ÜZSÜZLƏR (hekayə)
Elşən İsmayıl tərəfindən "Hekayə" bolməsinə 12:07 14 dekabr 2016 tarixində əlavə olunmuşdur

    Metroda uzun müddət davam edən səssizlikdən sonra dar, dörd divar bir hamamın döşəməsinə damcılayan su damcılarının yaratdığı alçaq, amma olduqca aydın səs qədər diqqət yaradan və eyni zamanda tükürpərdici ayaq səsləri gəlməyə başladı. Kevin Makloded bu səsi aydın eşitsə də nədəndir bilinməz, amma özünü eşitməməzliyə vurub növbəti qatarı gözlədi. Səs isə elə hey yaxınlaşırdı. Təsadüfdən stansiyada Kevindən başqa kimsə gözə dəymirdi. Sırf bu durum Kevinin aramsız eşitdiyi ayaq səsləri daha da vahiməli edirdi. Amma o, səsi önəmsəməyə çalışır, evə getmək üçün minəcəyi qatarı elə hey gözləyirdi. Qatarsa gəlmək bilmirdi, baxmayaraq ki, bir öncəki qatarın stansiyanı tərk etməsindən 7 dəqiqədən də çox vaxt keçmişdi. Kevin son olaraq diqqətini gələcək qatara və gedəcəyi evinə mərkəzləşdirib onu bu dəqiqə qorxudan və ağlını məşğul edən əlavə fikirlərdən uzaqlaşmaq üçün telefonun qulaqcığını taxaraq, həzin bir musiqiyə qulaq asmaq istədi. Amma onu ürküdən sirli ayaq səsləri ilə bərabər telefonun musiqi qutusundakı ilk mahnı da vahiməliydi. Üst-üstə bu qədər təsadüf Kevini əməlli-başlı qorxutmuşdu...

    Cəmi 18 yaşı olmasına baxmayaraq Kevin, çox fərqli, keşməkeşli və təlatümlü həyat hadisələrinin şahidi olmuşdu. Yadına gəlir, son dəhşətli və eyni dərəcədə maraqlı olay keçən ay, Nyu Yorkun qıraq küçələrindən birində, sadə bir məhəllədə, Kevinin gözləri önündə baş vermişdi. Orta yaşlı, saçlarının yarısı ağarmış, başının önü azacıq dazlaşmış, alnı nisbətən böyümüş məmur Stiveni o, rəfiqəsi Amandanı görməyə gəldiyi zaman, axşam saatlarında dəhlizdə, boynu qırılmış, üzünün sağ almacıq sümüyü əzilmiş və ağzında - üst çənəsində yan-yana 3 azı dişi sınmış halda görmüşdü. Əlbəttə ilk dəfə gördüyü zaman qorxmuşdu, gənc dəliqanlı Kevin. Amma cəsədə bir müddət diqqətlə tamaşa etdikdən, üzərində sadə bir izləyici kimi analiz apardıqdan sonra Kevin sakitləşmiş və gördüyü hadisə fraqmentini sadəcə bəsit bir cinayət, olası ölüm hadisəsi kimi qiymətləndirmişdi...

    Anası ilə atası ta onun 5 yaşı olanda ayrılmışdı. Bu səbəbdən bir müddət valideyn problemi yaşayan Kevin özünün də arzusu ilə 15 yaşına qədər demək olar ki fasiləsiz, Texasda - kiçik dayısı Semin yanında qaldı. Kiçik bir əyalətdə polis komissarı işləyən dayısının xüsusi tərbiyəsi və təlimatları əsasında Kevin cinayət aləmini, cinayətkarların xarakterlərini və baş vermiş cinayətlərin səbəb və psixologiyasını demək olar ki, mənimsəmişdi...

    Orta məktəbi bitirdikdən dərhal sonra dayısının himayəsi, anasının razılığı ilə sevdiyi və seçdiyi Kollecdə oxumaq üçün Nyu Yorka, yeni tanış olduğu, amma cəld dostlaşdığı tələbə yoldaşlarının yanına gəldi. Bir müddət yalnız qalmasına icazə verməyən ailəsi, daha sonra Markus adlı, italyan əsilli, bir tələbə yoldaşının yanında yaşamasına razı oldular...

