Sələfli qəsəbəsi-Qəndəhar.8 oktyabr 2001-ci il.
Hüseyn Qureyşinin başçılığı altında Qəndəhar taboru sabah əzanından sonra Sələfli qəsəbəsinə doğru terrorçular üzərinə hücuma keçdi.Ötən gecə hazırlanan hücum planına uyğun olaraq tabor iki istiqamət üzrə hərəkət edirdi.Anti-terror koalisiya qüvvələri qəsəbəyə havadan hücum etməmək barədə məlumatlandırılmışdı.Terrorçular tərəfindən xeyli sayda əcnəbi vətəndaşların əsir alınaraq saxlanıldığı Sələfli yalnız yerüstü əməliyyatlar hesabına azad edilməli idi.Qəndəhar taborunun kəşfiyyatçıları tərəfindən əldə olunan məlumata görə Sələfli həbsxanasında yüzə yaxın,aralarında jurnalist və iş adamlarının da olduğu əcnəbi vətəndaşlar saxlanılırdı. Mayor Uvarov Qureyşinin əmrinə uyğun olaraq 2-ci bölüyə komandir təyin edilən rabitəçi Mümtazın yanında yer almışdı.Leytenant Maharadze isə,onunla birlikdə taborun tərkibində idi.Gənc Şotanın çevikliyi Qureyşini seçimində yanıltmamışdı.Sabah saatlarından başlanan döyüş günəşin qürub çağınadək davam etdi.Terrorçuların qəsəbənin girişindəki iki postu darmadağın edildi.Axşama doğru böyük itgilər hesabına Qəndahar taboru qəsəbənin içərisinə doğru irəliləməyə başladı.Qureyşi zəif ruscasına rəğmən Şotayla çox gözəl anlaşırdı.Taborun sonuncu hədəfi,Sələfli həbsxanasına çox az məsafə qalmışdı.Qureyşi Şotanı yanına çağırıb son tapşırıqlarını verməyə başladı:
-Beş-altı nəfər yanına al və sağ tərəfə doğru hərəkət edin.
Biz diqqətləri tam üzərimizə çəkənə kimi,siz 2-ci bölüklə birləşəcəksiz.Mümtaza de ki,atacağımız ilk mərmidən sonra hərəkətə keçilsin.Dediklərimi anlaya bildinmi?
-Aydındır komandir,başa düşdüm.
-O zaman yubanmayın,hərəkətə keçin.
Leytenant Maharadze Qureyşinin göstərişiylə beş nəfər döyüşçünü yanına alıb göstərilən istiqamətə doğru hərəkət etdi.Yenidən havada güllələrin rəqsi başladı.Təxminən beş-altı yüz metr məsafə qət edən Şota və onunla birlikdə olan döyüşçülər həbsxananın arxa tərəfində mövqe tutub,işarə gözləyən 2-ci bölüyün yanına çatdılar.Şota Hüseyn Qureyşinin tapşırıqlarını Mümtaza çatdırdı.Hamının əli tətikdə idi.Çox keçmədən həbsxana istiqamətinə yönələn mərmi səsi bölüyü hərəkətə keçirdi.Həbsxana ətrafında mövqe tutan terrorçular məruz qaldıqları qəfil hücum qarşısında tam çaş-baş qalmışdılar.Tabor komandiri Hüseyn Qureyşi könüllü təslim olan terrorçulara atəş açmamaq barədə göstəriş verdiyi üçün əllərini qaldırıb silahlarını yerə atanlara toxunulmadı.Axşam əzanının ardından Sələfli terrorçulardan azad edildi.Həbsxananın qapıları açıldı.Binanın daxilində yan-yana əllidən çox saxlanma otaqları vardı.İçəridəki qaranlıq,rütubət və ürək bulandıran qoxu dəhşətli bir mənzərə ortaya qoyurdu.Qureyşinin göstərişiylə qapılar açıldı,əsirlər bayıra çıxarıldı.Mayor Uvarov və leytenant Maharadzenin aradıqları məsləkdaşları İqor Raçkov və Denis Arşavin də,Qəndəhar taborunun şücaəti sayəsində azadlığa çıxan əcnəbi əsirlərin arasında idi.Bəzi əsirlər hələ də,nə baş verdiyini anlamır,qorxaq nəzərlərlə ətrafını süzür,bəziləri isə sevincini göz yaşlarıyla tamamlayırdı. Aralarında altı nəfər zənən xeylağı da vardı.Onlara köhnə əfqan qadın libasları geyindirimiş,başları isə kirli ipək şallarla bağlanmışdı.Əsir kişilərin hamısı eyni paltarda idi.Terrorçular bunu bilərəkdən edirdilər ki,əllərində olan əsirlər bir-birindən seçilməsinlər.Üzlərindəki saqqal əsirlərin xeyli zaman həbsə alındıqlarını və ağır şərtlər altında saxlanıldığını bariz şəkildə ortaya qoyurdu.
