Qəndəhar-Əfqanıstan.26-senyabr 2001-ci il.
Hüseyn Qureyşi həyatının 18 ilini əfqan xalqının maariflənməsi,elmə vaqif olması üçün fəda edən ziyalılardan biri idi. O,həm bir vətənpərvər,həm də bir müəllim kimi böyük nüfuz qazanmışdı. Yalnız Qəndəhar vilayətində deyil,Kabildə də,bu şəxsin ismi böyük hörmət və ehtiramla anılırdı.Qureyşinin keçdiyi həyat yolu heç də hamar olmamışdı.1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana müdaxilə etməsi xəbərini alan gənc Hüseyn,dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Sarbon Universitetində təhsilini yarımçıq qoyaraq doğma məmləkətinə qayıtmış,on il fasiləsiz olaraq sovet istilaçıları ilə savaşmışdır.Hüseyn Qureyşi üçün susuz əfqan çölləri,palçıqdan yapılan və sahibi kimi kasıb görünən komalar,ayaqları yalın, Qəndəharın dar küçələrində qaçan dəcəl əfqan balaları həyatının yaşamaq səbəbinə çevirilmişdi.Ona görə,Əfqanıstan isti ana qucağı,Qəndəhar isə,onu-ona tanıdan,ona nəfəs verən müqəddəs bir ocaq idi.Qureyşi gəncliyinin müəyyən bir dönəmini Avropada keçirmiş,adlı-sanlı elm adamları ilə,ictimai-siyasi xadimlərlə yaxından təmasda olmuş,qərbdəki milli-mədəni dəyərləri bir ziyalı kimi ustalıqla təhlil etmişdir.O,çox gözəl bilirdi ki,əfqan xalqının tərəqqisi və nicat yolu yalnız elm və təhsildədir. Buna görə də,əfqan-rus müharibəsindən sonra,o,Qəndəhar Valisinin dəstəyi və öz şəxsi imkanları sayəsində, Vilayət mərkəzi və ona tabe olan üç kənddə əfqan balaları üçün ibtidai məktəblər təşkil etdi.Qısa zaman ərzində fəaliyyətə başlayan məktəblərə on beş müəllim cəlb olundu.İki il sonra,Qüreyşi və məsləkdaşlarının işgüzarlığı nəticəsində,Qəndəharda ibtidai məktəblərin sayı otuza çatdırıldlı.Vali Bəhmənyarın israrlı təkidi və Qəndəhar əhalisinin xahişi sayəsində,çox keçmədən,Hüseyn Qureyşi Vilayətə maarif rəisi təyin edildi.Sovetlərlə uzun sürən savaşdan sonra,ölkədə həyat yenicə axarına düşməyə başlarkən,bu dəfə də,daxili çəkişmələr məmləkəti cənginə aldı.Tayfalar arasında get-gedə böyüyən çəkişmələr, əfqanları yenidən silaha sarılmağa vadar etdi.Belə şərtlər altında cəmiyyəti maarifləndirmək,ölkəni düşdüyü məngənədən xilas etmək asan iş deyildi.Bir tərəfdə əli silahlı, avam və radikal gənclər, digər yanda din pərdəsi altında, xarici qüvvələrin maddi dətəyi ilə yaradılan“Qurtuluş” adlı terror təşkilatı məmləkəti fəlakətə sürükləyirdi. Daxili savaşın acılarından ən çox zərər çəkən vilayətlərdən biri də,Qəndəhar olmuşdu.Radikallar tərəfindən mərkəzi hökümət devrildikdən sonra,vilayətlərdə vəziyyət daha da ağırlaşmağa başladı.Dini dəyərləri hifz etmək adı ilə,öz “şəriət” idarə-üsullarını tətbiq edən radikallar,dini şərəfləndirmək yerinə,müqəddəs dəyərləri tapdaladılar. Vilayətlərə təyin edilən yeni valilər xalqın rəğbətini deyil,nifrətini qazandı. Çevrilişdən az sonra,radikallar tərəfindən ölüm təhdidləri alan Qəndəhar Valisi Mahmud Bəhmənyar, Hüseyn Qureyşi və məsləkdaşlarının köməyi sayəsində İrana göndərildi. Vali Bəhmənyarın, Qureyşinin yardımı ilə,Qəndəhardan çıxması barədə radikallar məlumat alsalar da,əllərində tutarlı sübut olmaması üzündən onun üzərinə getmədilər. Buna qarşılıq olaraq, Vilayətdəki bütün qız məktəblərini bağladılar. Qureyşi vəzifəsindən istefa etsə də,iradəsinin sarsılmasına izin vermədi.Artıq, şəxsi nüfuzdan faydalanaraq,əldə olan imkanları səfərbər edərək camaatı bir araya toplamağın zamanı gəlmişdi.Qəndəharın sayılıb-seçilən Alizay tayfasının yardımı ilə,Qureyşi və məsləkdaşları “Zülmə Müqavimət”adlı təşkilat təsis etdilər. Təşkilatın yaradılmasında başlıca məqsəd,radikalların Qəndaharda özbaşınalıqlarına son qoymaq,onların əl-qol açmasına imkan verməmək idi.Qureyşinin rəhbərliyi altında qurulan təşkilat üç il,usanmadan və çəkinmədən çevrilişçi radikallara qarşı mücadilə verdi. Digər vilayətlərdən fərqli olaraq,Qəndəhar zalım qüvvələrə at oynatmaq üçün meydan vermədi.Fəqət,bütün bunlar yüzlərlə yurdsevər övladların tökülən qanları bahasına başa gəldi.Qureyşi, ötən üç il ərzində çox acılar çəkmiş,çox yorulmuşdu. Ana qucağı bildiyi məmləkətinin qəlbi parçalanmış,doğma torpaq günahsız vətən övladlarının qanını içinə gömməkdən bərəkətini itirmişdi. Bütün bu acılara rəğmən,yenə də,qəlbində xalqının xoş gələcəyinə dair bir ümid qığılcımı vardı. Ancaq,11-sentyabr kabusundan sonra,bu qığılcım şübhə altına alındı.Dünyanın o biri ucundan qalxan alov,sərt küləyin təsiri altında üzü əfqan torpaqlarına doğru hərəkət almışdı.On beş gün idi ki,gözlərində məzlum baxışlarla səmaya baxan,çarəsizlikdən gedəcəyi yolun səmtini itirən,həyəcanla hər xəbərə qulaq verən əfqan xalqı çox yaxınında olan böyük savaşın həyacanı ilə oturub-qalxırdı...