VAŞAQ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 18:36 07 mart 2015 tarixində əlavə olunmuşdur

 Nyu-York. 20-sentyabr 2001-ci il. Mərkəzi Kəşfiyyat İdarəsinin 5-saylı məxfi Qərargahı.

  Polkovnik Robert Stivenson doqquz günlük fasilədən sonra,nəhayət ki, özündə güc tapıb işə çıxmışdı. Kreslosunda əyləşib səssizcə masasının üstündəki şəkilə baxırdı. Gözlərindən süzülüb qarşısındakı kağızların üzərinə düşən yaş damlalarının belə fərqinə varmadan, lal-dinməz ürəyini boşaltmaq istəyirdi. Balaca çərçivəyə salınmış ailə fotosunu masanın üstündən götürdü. Ötən ilin yayında, Müstəqilliyin ildönümü ilə bağlı Nyu-Yorkdakı Cefferson parkında keçirilən şənlik zamanı çəkdirmişdilər. O gün, hamı kimi onlar da,çox nəşəliydi. Bu,üç nəfərlik kiçik bir ailənin sevincinin belə qısa sürəcəyi kimin ağlına gələ bilərdi ki? Kim bilə bilərdi ki, bu,xoşbəxt ailə bir il sonra paramparça olacaq?...

Kabinetin açılan qapısı onu dərdlərindən ayırdı.

-Cənab Polkovnik, icazə olar? Otağa daxil olan Beynəlxalq şöbənın əməkdaşı Kapitan Corc Donavan idi.

-Gəl Corc,keç əyləş-deyə,Stivenson ona yer göstərdi.Əlində tutduğu ailə fotosunu ehtiyatla masasına qoydu.Sonra sağ tərəfindəki siyirməni açıb quru salfet çıxardı və nəmli gözlərini sildi.

-Qüsuruma görə üzr istəyirəm,deyəsən, sizi narahat etdim-söyləyib,kapitan Qərargah şefinə üzürxahlıq etdi.

-Sıxıntı yoxdur Corc, heç narahat olma.Söylə, de görüm,yeni nə var,nə yox?

-Hamısı buradadır,zəruri nə varsa hamısı hazırdır-deyə,kapitan əlindəki qalın qovluğu ona uzatdı.

-Deməli,işlərimiz axsımayacaq,qaldığımız yerdən davam edəcəyik,eləmi?

-Eynən,cənab Polkovnik.

Con Donavan ayağa qalxıb kabineti tərk etmək istədi. Lakin, Qərargah şefi onu buraxmadı:

-Əyləş Corc, tələsmə,mən bütün sənədləri səninlə birlikdə müzakirə etmək istəyirəm.

Donavan yenidən yerinə əyləşdi. Polkovnik qalın qovluğun ağzını açdı. Əməliyyatda iştirak edəcək qrup üzvlərinin şəxsi məlumatları qovluğun üst qatına yerləşdirilmişdi. Şəxsi işlərin üzərində yazılan nömrə və səkkiz hərfli anlamı qəliz olan sözlər isə, Vaşinqtona ötürülən gizli elektron versiyanın kodunu özündə ehtiva edirdi. Yeni təhlükəsizlik planına Amerikanın müttəfiqləri olan səkkiz ölkədən   məxfi xidmət orqanlarının 22 məfər təcrübəli əməkdaşları cəlb olunmuşdu. Onların arasından yalnız bir nəfər “Vaşaq” kod adını götürməli,digərləri isə, cızılan planları bu,məxfi kod adı daşıyacaq şəxsin ətrafında həyata keçirməli idi. Yeni təhlükəsizlik planı o qədər qəliz hazırlanmışdı ki,bunu yalnız planı hazırlayanlar və onu həyata keçirəcək məxfi xidmət əməkdaşları anlaya bilirdi. Qarışıq rəqəmlər,açar sözlər, alternativləri məhdud olan sözlər, yalnız bu,planın tərkibində olanlara əyan idi…

Polkovnik Stivenson məxfi əməkdaşların şəxsi işlərini bir-bir,diqqətlə gözdən keçirir, bəzi məsələləri dəqiqləşdirmək üçün   Kapitan Donavana suallar verir, arada onunla məsləhətləşmələr aparır, onun da,fikirlərinə diqqətlə qulaq asırdı.

Qərargah şefi, sonuncu şəxsi işi əlinə aldı. Bu, Həsən Səfinin məxfi dosyesi idi:

“Həsən Heydər oğlu Səfi   22.01.1979 Tehranda doğulub.