    Bir çox maqnatı, narkobaronu, onlarla siyasətçini, sənət adamını, şou əhlini içində “həzm etmiş” əfsanəvi Nyu York, Kevini elə-belə qəbul etmək fikrində deyildi. Keçən hər gün daha fərqli, daha çətin və daha anlaşılmaz gəlirdi Kevinə. Öz zalım və anarxist qaydaları ilə sanki Kevini sınağa çəkirdi, zəngin Amerika şəhəri.

    Saysız hesabsız qumarxanaları, möhtəşəm rəqs və striptiz klubları, xüsusi elektron oyun mərkəzləri, barları və s. – onun üçün hələ ki qadağan edilmiş əyləncə vasitləriylə də marağını çəkmirdi Kevinin, ekzotik Nyu York. Sanki Kevini bu şəhərə bağlayan tamam başqa şey idi və çoxlarının həyatını, ömrünü xərclədiyi ucuz gecə əyləncələri onun üçün heç də cəlbedici deyildi...

   Arıq, nisbətən ortaboylu, uzun və say, tünd qəhvəyi, boynuna qədər tökülmüş saçları, üzü təmiz, yumşaq dərili, ordları azacıq batıq olan Kevin oxuduğu kollecdə bir çox qızın marağını cəlb etmişdi. Üz quruluşundan azacıq məşhur müğənni Castin Tinbrleyk-ə bənzəyən Kevininsə qismətində kollecə daxil olduğu zamandan üç ay sonra tanış olduğu, alman əsilli, sarışın gözəl Amanda vardı. Ənənəvi dolu bədənli, nisbətən kobud görünüşlü və tərzli alman qızlarından çox fərqlənən Amandanın xarici görünüşü cənubi avropalılara, yəni yunanlara, italyanlara bənzəyirdi.  Nə bilmək olar bəlkə də əcdadı qədim Roma imperiyası zamanında köçmüşdü Almaniyaya...

    Onunla ilk dəfə bədən tərbiyəsi dərsində, təsadüfən və səhvən girdiyi qızların soyunma otağında təkbətək qalmışdı. Cəld üzr istəyib otaqdan çıxmağa çalışsa da, yeniyetmə gözəl, hətta yaşına görə daha çox əsrarəngiz görünən Amanda, Kevinə imkan vermədi. Sərrast baxışlarıyla onu bir peşəkar ovçu kimi yaralayıb üzərinə yeridi və qapını içəridən kilidlədi... Bəli, artıq onlar üz-üzə, nəfəs-nəfəsə qalmışdılar. Yeniyetmə ağlı durmuşdu. Damarındakı qanın təziqiylə birlikdə ürəyinin döyüntüləri də olduqca artan Kevin nə edəcəyini bilmirdi, sadəcə... Bir də onda ayıldı ki, qarşısındakı çılğın alman qızı onun incə, hətta uzaqdan seçilməyən dodaqlarına açılmaz bir kilid kimi bağlanmış, əllərini incə, arıq əllərinə keçirmiş, nəfəsini nəfəsinə dayamışdı... Amanda Kevindən azacıq dolu bədənliydi və əslində onun belə olması Kevinin çox xoşuna gəlirdi. Sportiv stildə geyinməyi sevən Amandanın bütün qadınlığı, yaşının az olmasına baxmayaraq ortaya çıxırdı... Və hal-hazırda Kevin bu sirli, ecazkar baxışlı, ala gözlü avropalı qızın əsiri idi...

    İndi o zamanları xatırladıqca gülümsəyir, Amandayla keçirdiyi saysız-hesabsız gözəl, həyəcanlı anları özləyirdi, evə tələsən Kevin. Və görəsən onun evə tələsməyinə əsas səbəb nə idi? Getdikcə yaxınlaşan vahiməli ayaq səslərimi, yoxsa saatın əqrəblərinin artıq gecə 11-ə yaxınlaşmasımı, ev yoldaşı Markusun bu gün qeyd edəcəkləri ad günümü, ya da başqa bir əlamətdar hadisə?... Bəlkə də sadəcə evə getmək adi bir hal idi. Amma yox, Kevin üçün heç bir adi hal və təsadüf yox idi. O, sadəcə buna inanmırdı. Ona görə baş verən hər hadisənin, həyatına girən hər kəsin ayrı bir mənası, özəlliyi vardı və baş verən bütün olasılıqlar, qarşıladığı hər şey vahid “bloqun” bir parçası idi...

