Jalə taksidən düşüb iri addımlarla 3 mərtəbəli villayə nəzər salıb darvazanın zəngini basdı. Az sonra cavan oğlan gəlib qapını açdı.
-Buyurun, xanım.
-Ülvi Qarayevi görməliyəm.
-Buyurun,-deyib onu içəri buraxdı.
Cavan oğlan yanında addımlayan xanıma tez-tez nəzər salaraq onun məşhur şou-biznes nümayəndəsi Ülvi Qarayevlə nə kimi əlaqəsi olduğunu anlamağa çalışırdı.
Villaya daxil olub 2-ci mərtəbəyə qalxdılar. Cavan oğlan kabinetin qapısını taqqıldadıb "Cənab, bir xanım sizi görmək istəyir" bildirdi. "Burax"-səs tonunu eşidəndə Jalə diksinmiş kimi oldu. Cavan oğlan gülümsəyərək qapını açdı. Jalə içəri daxil olan kimi masa arxasında fikirli halda əyləşən Ülvi onu görəndə təəccüblə ayağa qalxdı.
-Sən?!
-Bəli, cənab Qarayev, mən!-qətiyyətlə söylədi.
-Əyləşə bilərsən,-deyib sifətini turşutdu.
-Sanki mənə xoşdur sənin yanına gəlmək,-acıqla deyib oturdu.
-O zaman hansı ağılla...?
-Mənə ağıldan bəhs edəcək ən son insan sənsən!
-Yaxşı, yaxşı,-bezdirici səsini işə salaraq əyləşdi və masaya dirsəkləndi.-Niyə gəlmisən?
-Mənə 250 min manat lazımdır.
-Nə?!-deyə soruşaraq dəli kimi qəhqəhə çəkdi.-Bura bax, gözəlim...-birdən ciddiləşib sözə başladı.
-Mən sənin "gözəlin" deyiləm!-sərtcə bildirib ayağa qalxdı.-Üstəlik o məbləğ sənin uşağının əməliyyatı üçündür, axmaq!!!
Şok! Qulaqlarına inanmayan Ülvi əllərini masaya dayayıb qalxdı. Gözlərində təəccüb işarələri artırdı. Nəfəsini tutub saxlayaraq Jaləyə baxırdı.
-Nə dedin sən?
Jalə onun sualını cavablamayıb çıxışa yönəldi. Əlini dəstəyə atıb burmaq istəyəndə Ülvi tələsik özünə qayıdaraq yumruğunu masaya vurdu.
-Səndən söz soruşdum mən!-az qala qışqırdı.
Jalə geriyə qayıdıb əllərini masaya dayayaraq Ülvinin gözlərinə nəzər saldı.
-Hə, sənin uşağın. O, əməliyyat olunmalıdır.
-Bu zarafatdır?!
-Özünü düşünən eqoistsən sən.
Ülvi masadan aralanıb kabinetdə var-gəl etməyə başladı. Onun gərgin əl-qol hərəkətlərini seyr edən Jalə qollarını sinəsində çarpazlaşdırıb qarşısına keçdi.
-Sənə tamaşa etməyə vaxtım yoxdur
-Yox, yox, yox! İnanmıram sənə.
-Hə, bilirəm. Çoxları gəlib səndən uşaqları olduğunu deyiblər və DNT analizləri bunların heç birini təsdiqləməyib, eləmi?-kinayə ilə soruşdu.
-Yox, lənətə gələsən!-əlini saçlarına aparıb dəli kimi qarışdırdı.
-O zaman nə?-artıq səbri qurtarırdı.
-Mənim uşağım ola bilməz...
-Nə axmaqlayırsan sən?
-Düz eşitdin. Mən qısıram.
Jalə çantasından cüzdanını çıxardıb içindən bir fotoşəkili Ülvinin gözlərinin qabağına gətirdi.
-Bax! Diqqətlə bax! Ondan sonra qısır olub-olmadığını bir daha yoxla!-deyib fotoşəkli Ülvinin ovcuna basdı.-İşdir, mənimlə əlaqə yaratmaq istəsən, nömrəmlə ünvanımı qoyuram,-tələsik masaya yönəlib vərəqə yazdı.-Amma uşağımı məndən qopartmağa çalışma!
Ülvi gözlərini şəkildən çəkmədən udqunaraq yavaşca soruşdu:
-Niyə mənim xəbərim yox idi?
Jalə bu dəfə cavablamayıb kabinetdən çıxdı. Qapının çırpılışını eşidəndə gözlərini şəkildən çəkərək pəncərəyə yaxınlaşdı. Pərdəni kənara çəkərək indicə çıxacaq olan Jaləni gözləməyə başladı. Budur, tələsik addımlarla gedən Jalə taksiyə minərək uzaqlaşdı.
