Uzaqdan görəndə bizim dağları
Fariz Süleymanoğlu tərəfindən "Şeir" bolməsinə 16:15 05 avqust 2015 tarixində əlavə olunmuşdur

Kövrək xatirələr birdən dikəldi,

Gizli hıçqırıqlar qəlbimi dəldi,

Göz yaşım axaraq yanağa gəldi,

Uzaqdan görəndə bizim dağları!

 

Bir vaxt dərmədiyim gülləri andım,

Çırmanıb keçdiyim selləri andım,

Həsrətin çəkdiyim illəri andım,

Uzaqdan görəndə bizim dağları!

 

Istədim duman tək boynunu qucum,

Qartal tək başına dolanım, uçum,

Diz-dizə oturub dərdimi açım,

Uzaqdan görəndə bizim dağları!

 

Atamdakı vüqar düşdü yadıma,

Qəlbi nur, saçı qar, düşdü yadıma,

Sədaqətli dostlar düşdü yadıma,

Uzaqdan görəndə bizim dağları!

 

Ana özləmini, dərdini duydum,

Bacı duasının sətrini duydum,

Təndir çörəyinin ətrini duydum,

Uzaqdan görəndə bizim dağları!

 

Canlandı gözümdə qalxdığım izlər,

Zirvədə qayaya yazdığım sözlər,

O sözlər, həmişə, hey məni səslər,

Uzaqdan görəndə bizim dağları!

Fariz Süleymanoğlu


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0241 saniye