Vaşaq
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 02:11 09 aprel 2015 tarixində əlavə olunmuşdur

Kabil-Əfqanıstan. 3 oktyabr 2001-ci il.Rusiya Fedarasiyasının Səfirlik binası.

 Anti-terror koalisiya qüvvələrinin Əfqanıstana həmləsi an məsələsi idi.Hücumun dəqiq gün və saatını Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi xaricində kimsə dəqiq bilmirdi.Rusiya rəsmi olaraq anti-terror əməliyyatlarına dəstək versə də,daxildə, müttəfiq qüvvələrin hərbi müdaxiləsindən çox əndişə edirdi.Zatən,ortada Amerika-Rusiya müttəfiqliyi deyilən bir münasibət heç gözə çarpmırdı.Əzəli rəqiblərin,bu mərhələdəki beynəlxalq anti-terror müttəfiqliyi zərurətdən deyil,məcburiyyətdən qaynaqlanırdı.Buna görə Rusiya hələlik,onun üçün sərf etməyən bəzi məsələləri sinəyə çəkib əzəli rəqib-yeni “müttəfiq”in atdığı addımlarla hesablaşmalı idi.

Mayor Stepan Uvarovun rəhbərliyi ilə,Federal Təhlükəsizlik Xidmətinin beş nəfərdən ibarət əlahiddə əməliyyat qrupu Əfqanıstan missiyası üçün Kabildəydi. Əməliyyat qrupunun ilk işi Səfirliyin təhlükəsizliyini təmin etmək, gərgin vəziyyətlər zamanı əməkdaşların təxliyyə edilməsinə yardımçı olmaq idi.Əməliyyat qrupunun üzvləri Əl-Mənsur küçəsindəki, Rusiya Səfirliyinin tabeliyində olan binada yerləşdirildi. Səfirliyin əməkdaşları da,bu binada yaşayırdılar.Bina ilə Səfirliyin arası təqribən beş-altı yüz metr olardı.

Mayor Uvarov təyin edilən vaxt üzrə Səfir Pavel Qalkinlə təklikdə görüşmək üçün Səfirlik binasına gəldi.Səfir, onu ayaqda qarşıladı.

- Stepan Borisoviç, xoş gəldiniz –deyə,Səfir,ona kabinetdəki divanda əyləşməyi rica etdi.Özü isə,divanın qarşısındakı kreslolardan birinə oturdu.Sonra köməkçisini yanına çağırdı və qonağına müraciətlə - Stepan Borisoviç,nə içəcəksiz,çay,qəhvə?

-Çaya çox alışıq deyiləm,zəhmət olmasa bir fincan qəhvə.

-Mənim üçün də qəhvə gətirin.

-Baş üstə-deyib, Səfir köməkçisi otağı tərk etdi.

-Stepan Borisoviç rahat yerləşə bildinizmi?

-Bəli, hər şey qaydasındadır.

-Moskvada vəziyyət necədir?

-Mərkəzdə stabillikdir,tək əndişəmiz sizlərdəndir.

-Burada tikan üstə oturmuş kimiyik,iki gündür ki,Xarici İşlər Nazirliyi ilə əlaqə yarada bilmirik.Normal fəaliyyətimiz üçün şərait tükənmək üzrədir.Son aylar ərzində genişlənən daxili çəkişmələr də,bir tərəfdən işlərimizə əngəllər yaradıb.Kabil gecələri ayaq üstə,səhərləri qulağı səsdə keçirir narahat günlərini.Terrorçuların bir qrupu Pakistan sərhədlərinə doğru yan alsalar da,böyük bir hissə Kabildə qalıb düşmən hücumlarına qarşı hazırlıqlarını davam etdirməkdədir. Anlamadığım budur ki,o qədər gücün qarşısında bu zavallılar necə tab gətirəcəklər?

-Bu xalqa,bu adamlara zavallı deyib,üzərindən keçməyin cənab Səfir.Bir Əfqanıstan veteranı olaraq,deyə bilərəm ki,bu “zavallılar”düşündüyünüz qədər də,acız və gücsüz deyillər.On il əski Sovetlər Birliyi qarşısında duruş gətirən və partizan savaşını yaxşı bilən bu,inadkar puştunların ilk həmlədə darmadağın olacağını heç ağlım kəsmir.Bunlar üçün səhrada hökmranlıq,saraydakı hökmdarlıqdan daha dəyərlidir…

Səfir köməkçisi kabinetə daxil oldu.Kiçik məcməyidəki qəhvələri səliqə ilə masanın üstünə qoydu.

-Başqa bir istəyiniz varmı?

-Xeyr,çıxa bilərsiz.

Mayor Uvarov,qəhvə fincanını əlinə götürüb bir-iki qurtum aldıqdan sonra ehmalca nəlbəkiyə qoydu.

-Cənab Səfir,Kabildəki dəyişikliklərdən sonra təmasda olduğunuz rəsmi şəxslər varmı?

-Təəssüf ki,yox.Hazırda bu,ölkənin iki iqtidarı və bu, iqtidarlar ətrafında toplanan parçalanmış tayfalar var.Bir tərəfdə,”Qurtuluş” adlı terror təşkilatının nəzarətində olan şəriət höküməti,digər yanda”Milli Müqavimət” adı altında yaradılan və milli hökümət təsis edən qüvvələr mövcuddur.Bəzi Vilayətlərdə yerli idarəetmə şəriət hökümətinin,bəzilərində isə,milli qüvvələrin nəzarəti altındadır.Bir sözlə,səs-küy gur olduğu bu,qarışıq məmləkətdə,indi,nə bir anlayan var,nə də ki,bir dinləyən.

-Açığı deyim ki,Əfqanıstanla bağlı söylədikləriniz heç məni təəcübləndirmədi.On səkkiz il qabaq gördüyüm ölkədə adamlar dəyişsə də,həyat tərzi eyni olaraq qalmaqdadır.Gələcəyi keçmişinə asılıb qalan bir ölkə,indi də,yeni bir fəlakətin astanasındadır.

-Bəli,bu fikirlərinizlə tamamilə şərikəm.

-Cənab Səfir,bu məmləkətin dərdindən danışmaqla bitməz.Nə isə,bu arada istərdim bəzi məsələlər barədə sizi məlumatlandırım.Hələ ki, koalisiya qüvvələrinin Əfqanıstana hərbi müdaxiləsi barədə dəqiq məlumata varmasaq da,bəzi ehtimallar üzərində çalışmalarımıza davam edirik.Səfirliyimizlə bağlı qərara gəlincə,çox güman ki,yaxın iki gün ərzində əməkdaşlarınızın təxliyyə edilməsi üçün hərəkətə başlamalı olacağıq.Bu üzdən,əməkdaşlarınızın təxliyyə hazırlıqlarına başlaması üçün,yubanmadan hərəkətə keçməyinizi xahiş edirəm.

-Aydındır…


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+25=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0246 saniye