VAŞAQ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:48 02 yanvar 2015 tarixində əlavə olunmuşdur

Vaşinqton, İran Səfirliyi 21-yanvar 1979

  Heydər Səfi iki gün idi ki,Tehranla əlaqə yarada bilmirdi.” Ağ ev”dən və Pentaqondan aldığı qısa məlumatlar isə, onu lap çox narahat edirdi. Amerika rəsmilərinin İran hadisələrinə bu cür təpki verməsini o,indi daha gözəl anlayırdı. Artıq Şahla olan əvvəlki müttəfiq münasibətlərindən,”mehriban” tərəfdaşlıq və əməkdaşlıqdan zərrə qədər olsun əsər-əlamət qalmamışdı.Ötən 10-gün ərzində rəsmi Vaşinqton, Səfirliklə yalnız iki dəfə təmasda olmuşdur ki,bu da, Amerika diplomatlarının Tehrandan necə təxliyyə edilməsi ilə bağlı bəzi məsləhətləşmələrdən ibarət idi. Heydər Səfi, mövcud vəziyyəti dəyərləndirərək,səfirlik əməkdaşları ilə məsləhətləşmələr aparır, onlara bəzi fövqəladə tapşırıqlarını verirdi. Özü isə, son ümidlərini Tehrandan gələcək telefon zənginə bağlamışdı.Nəhayət ki, axşama doğru İran Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq cəhdi baş tutdu. Bəlkə də,bu zəng,onun Nazir müavini Mahmud Əzizi ilə son danışığı olacaqdı.

-Heydər vaxtımız çox azdır. Ona görə də, məni diqqətlə dinlə. Dünən aldığımız məlumatlara istinadən, Şah və ailəsi yaxın iki gün ərzində Tehranı tərk etmək barədə qərar qəbul edib. Cənab Nazir mövcud durumla əlaqədar Fransadan İsveçrəyə keçmək məcburiyyətində qaldı. İndi,demək olar ki, İqtidarın bütün güc strukturları İslam İnqilabı Komitəsinin yanında yer alıb. Dini liderin Tehrana dönüşü an məsələsidir. Bəzi xarici səfirliklərimiz artıq rəsmi şəkildə fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.Sabah rəsmi şəkildə yazılı bəyanatla “ Ağ ev”ə getməlisən. Xaricdəki diplomatlarımıza siyasi sığınacaq almaqları üçün Norveç, İsveçrə, Misir dövlətləri şərait yaradacaqları barədə rəsmi qaydada Şaha zəmanət veriblər. Zeynəb xanıma gəlincə, bu,məsələ barədə narahat olma, şəxsən mənim nəzarətim altındadır və Tehrandakı doğum evlərindən birinə yerləşdirilib. Qayınanan və qızın da, həmin civarda etibarlı bir evə yerləşdiriliblər. Doğumdan sonra, onalrın yola salınması üçün əlimizdən gələni edəcəyik. Bu, bizim boynumuzun borcudur. Hə,unutmadan deyim, sən və səfirlik əməkdaşları haradan siyasi sığınacaq alacağınız barədə yukun qərarınızı qısa zamanda bizə bildirin. Vaxtımız çox məhduddur, Heydər… Əzizi son cümləsini qəhərli tərzdə söylədi; Çox güman ki,bundan sonra Vətən torpağına dönməyiniz mümkün olmayacaq, kim bilir,bəlkə də,səninlə də…

-Qardaşım Mahmud, sizin Vətən qarşısındakı zəhmətiniz unudulmayacaq. Bilirəm, indi siz, orada necə bir ağır mücadilə verirsiniz.Neynək,görünür bizim də,taleyimizə bunları yaşamaq yazılıb.

-Allaha əmanət…

Telefon əlaqəsinini kəsilməsi, Nazir müavini Mahmud Əzizinin sözünü yarımçıq qoydu...

Həmin gecə, Heydər Səfi səfirliyin bütün əməkdaşlarını öz kabinetinə topladı. Hərbi atteşə Səid Dürüskari, mətbuat işləri üzrə atteşə Gülzar Zəncanpur, Dəftərxana müdiri Məhəmməd Haşimi,səfir yardımçısı Süleyman İftixar və digər texniki işçilər ,Səfirin iş otağına toplaşdılar.

Heydər Səfi, Nazir müavini Əzizinin məlumatları əsasında, İranda baş verən son hadisələr barədə səfirlik əməkdaşlarına ətraflı məlumat verdi. Sabah üçün nəzərdə tutulan planları açıqladı. İran Səfirliyinin rəsmi qaydada fəliyyətini dayandıracağı barədə hazırladığı bəyanatı ,əvvəlcə, səfirliyin əməkdaşları qarşısında oxudu. Daha sonra,səfirlik əməkdaşlarının siyasi sığınacaqla bağlı fikirlərini dinlədi. Onların təhlükəsizliyinin təminatından bilavasitə, Heydər Səfi məsul idi. Bu üzdən səfirlik əməkdaşlarının sığınacaqla bağlı verəcəkləri son qərarı da, bu gecə eşitməli idi. Səid Dürüskari, Süleyman İftixar və Məhəmməd Haşimi Misirdən sığınacaq almağı məqbul bildilər. Gülzar Zəncanpur isə, İsveçrəyə getməkdə qərarlı olduğunu bildirdi. Səfirliyin digər işçiləri (sürücülər,aşpazlar və texniki işçilər) üçün isə, vətənə qayıtmaq imkanı hələ vardı .Fəqət, eyni zamanda, onlar da, təklif olunan digər yolu seçə bilərdilər. Artıq, səfirlik əməkdaşlarından heç kim Vətənə dönmək barədə düşünmürdü…