    Düz bir ay əvvəl o internetdə sadə bir araşdırma nəticəsində insanlar arasındakı münasibətləri və psixoloji vəziyyəti mövzu edən bir forumla tanış oldu. O forumda Kevin kimi hadisələrə adi yanaşmayan çox gənc vardı. Amma onda hələ Kevin bilmirdi ki, sadəcə marağa yazışdığı bu gənc komanda gün gələcək onun ayrılmaz parçası olacağı bir bütövün tərkib hissəsi olacaq.

    Forumda keçirdiyi vaxt ərzində yeni dostlar qazanan Kevin, bir müddət sonra internetin daha sirli və qanundan kənar hissəsini öyrəndi. Onunla daim əlaqə saxlayan Markus və artıq sevgilisi olan Amanda da qeyri-ixtiyari olaraq bu qrupa daxil oldular... Bəli, Kevindən başqa demək olar ki, hər kəsin məqsədi sadə idi – bəsit gənclik əyləncəsi. Amma Kevinə, uşaqlıqdan bu yana qarşılaşdığı bütün dəhşətli cinayət, psixoloji qarşıdurma, ata-anasının aramsız mübahisələri, dayısının açdığı cinayət işləri, tv-də eşitdiyi qətl və oğurluq hadisələri güclü təsir etmişdi. Və bir şəxsiyyət kimi formalaşdığı dövrdə o ailəsindən uzaq, valideyn nəzarətindən kənar və qayğısından yoxsun qalmışdı. Yavaş-yavaş onda özünün də hiss etmədiyi dərin psixoloji proseslər gedirdi. Kevin get-gedə insanlığa qarşı mərhəmətini itirir, var olan bütün sistemə içində üsyan etməyə başlayır tədricən öz və yaxınlarının həyatı üçün təhlükəli birinə çevrilirdi...

    Bu gün isə evə tələsməyinin səbəbi, uzun müddətdən sonra yaşadığı dərin bir peşmançılıq hissi idi...

    Tərkibinə daxil olduğu qrup rəhbərliyi qısa zamanda onun həssaslığından və yüksək analiz bacarığından istifadə edərək Kevini sistemin düşməni halına gətirdilər. Hökumət əleyhinə olan, özü də bilmədiyi bir siyasi qrup tərəfindən yönləndirilən gənc komanda “cəza” xarakterli qətllərin törədilməsində fəal iştirak etmişdi... Son bir ayda isə Amerikanın hər yerində ümumilikdə 2 senator, 3 vəkil, 4 polis komissarı və bir maqnat faciəli şəkildə öldürülmüşdü...

    Budur, ayaq səsləri uzun sürən davamiyyətdən sonra kəsildi və o andaca Kevinin yanında nisbətən hündürboy, tünd boz kapşon geymiş, qaranlıqda üzü görünməyən, arıq bir oğlan peyda oldu. Kevin onun varlığını bədəninin bütün zərrəcikləriylə hiss etdi. Dönüb üzünə baxmaq, bəlkə də salamlamaq istəsə də bacarmadı. Ayaqları tutmadı, əlləri qalxmadı – bütün bədəni bir andaca sanki qurudu...

    Üzvü olduğu komanda onu da başqaları kimi qatil edə bilmişdi. Bəli, elə ən dəhşətlisi də bu idi. Yox ki, oxumağa gələn gənc tələbə artıq qatil olmuşdu, ona görə ki öldürdüyü iki insanın biri onun neçə zamandır yanında qaldığı, birlikdə yaşadığı, deyib-güldüyü, birlikdə çörək yediyi dostu Markus, digərisə həyatının ən özəl anlarını paylaşdığı, gənc bir oğlan kimi, yetkin kişi xeylağı kimi toxunsa da tamamən sahib olmağa cəsarət etmədiyi gözəl Amanda... Bəli, indi çox şeydən sonra Kevini əsas bu məsələ düşündürür, zaman keçdikcə içini yeyib dağıdırdı, axı onlar birlikdə axıra qədər olmadılar, vüsala çatmadılar...