Qureyşi 2-ci bölüyün komandiri Mümtazı yanına çağırıb növbəti tapşırıqları verməyə başladı:
-Anti-terror koalisiya qüvvələri komandanlığını əməliyyatın yekunları barədə təcili məlumatlandırın.Şəhər mərkəzindəki texniki tağımımız yubanmadan yola çıxsınlar.
-Baş üstə!
-Neçə nəfər yaralı var?
-23-nəfər.
-Təcili tibb məntəqəsinə çatdırılsınlar.Tapşırıq verin,texniki tağım səhra maşınlarımızın hamısını qəsəbəyə sürsünlər.Azad edilənlərin sayını məlum etdinizmi?
-Bəli,64-nəfərdir.
-Onların şəhər mərkəzinə aparılmasına şəxsən nəzarət edərsən.Hələlik,onları Alizay əşirətinin qonaq evinə yerləşdirin.Cihan dədəyə söylə ki,əllərindən nə gəlirsə əsigəməsinlər.Mümtaz,nə ehtiyacları varsa təmin edin. Aydın oldumu?
-Aydındır!
-Mayor Uvarovu özünlə götür.Qoy,həm öz əməkdaşlarının yanında olsun,həm də sənə yardım etsin.
-Bəs,o biri rusu nə edək?
-O,rus deyil.
-Necə,anlamadım?
-Bu haqda sonra,Mümtaz,indi bunları anlatmağın sırası deyil,yubanmadan verdiyim tapşırıqların icrasına başlayın.
-Oldu!
Qəsəbəyə gələn səhra maşınları ilə yaralılar və əsirlikdən xilas edilən əcnəbilər şəhər mərkəzinə yola salındı. Qureyşi əlliyə yaxın adamla Sələflidə qaldı.Əsir alınmış terrorçular,onun əmri ilə azad edilən əcnəbi əsirlərin boşaltdığı həbsxanaya salındı.Taborda olan 20 nəfər döyüşçü cəsədlərin dəfn edilməsi üçün ayrıldı.Qəsəbədə terrorçular tərəfindən viran edilən evlərin yoxlanılmasına başlandı.Leytenant Maharadzenin başçılığı ilə 7 nəfərlik kiçik bir tağım gecə saatlarınadək Sələflinin hər tərəfini nəzarətdən keçirdilər.Qəndəhar taboru üçün gün çox ağır keçmişdi.Hamı çox yorgun idi.Qureyşi həbsxanaya nəzarətçilər təyin etdikdən sonra taboru bir araya toplayıb yeni tapşırıqlar verməyə başladı:
-Ocaq qalayın,şəhərdən gətirilən ərzaqla şam yeməyi hazırlayıb qarnınızı doyurun,həbsxana və giriş-çıxışa nəzarət üçün təyin etdiyimiz döyüşçülərimizi növbəli qaydada əvəzləyin ki,onlarda bir az dincəlsinlər.