Masa arxasına keçib əyləşən Ülvi təkrar fotoşəkilə kilidləndi. 5-6 yaşındakı oğlan uşağı. Üz cizgiləri eynən onunku idi...
***
-Yəni, mən qısır deyiləm?
-Yox, oğlum, deyilsən, ortada yanlışlıq var sadəcə,-yaşlı həkim mehribancasına dedi.
***
Axşam. Maşını sürərək bir kənara çəkdi. Söykənib pencəyin iç cibindən fotoşəkillə kağız parçasını çıxartdı. Dərindən nəfəs alıb maşından düşdü. 5 mərtəbəli evlərlə əhatə olunan bir məhəllədə idi.
***
Jalə mətbəxdən çıxıb zalın kandarında ayaq saxladı. Çiynini söykədib Müşfiqə tamaşa etdi. Oğlu tv-də gedən heyvanlar aləminə maraqla baxırdı. Xəfifcə gülümsəyən tənha ana gələrək oğlunun yanında əyləşdi. Öpüb sinəsinə sıxdı.
-Necədir mənim cəngəvarım?
-Ağrıyıram bir az, anacan.
Gözləri dolsa da, özünü tutub saxladı. Gülümsəyərək oğlunun kiçik əllərini öpüb yanağına yapışdırdı.
-Keçəcək, balam mənim, keçəcək.
Bu zaman qapının zəngi çalındı. Ana-bala təəccüblə bir-birlərinə baxdılar.
-Kim ola bu, ay ana?
-Bilmirəm. İndi baxaram. Sən isə otur burada, yaxşımı?
-Yaxşı.
Gözlüyə baxanda inanmadı. Qapını açdı. Bu-Ülvi idi.
***
Ülvi oğluna baxıb ehtiyatla saçlarına sığal çəkirdi. Sadəcə möcüzə! Gözləri dolub daşırdı. Müşfiq balaca barmaqları onun üzünü qurulayırdı.
-Sən oxuyansan, hə, düz tapdım?
-Düz tapdın.
-Ağlama. Niyə ağlayırsan?
-Bilmirəm, balaca.
-Gəl səni quc-quc edim.
Müşfiq divanın üstünə dırmaşıb naməlum adama sarılanda Ülvi qüvvətli qolları ilə onu qucaqladı. Bu mənzərəyə gözüyaşlı seyr edən Jalə özünü tələsik mətbəxə yetirib üzünə soyuq su vurdu.
***
-Leykoz?-qulaqlarına inanmayan Ülvinin səsi zəif çıxdı.
-Hə-təsdiqləyib başını əlləri arasına alıb yavaşca içini çəkməyə başladı.
Ülvi mətbəx stolunun arxasından qalxıb Jaləyə yaxınlaşdı. Diz çöküb soruşdu:
-Niyə hamilə olduğunu mənə bildirmədin axı?
-Özündən başqasını düşünmürdün, ona görə,-acıqla dedi.
Ülvi söz tapa bilməyib susdu. Jalənin üzünü ovucları arasına aldı.
-Sənin başına görə qızlar əyləncə üçün yaradılmışdılar. Təzə-təzə səhnəyə atılırdın, başın gicəllənirdi. Mən də hər şey çəhrayı görən təcrübəsiz, ofisiantlıq edən qız sənin 3-4 gecəlik yeni oyuncağına çevrildim. Hamilə olduğum biləndə abort haqqında da düşünmüşdüm. Hətta stola belə uzanmışdım. Son anda vaz keçdim. İkimizin axmaq səhvi ucbatından hələ dünyaya göz açmamış birini niyə öldürüm axı?
-Bəs ailən?
-Yetimxanada böyümüşəm. Nə ailəsi?
-Bağışla, bilmirdim...
-DNT analizi nə vaxtdır?
-Ehtiyac yoxdur.
-Nə? Axı...
-Şşş,-barmağını Jalənin dodaqlarının üstünə qoydu.-Lazım deyil DNT.
-Bəs...?-gözləri doldu.
-Xilas edəcəm oğlumuzu. Sənə söz verirəm...Atası haqqında nəsə bilir?
-Tez-tez soruşur, mən də uzaq səyahətdə olduğunu demişəm.
***
-Bu nə böyük üzükdür!
Uşaq marağı ilə iri üzüyü o tərəf-bu tərəfə çevirən Müşfiqə baxan Ülvi onun saçlarını öpdü.
-Bilirsən, bu üzük sehrlidir ha!
-Doğrudan?
-Həm də necə! Diqqətlə bax, nə iri qaşı var. Bu üzük qaşında bir dünya var. Bax, indi qış fəslini nümayiş etdirir. Qar örtüklü ağac və Şaxta Baba. İndi gözlərimi yum və arzunu de.
-Mən atamı istəyirəm, Şaxta Baba.
"Mən buradayam, oğlum, qayıtdım. Artıq heç bir səyahətə çıxmayacam. Bundan sonra daima səni yanında olacam"