Vaşaq
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 23:22 26 aprel 2015 tarixində əlavə olunmuşdur

Qəndəhar-Əfqanıstan.7 oktyabr 2001-ci il.Savaş günü.

 Qəndahar sübh əzanı eşitmədən,dan yeri sökülmədən göydən ələnən mərmi səslərinə oyandı.Şəhər ətrafında mövqe tutan “Qurtuluş”terror təşkilatının sığınacaq yerləri havadan yağmur kimi yağdırılan mərmilər qarşısında duruş gətirməkdə çətinlik çəkirdi.Fəqət,bu qeyri-bərabər savaşın ilk həmləsi belə,onları susdurmurdu.Terrorçular əldə etdikləri zenit tipli qurğularla qarşı tərəfə qarşılıq verməyə cəhd edirdi. “Qurtuluş”çuların işini çətinə salan başqa bir məqam isə yerüstü əməliyyatda onlara qarşı hücuma keçən “Vətən Müdafiəsi”birliyinin yerli dəstələri idi. Hüseyn Qureyşinin rəhbərliyi altında olan Qəndahar taboru hava zərbələrinin ardından 300-nəfərlik təcrübəli səhra döyüşçüləri ilə terrorçuların mövqelərinə doğru irəliləyirdilər.Amansız və acımasız bir döyüş başlamışdı.Qureyşi rəhbərlik etdiyi taborun hava mərmilərindən zərər görməməsi üçün terrorçuların müdafiə sipərlərinə çox da yaxınlaşmamağı əmr etdi.Mümkün qədər hədəfdən yayınmaq lazım idi.Təxminən 3 saata qədər davam edən əməliyyatlardan sonra şəhər ətrafındakı bir-birinə yanaşı olan iki kənd terrorçulardan azad edildi.Qureyşinin göstərişi ilə taborun rabitə xidməti mərkəzə əməliyyatların tamamlanması barədə məlumat ötürdü.Çox keçmədən səmadakı qırıcılar istiqamət dəyişdirdilər.Savaşın ilk günü Qəndahar taboru 35 döyüşçüsünü itirdi.Taborun həkimi Mahmud Xan yaralılara ilk tibbi yardım göstərirdi.Xeyli yaralı olsa da,iki nəfər istisna olmaqla digərlərinin yarası o qədər də,ciddi və ağır deyildi.Ağır yaralıların təcili şəhər mərkəzinə çatdırılması üçün Qüreyşi döyüşçülərindən 5 nəfər seçib onları sırf tibbi yardım işlərinə təhkim edərək Mahmud Xana yardımçı təyin etdi.Tabordan seçilmiş bir bölük azad edilmiş ərazilərə nəzarət üçün ayrıldı.Başqa bir bölük isə cəsədlərin dəfn edilmə işlərinə başladı.Qureyşi güclü rəqibinə qalib gələn yaralı pələng kimi yorulmuşdu.Qan-tər içərisindəki tozlu sifət,bu simada yer alan kədərli və üzücü gözlər ətrafdakı od-alovu izləməkdən bezmişdi.Qarşısında yerlərə sərilmiş yüzlərlə cansız cəsəd,yan-yörəsindən qaldırılıb qazılmış savaş məzarlarına aparılan onlarla gənc,hamısı eyni xalqa mənsub olan bir millət faciəsinin tablosu idi.Bunları izlədikcə canı daha çox yanırdı,köksündə çırpınan qəlbi lap çox fəğan edirdi vətənpərvər Hüseyn Qureyşinin…

-Kabildən gələnlər var-deyə, taborun rabitəçisi Qureyşiyə yaxınlaşıb məlumatı ona çatdırdı.

-Kimlərdir?

-Ruslar.

Qureyşi dəfn işləri ilə məşğul olan bölüyün komandirinə səslındi:

-Mürşüd yaxın gəl.

-Bəli,eşidirəm,nə buyurursuz komandir?

-Təcili şəhər mərkəzinə qayıdıram.Komandanlıq sənə həvalə olunur.Yəqin ki,axşama doğru geri dönərəm.

-Aydındır komandir,siz heç narahat olmayın,vəziyyət tam nəzarətimiz altında olacaq.

-Allaha əmanət olun!

-Yaxşı yol,Allaha təvəkkül.