Qureyşinin göstərişlərinə uyğun olaraq tabor fəaliyyətə keçdi.Qəsəbənin bir zamanlar tibb məntəqəsi olan dağılmış binanın qarşısında ocaqlar qalandı.Taborun 5-6 döyüşçüsü şam yeməyi hazırlamağa başladı.Bəziləri,o qədər yorulmuşdu ki,hərəsi bir tərəfə çəkilib yatmaq üçün özlərinə yer düzəltməyə başladı.Qureyşi də çox yorgun idi.O,ağır addımlarla döyüşçülərinin qaladığı ocağın yanına yaxınlaşib bardaş quraraq yerə oturdu.
-Leytenant, yaxın gəlin-deyə,Qureyşi Şotanı yanına çağırdı.
Şota,tabor komandirinin çağırışı üzrə ona yaxınlaşıb yanında əyləşdi.Qureyşi kimi bardaş qurub əyləşə bilməsə də,dizlərini qatlayıb baldırları üstünə birtəhər otura bildi.Qureyşi rusiyalı “qonağının”oturuşunu ötəri süzüb sözünə davam etməyə başladı;
-Siz də,bu gün çox yoruldunuz,az sonra uşaqlar yemək hazır edərlər,yemək yeyib bir az dincələrsiz.
-Mənə görə heç narahat olmayın komandir.
-Qəndəharlılar qonaqlarını başlarının üstündə tutarlar.Bizlər üçün dinindən,dilindən,irqindən asılı olmayaraq qonaq Allahın əmanəti kimi qəbul edilir.Yetər ki,niyyəti saf,məramı xoş olsun.
-Zatən biz,bu sadaladıqlarınızın şahidi olduq.Göstərdiyiniz yardımlardan dolayı,sizlərə təşəkkür edirəm komandir.
-Diqqətinizə görə mütəşəkkirəm.İnşallah,sizi və xilas olan əsir əcnəbiləri sağ-salamat paytaxtda yola salmağa da nail olaraq.
-Sabahkı günə planınız nədir komandir?
-Hələ ki,elə bir hədəfimiz yoxdur.Mövcud vəziyyətdə yalnız Kabildən aldığımız tapşırıqlar əsasında hərəkət edəcəyik. Mənə belə gəlir ki,bu gün əsir aldığımız terrorçuların qurtuluşu üçün silahdaşları Sələfliyə həmlə edəcəklər.Sabah olmasa da,o biri gün,daha sonrakı gün,bu baş verəcək.Buna görə də,bir an öncə əsir terrorçuları başqa yerə aparmalıyıq. Onları güllənin qabağına qoyub məhv etsək,bizim onalrdan nə fərqimiz olar ki?
-Haqlısız komandir, fikirlərinizlə tam şərikəm.
-Onların cəzalarını yeni quracağımız ədalət məhkəmələrinin hakimləri kəsəcək.Nə isə,hələ çox çözüləsi dərdləri var,bu məmləkətin.Deyəsən,uşaqlar yemək hazırladılar,qalxın gedək bir-iki loxma çörək yeyək.
50 yaşlı tabor komandiri və 23 yaşlı leytenant ayağa qalxıb döyüşçülərin açdığı səhra süfrəsinə doğru addımladılar. Leytenant Şota Maharadze hələ bilmirdi ki,yan-yana getdiyi,bu boylu-buxunlu,cəsur simalı tabor komandiri 17-il əvvəl,elə bu Vilayətdə həlak olan atsı Nodar Maharadzenin cəsədinin puştun dəstələrindən alınaraq sovet kəşfiyyatına təhvil verilməsində böyük əməyi olub.Hüseyn Qureyşi də, yanında addımlayan,bu,gürcü əsilli rus kəşfiyyatçısının Nodar Maharadzenin oğlu olmasından xəbərsiz idi.17-il öncə ata Maharadzenin nəşini xilas edən Qureyşi,bu dəfə oğul Maharadzenin yardımına yetişmişdi…