Metro basabasından qurtularkən qollar arasında tutub saxladığı kitab sürüşüb yerə düşdü. Cavan oğlan tələsik onu qaldırıb uzatdı. Sevinc minnətdarlığını bildirib həyatsevər təbəssümünü nümayiş etdirdi.
Payızın özünəməxsus qoxusu. Göy üzünü bürüyən buludlar yağışın çarçısı idilər.
Dayanacağa təzəcə gəlib çatmışdı ki, avtobusun gəlişinə şahid oldu. Bunu gözləyən insanlar cəld salona doluşdular. Sevinc birtəhər içəri daxil olub darısqallıqda özünə yer elədi. Sürücü kobudluqla sürməyə başlayan kimi insanlar tarazlıqlarını saxlaya bilməyərək bir-birlərinin üstünə gəldilər. Ağ-qara bığları olan sürücü onun ünvanına yönəlmiş sözləri dinləmək niyyətində olmayıb radionun səsini yüksəltdi.
Sevinc universitet binasına daxil olub bufetə doğrulandı. Qazlı su alıb hesabı ödədi. Pilləkanları addımlayaraq sinifə girdi. Qrupla müsbət əhval-ruhiyyə ilə salamlaşıb hal-əhval tutdu.
Zəng vurulan kimi Qənirə müəllimə sinifə daxil oldu. Hər kəs bir nəfər kimi ayağa qalxdı. Yaşı 35-ə yaxınlaşan Qənirə müəllimə saçlarına düşməyə başlayan dənləri gizlətmək niyyətində deyildi.
Davamiyyət yoxlanılıb qayıblar yazıldıqdan sonra dərs başlandı. Qənirə müəllimənin tələbkarlığına yaxşı-yaman bələd olan tələbələr lap zəif də olsa onun dərslərində hər zaman hazır vəziyyətdə idilər. Sevinci həmişə bir sual düşündürürdü: "Ulduz kimi parıldayan bu müəllimə niyə belə soyuqdur?!"
Qənirə müəllimənin bu vaxtadək subay qalması bir sirr sandıqçası idi açıqcası. Məsələ bununla bitmirdi əslində. Heç kəs onun həyatı haqqında bilgili deyildi. Hər zaman tələbkar və soyuqqanlılığı ilə seçilərdi. Müəllim kolleqaları və universitet rəhbərliyi ondan bir az çəkinərdilər düzü.
Sevinc adını eşitcək dəftəri müəllimin masasına buraxıb lövhə önünə keçdi...