Qureyşi rabitəçi ilə birlikdə,qəfil təşrif buyuran qonaqlarını çox gözlətməmək üçün atlara minib şəhər mərkəzinə doğru çapmağa başladılar…

“Vətən Müdafiəsi” Birliyinin Qəndahardakı taboru,bir zamanlar Qureyşinin min bir əziyyətlə ərsəyə gətirdiyi qızlar məktəbinin binasında yerləşmişdi.Terrorçular tərəfindən dəfələrlə,bu binaya hücumlar edilsə də,tabor sığınacaq yerini düşmənə təslim etməmişdi.Binanın içərisində 12- otaq,alt qatında isə iki istiqamətdən giriş-çıxışı olan böyük zirzəmi vardı.Taborun ehtiyat silah-sursatı zirzəmiyə yerləşdirilmişdi.Üst qatdakı 9-otaqda döyüşçülər qalırdı.Ən böyük olan otaq hərbi toplantıların keçirilməsi üçün istifadə olunurdu.Yerdə qalan 2-otaq isə komandirlərin ixtiyarında idi.Bu,əskidən məktəb,indi isə,bir tabor üçün sığınacaq yerinə çevrilmiş bina çox nəsnələrə şahidlik etmişdi. Divarlarına hopmuş kərpic qoxusu barıt iyini də canına çəkmişdi.Otaqların tavanı belə,güllələrdən öz nəsibini almışdı…

Mayor Stepan Uvarov və Leytenant Şota Maharadzenin savaşın ilk günü Qəndahar ziyarəti səbəbsiz deyildi. Əfqanıstan missiyasının tərkibində Qəndaharda məxfi xidmətdə olan kapitanlar İqor Raçkov və Denis Arşavinin qəflətən yoxa çıxması “Qızıl Meydan-33” əlahiddə əməliyyat qrupunun rəhbəri Vitali Kramorenkonu çox əndişələndirmişdi.O,bu məsələ ilə bağlı,xüsusi olaraq missiya rəhbəri Mayor Uvarova tapşırıqlar vermişdi.Belə bir kritik zamanda vəziyyətə nəzarət etmək,meydana çıxan gözlənilməz problemləri həll etmək heç də asn iş deyildi.Mayor Uvarov yaxşı bilirdi ki,təcrübəli rus çekistləri hər həmlədə yaxa ələ verməzlər.Mərkəzin narahatlığı və gərginliyi başa düşülən idi.Uvarov mövcud vəziyyətdə,ən optimal yol kimi yerlilərin dəstəyini ümid edirdi.Buna görə də o,Qureyşiyə pənah gətirmişdi. Atlar tabor binasının qarşısında dayandı.Qapıda dayanan çiyni avtomatlı nəzarətçi cəld yaxınlaşıb atın yüyənini tutdu.Qureyşi atdan enib binaya daxil oldu.Tabor rabitəçisi də,onunla birlikdə komandir otağına keçdi.Mayor Uvarov və Maharadze əyləşdikləri yerdən ayağa qalxıb görüşdülər.Tərcümə işini rabitəçi Mümtaz aparmağa başladı.O,rusca danışmağı yaxşı bacarırdı.Qureyşinin də,bir az rusca danışmaq bacarığı vardı.Lakin,bu cür vəziyyətlərdə əl-qol işarəsi ilə deyil,dillə tez anlaşma vacib idi.

-Komandir yardımınıza ehtiyacımız olduğu üçün buradayıq.

-Nə kimi yardım?

-Aradığımız iki nəfər var,bizə yaxın olan adamlar.

- Bizim kəşfiyyatımızın əldə etdiyi məlumata görə, terrorçuların Sələfli həbsxanasında saxladığı xeyli sayda əcnəbilər var.

-Sələfli həbsxanası?

-Hə,Qəndahara yaxın olan bir qəsəbədir.Sabahkı hədəflərimizdən biri də oradır.Hələlik,həmin yerə havadan hücum olmayacaq.Sələfli istiqamətində yerüstü əməliyyatlar olacaq.Dua edin ki,sizin aradığınız adamlar da,orada olsun.

-Etiraz etməsəniz, burada qalıb sabahkı hücumda yanınızda olmaq istərdik?

-Neynək,10 il qarşımızda oldunuz,bir az da yanımızda durun.

Qureyşinin yarızarafat,yarıciddi dediyi söz tam yerinə oturdu.Mayor Uvarov,bu qəhraman əfqan övladının dediyi doğru və gerçək olan bir cümlə qarşısında başqa nə deyə,nə söyləyə bilərdi ki?


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+27=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0411 saniye