“Valideynləri üçün əziz, cəmiyyət üçün ləkə övladlar”
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 16:39 27 dekabr 2016 tarixində əlavə olunmuşdur

Həyatda atdığınız bütün addımları valideynlərinizə borclusunuz. O valideynlərə ki, hər bir çətinliklə sizi böyüdüb, yeməyib sizi yedizdirib, övladlarının yaxşı, firavan bir həyat yaşaması üçün gecə-gündüz rəbbinə əl açıb dua ediblər.

 Ey övlad, söylə, valideyn borcunu ödəyə bilərsənmi?

Аta-ana borcunu min il də çalışsan ödəmək olmur. Çünki valideynlərin mükafatı cənnətdir, behiştdir. Onların qəlbinə dəyməyin, kövrəkdir. Və bunu bilin ki, hər nə pislik etsəniz də sizi və sizin kimiləri qəlblərindən çıxarıb atmazlar. Siz böyüyüb boya-başa çatasınız deyə öz cavanlıqlarını, xoşbəxtliklərini qurban edirlər.

 Düşün, naxələf övlad! Evinə, ocağına layiq görmədiyin, “qoca” adlandırdığın insan sənin cənnətə açılan qapılarındır. Utanma, bezmə, lazımsız əşya kimi davranma! Valideynini evindən, isti ocağından qoparıb qocalar evinə göndərmə! Ananın saçlarına, gözlərinə bax! O saçlar sənin yolunda ağardılıb. O gözlərdə olan nur sənin gələcəyinə işıq olub. Atanın əllərinin qabarına bax! O qabarlar sənin yaxşı yeyib içməyin, yaxşı savad qazanmağın üçün yaranıb.

Göndərdiyin qocalar evinin onlar üçün soyuq daş divarlardan heç bir fərqi yoxdur. Valideynin qəlbini incitmə. Gözlərindən axan hər bir damla yaşın babalı sənin boynunda olacaq. O isə elə ağır bir yükdür ki, daşımaq heç də sənin üçün asan olmayacaq. Valideynlər sizin üçün bir nemətdir. Süfrəndə olan ruzi-bərəkəti valideynlərinin duası ilə qazanırsan. Lakin onlara bir tikə çörəyi belə çox görürsən.

 Bilirsənmi, qocalar evində nə qədər atalar, analar öz övadlarının yollarını gözləyir? Axı haradan biləsən, nəyinə lazımdır? Doğma evindəykən onların qayğısını çəkməmisən, başını sığallayıb əlindən öpməmisən ki.

 Valideynləri üçün əziz, cəmiyyət üçün ləkə olan övladlar, valideynin ömrü sonsuz deyil. Unutmayın, siz də valideynsiniz və ya olacaqsınız. Ata-ananızla etdiyiniz rəftarın 100 qat artığını övladınız da sizə edəcək. Onu da yaddan çıxarmayın ki, həyatda heç kəs heç nədən sığortalanmayıb.

 Valideynlərini soyuq divar arxasından boylanmağa məcbur edən övlad, vaxt gələr halallığa möhtac qalarsan. Allah hər şeyi görür, səbr edir. Bu dünyada valideynlərinizə etdiyiniz hər bir hərəkətin mükafatı sizə qaytarılacaq.

Günel Ağayeva


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0309 saniye