İran İslam İnqilabı ərəfəsində sovet çekistləri tərəfindən siyasi məqsədlər üçün anası ilə birlikdə Moskvaya qaçırılıb. Atası -Şah zamanında İranın tanınmış diplomatlarından biri olmuş və siyasi karyerasını İranın ABŞ da son Səfiri olaraq başa vuran Heydər Səfidir.

Gülzar adlı yaşca ondan böyük olan bacısı İranda qalmış və sonrakı taleyi barədə ailə heç bir məlumat ala bilməmişdir.

1980-ci ildə,Türkiyədən Moskvaya gələn kommunist emissarların dəstəyi ilə, ailə bu,ölkəyə sığınmış,yalnız 1984-cü ildə, anası və o vətəndaşlıq əldə edə bilmişdir. DTK-nın bir-neçə dəfə ailəni geri,Moskvaya qaytarmaq cəhdləri baş tutmamışdır.

Həsən Səfi ilk orta təhsilini 1995-ci ildə İstanbulda başa vurub.

Elə həmin il, Polis Akademiyasına daxil olub.

1999-cu ildən Milli İstihbarat Təşkilatına cəlb olunub.

MİT tərəfindən 1999-cu ilin dekabr ayında Diyarbəkirdə,2000-ci ilin iyununda Hakkaridə keçirilən geniş miqyaslı əməliyyatlarda fəal iştirak edib. Ümumilikdə,MİT tərəfindən keçirilən 23 əməliyyata qatılıb.

İngilis,Rus,Ərəb və Fars dillərini bilir.

Daimi yaşayış yeri-İstanbul.

Subaydır”.

 

Həsən Səfinin şəxsi dosyesi Polkovnikin çox ilgisini çəkdi.

-Corc,bu,gənc istihbaratçı çox diqqətimi çəkdi. Açığını deyim ki, bu yaşda,bu cür uğurlara imza atmaq hər kəsə nəsib olmur. Baxsana, müttəfiqimiz Türkiyə,yeni plan üçün seçdiyi beş istihbaratçı arasında məhz bu,şəxsi mərkəz üçün təyin edib. Eyni zamanda bu, gənc sıradan biri də deyil. Maraqlı və siyasi bir keçmişi də,açıq-aydın ortada. Görəsən, atasının sonrakı taleyi barədə bir şey bilirmi?

- Bu məsələ,onun şəxsi işi ilə tanış olarkən mənim də,diqqətimi çəkmişdi, elə bu,səbəbdən qısa bir araşdırma apardım.

-Nəticə?

-Hələlik əldə olunan odur ki, Heydər Səfi,İranda baş verən İslam inqilabından sonra, Amerikanı tərk etməmişdir.

-Əgər o, bizim ölkəmizdə siyasi sığınacaq alıbsa,deməli,ona ulaşmağımız çox da,müşgül olmaz?

-Aradan uzun zaman keçib,bəlkə də, cənab Heydər Səfi artıq həyatla çoxdan vidalaşıb?

-Mümkündür, bu da,təbii ki,bir ehtimaldır. Fəqət,hər bir halda bu,məsələni də diqqətdə saxlayın.

-Baş üstə.

-Həsən Səfinin gəlişi nə zamandır?

- Təyyarə birisigün yerli vaxtla sabah saat 9-40 da “Kennedi” Hava Limanına eniş edəcək.

-Onu qarşılamaq üçün əməkdaşlar təhkim etmisinizmi?

-Bəli,siz heç narahat olmayın,müttəfiq ölkələrdən gələn bütün istihbaratçıları qarşılamaq üçün,bu işlərə əməkdaşlar cəlb etmişik.

-Çox gözəl.

-Cənab Polkovnik, başqa bir tapşırığınız yoxdursa,mən izninizi istəyim?

-Buyurun,əlbəttə,gedə bilərsiniz.

-Təşəkkür edirəm- deyib, Kapitan Corc Donavan ayağa qalxdı və kabineti tərk etdi.

Polkovnik saatına baxdı. İşlər başını elə qatmışdı ki,vaxtın necə keçdiyinin belə fərqinə varmamışdı. Saat 5-də xəstəxanaya,Eşlinin yanına getməli idi. Bu səbəbdən cəld yerindən qalxdı. Vaxtı çox az idi. Tələsik qalın qovluğun ağzını bağlayıb otağındakı pin-kodlu seyfə yerləşdirdi. Asılqandan nazık payız gödəkçəsini alıb tələm-tələsik otaqdan çıxdı…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0324 saniye