 Tehran, Mərkəzi Xəstəxana 22-yanvar 1979

 Zeynəb xanım sabah saatlarında körpəsini dünyaya gətirdi.Səhərə yaxın başlanan sancılar növbətçi həkimləri hərəkətə keçirdi. Üç saat sürən keysəriyyə əməliyyatdan sonra, Zeynəb xanımın oğlu dünyaya göz açdı. Xəstəxanada doğumu gerçəkləşdirən həkim az sonra Mahmud Əziziyə zəng edib nəticə barədə məlumat verdi. Zeynəb xanım, Əzizinin göstərişi ilə, bir saat sonra xəstəxanadan çıxarılıb anası və qızının qaldığı evə yerləşdirilməli idi. Bu, məsələdə həkim Həmzə Şakiriyə yardım etmək üçün iki nəfər Xəstəxanaya göndərilmişdi. Həkimin Zeynəb xanımı son müayinəsindən sonra, Əzizinin tapşırığı ilə gələn iki şəxs, Zeynəb xanımı təcili yardım maşını ilə, Xəstəxananın arxa qapısından çıxarmağa cəhd etsələr də, buna nail ola bilmədilər. Sovet kəşfiyyat qrupunun əməkdaşları və inqilab şurasının üzvləri Əzizinin planlarını alt-üst etməyə nail olmuşdurlar. Həkim Şakiri inqilab şurası üzvləri tərəfindən həbs edildi,digər iki şəxs isə,sovet çekistlərinə qarşı müqavimət zamanı həyatlarını itirdilər. Zeynəb xanım halsız halda, çarəsiz körpəsi ilə birlikdə sovet kəşfiyyatçılarının müşayəti ilə avtomobilə mindirildi. O, baş verənlərin şokundan özünə gəlməsə də, hara götürüldüyünü anlamasa da,sovet kəşfiyyatçıları xanım Səfini hara aparacaqlarını yaxşı bilirdilər…

Tehran, İran Xarici İşlər Nazirliyi 22-yanvar 1979

 Əzizi cəmi 5-6 saat əvvəl danışmışdı Heydər Səfi ilə,o da ki,tam yox,yarımçıq.İrandakı hadisələr ölkənin beynəlxalq aləmə çıxan rabitə sistemini də,iflic etmişdi.İnqilab Komitəsi fəalları ölkə xaricinə edilən zəngləri xüsusi ilə diqqətdə saxlayırdı.Əzizi yenidən Vaşinqtonla rabitə yaratmaq istəsə də,heç nə alınmadı.Bəlkə də,belə bir gərgin vəziyyətdə bu xoş xəbəri Heydər Səfiyə versəydi, həm özü bir az rahatlardı,həm də, Amerikadakı Səfirə bu, xəbər bir az qol-qanad verərdi.

Əzizi kabinetindəki balaca divanda uzanıb bir az gözlərinin acısını almaq istəyirdi. Çox yorğun idi. Bədəninin hər tərəfi keyimişdi. Kürsüdən qalxıb divana doğru getməyə belə həvəsi və heyi qalmamışdı.Barmaqları ilə gözlərini ovuşdurub yuxusunu qaçırmağa cəhd etsə də bacarmadı. O, stolda mürgü vurmağa başladı. Sabah saatlarında katibliyin otağından gələn səs-küy, Nazir müavini Əzizini səksəkəli halda oyatdı. Masa başında necə uyumağını belə unutmuşdu. Cəld və kal səslə:

-Kim var orada? –deyə masa başından qarşı otağa səsləndi.

İçəri Əzizinin yardımçısı ilə birlikdə, təqribən 30-35 yaşlarında,üzü saqqallı, iki şəxs də daxil oldu. Öndə dayanan ucaboylu, iri gövdəli adam birbaşa mətləbə keçdi:

-Cənab Əzizi İslam İnqilabı Komitəsinin qərarı ilə siz və Nazirliyin səkkiz əməkdaşı həbs olunursuz. Bu da qərar- deyə əlindəki bükülü kağızı Əziziyə təqdim etdi.

Səkkiz il usanmadan, əzmkarlıqla İranın Xarici siyasətinə rəhbərlik edən şəxslərdən birinə otağındaca hökm oxunurdu, bir parka kağız və verilən fətva onun siyasi həyatının üzərindən xətt çəkmişdi. Səkkiz il, Əzizi bu,İran və Avropa mədəniyyətinin çalarlarını özündə qovuşduran, yarısı Qərb, yarısı Şərq üslubunda olan kabinetdə İranın xarici siyasi mənafeyi üçün xidmət göstərmişdi.İndi isə, o,bu,mötəbər kabineti bir göz altına alınan suçlu kimi tərk edirdi. Masasından yavaşca ayağa qalxdı. Üst-başını səhmana salıb bir söz demədən,heç nə soruşmadan səssizcə otağını gələn “müsafirlərlə” birlikdə tərk etdi.Əziziyə sonradan məlum oldu ki, dünən gecə saatlarında Şah öz ailəsi ilə birlikdə Tehranı tərk etmiş, şəxsi uçağı ilə Qahirəyə doğru hərəkət etmişdir...


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+16=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0252 saniye