - nə olar, xahiş edirəm, özünüzü öldürməyin!.. Hər gün səhər yeməyindən sonra balkona çıxar və bir vaxtlar öz əlləriylə əkdiyi, indi isə pəncərəsindəndə yuxarı boy vermiş çinar ağacına tamaşa edərdi. Neçə illərdi ki, çinar ağacı onun gözlərinin önündə böyüyürdü. Yerin təkindən qalxaraq, qarışbaqarış boy atıb, böyüyən, bu çinar ağacı onun təhna ömrünün şahidi idi. Çinar ağacını çox sevirdi. – O mənim balamdır, onu göz yaşlarımla sulamışam, - deyirdi. Neçə illərdi ki, dərd-sərini çinarla bölüşər, sirrini ona danışardı. Bəlkə də, çinar onun dər-sərinə, hay-harayına yetmək üçün, beləcə boy-buxun atıb, onun yaşadığı binanın altıncı mərtəbəsinə qədər qalxmışdı. Yaz fəsli gələndə iki qumru quşu o çinar ağacında yuva qurub, bala çıxardırdılar. Ta balalar pərvazlaşıb yuvanı tərk edənəcən hər gün o quşlara tamaşa edərdi. Qəribəydi, növbəti yaz gələndə yenə də o quşlar hardansa uçub gələr, dağılmış yuvalarını səhmana salardılar. Daşıdıqları çör-çöplə yuvanı qurub-quraşdlqdan sonra, bədənlərindən qopartdıqları yumuşaq tükləriylə onun içini döşəyərdilər ki, isti və rahat olsun. Sonra yumurta qoyub bala çıxarardılar. Balaları böyüdüb uçuranacan atayla ana quş birgə çalışardılar. Necə də bir-birinə vəfalıydi bu quşlar? Vaxtilə onun da öz isti yuvası, o yuvada böyütdüyü balaları vardı, o da xoşbəxt idi. Amma quş qədər də sədaqəti, vəfası olmayan bir insanın üzüdönüklüyündən hər şey bir anın içindəcə, məhv olmuşdu. Əri onu atıb getmiş, balaları isə öz xoşbəxtlikləri dalınca uçub getmişdilər. O gündən tənha və ümidsiz yaşayırdı... Qarşısına çıxan ona ürəyini açanlara da; - mən dərdimi, sevincimi heç kəslə bölməyi bacarmıram, - deyirdi. ... Bu il payız bir az erkən gəlmişdi. Payızın çiskin yağışları, onun gözyaşları tək sulayırdı, mənzilinin pəncərəsinədək qalxan çinar ağacını. Ağacın budaqları onun pəncərəsinə toxunacaq qədər yaxın idi. Arada, pəncərəni açıb çinarın yarpaqlarını ovcunun içinə alar və doğma balası kimi sığallayardı. Yarpaqlar eynən insan əlinə oxşayırdı. İnsan əlinin içindəki xəttlər kimi çinarın da yarpaqları damar-damar idi. O, çinar ağacını özünə bənzədirdi. Çinar ağacı da onun kimi yavaş-yavaş qocalıb, yaşlaşırdı. Ağacın yarpaqlarını isə, ömrünün günləri sayırdı. Ona görə də, payız vaxtı həyət- bacada dolaşan zaman, budaqlardan qopub, düşən yarpaqların üzərinə ayaq basmağa ehtiyyat edirdi. Sanki ölmüş günlərini öz ayaqlarıyla bir daha tapdalamaqdan qorxurdu o. Asfalt üzərində küləyin ora-bura qovduğu cansız yarpaqlar eynən onun yaşamadığı, yelə verdiyi ömrünün günləri kimiydi, hədər, mənasız. Bu səhər yenə də, pəncərənin önündə dayanmışdı. Duyğulu, kədərli gözləri payız havasından nəm çəkirmiş kimi doluxsunmuşdu. Bayırda isə yağış damlaları pəncərənin şüşələrini döyəcələyirdi. Pəncərədəki su damlaları, əyri-üyrü xətlər cızaraq, sanki morze əlifbasıyla onun sirrli dünyasının xatirələrini yazırdı... yalnız özü oxuya biləcəyi, yaşadığı illərin acılı-şirinli xatirələrini... Payızın soyuq nəfəsi çinar ağacının yarpaqlarını saraltmışdı. Budağından qopub yerə enən yarpaqlar intihar edən adamlara bənzəyirdilər. Arada, ümidsizləşərək, o da bu yarpaqlar tək özünü hündürlükdən atıb öldürmək istəyirdi. Sonra ağlından keçən səfeh fikirlərə gülərək öz-özünə pıçıldayırdı: - ay dəli, növbəti baharda bu yarpaqlar yenə də doğulacaq, sən isə... ... Pəncərəni açıb yerə enən yarpaqlardan birini havadaca tutub ovcunun içinə aldı. Yarpağın üstündəki xol-xol yayılmış xəttlər, onun arıqlamış əllərinin içindəki qarmaqarışıq xəttlərə necə də bənzəri vardi... Falçısız, qaraçısız özünün də oxya biləcəyi, tale qisməti deyilən bu qarmaqarışıq xəttlər çətin ki, bundan sonra ona xoşbətlik gətirə biləcəkdi... Əlindəki yarpağa diqqətlə baxdı. Bir vaxtlar yam-yaşıl olan, indi isə saralmış bu yarpaq üşüyürmüş kimi titrəyirdi... eynən, Nuridənin payız ömrünün tənhalığı kimi...