    Səbəbə olduqca sadə idi, qətlin. Yox ki, rəhbərlik belə tapşırıq vermişdi. Ona görə ki, dostu və sevgilisi Kevinə xəyanət etmişdi, bəli, ani bir səhv olsa da bu belə idi...

    Daxil olduğu qrupun qaydaları çox sadə idi. Topluma qarşı, insanlıq düşüncəsindən uzaq, hissi aldatma, hər növ xəyanət və bir də sadə hakimlik eqoizmi düşüncələriylə yaşayan, bu kimi “cinayətlər” törədən hər kəs ölümə məhkum edilirdi. Dəhşətli, faciəli ölümə.

    Amma bir gecə qrup toplantısından evə qayıdarkən, “təsadüfən” qarşılaşdığı mənzərə qarşısında tab gətirə bilməyən  Kevin əzizlərinə faciəli ölümü rəva görmədi. Sadəcə yatdıqları yerdə onları sırayla boğdu...

    O gecə, o məsum və fəlakətli gecə Kevin “işi olduğu üçün” Amandayla gəzməyə çıxmadı. Dedi ki, sən get evə, mən də işimi bitirib gələcəm. Hələlik Markusla söhbət edərsiniz... Amma bilmirdi ki, “təsadüfən” Amandanın canı öncə şərab içmək, sonra “monopoliya” oynamaq, daha sonra Markusla zarafatlaşmaq istəyəcək və o anda hələ teninə qadın teni dəyməmiş Markus, gənc mələk Amandanı birdən-birə ağuşuna alacaq. Ardından hər şey sadəcə özü baş verəcək...

    Nə onlar sevişərkən əzizləri Kevini, nə də toplantıya gedən Kevin həmin anlarda onları düşünmürdü, düşünə bilmirdi. Bəlkə də ona görə düşüncəsizlik, başı qarışıqlıq, diqqətsizlik dostları öncə xəyanətə, sonra ölümə vadar etdi...

    İndi evə ona görə tələsirdi ki, Kevin, qonşular, polis orqanları xəbər tutmadan dostlarının cəsədlərini bir yerdə gizlətsin. Öldürən zaman buna vaxtı olmamışdı. Çünki qətl hadisəsindən dərhal sonra ağır psixoloji gərginlik yaşayan Kevin “nəfəs almaq” üçün özünü zalım Nyu Yorkun səfil küçələrinə atmışdı... Ağlı başına gələndə isə hər şey gec idi, həm də çox...

    Kapşonlu oğlan Kevinə yaxınlaşdı, azacıq gülümsədi və beləcə dedi:

-         Törətdiyin cinayətə görə kimsəyə baxmağa üzün yoxdursa, qoy səni hər kəs “Üzsüz” deyə tanısın. Onsuz da bəziləri min cür yalan işlər görüb, adam aldadıb, dostuna, yarına xəyanət edib, məzlumun haqqına girib, Tanrıdan qorxmadan “Tanrılıq” iddiasına düşərək bu dünyada yaşayırlar. Və onlar heç də günahları üzündən sifətlərini, şəxsiyyətlərini itirdiklərini düşünmürlər. Halbuki ki,  bir insan güzgü qarşısında durub özünə baxdığında xarici görünüşündən savayı onun xarakteri, daxili, ruhudur əsl üzü... Sənsə onlardan fərqli olaraq üzünü itirməmisən...

    Beləcə oğlan əlini Kevinin çiyninə qoyub onunla birlikdə qatarı gözlədi. Qatar tezliklə gəldi və onlar getdilər...

    Qaranlıq bir küçədə tədricən 1-5-10 və daha çox kapşonlu adamlar peyda oldu. Onlar yavaş-yavaş gəzir, qətiyyətlə addımlayırdılar. Onlardan olmayan kimsələr onların üzünə baxdıqda sadəcə qaranlıq görürdü. Çünki başqalarına görə onlar, onlara görə isə yerdə qalan bütün insanlıq böyük bir “Üzsüzlər” ordusu idi...

 

Elşən İsmayıl

09-11 dekabr 2016-cı il.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+17=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0323 saniye